Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodundan – REPORTAJ

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodundan – REPORTAJ

Bakı şəhərinin ekoloji problemlərinin həlli istiqamətində son illər həyata keçirilən ən böyük layihələrdən biri də şübhəsiz ki, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun tikintisidir. Zavodun fəaliyyətə başlaması ilə bir vaxtlar Abşeron yarımadası üçün fəlakət mənbəyinə çevrilən paytaxtın ən böyük zibilliyi – Balaxanı zibilliyi tarixə gömülüb. Artıq neçə ildir ki, paytaxtdan toplanan zibillər Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda çeşidlənir, təkrar emal edilir. Bəs zibillər necə və hansı üsullarla çeşidlənir, hansı formada təkrar emala göndərilir? Bütün bunları gözümüzlə görmək üçün zavoda yollandıq.

 

Gündə 350 ton zibil çeşidlənir

 

2012-ci ildən fəaliyyətə başlayan zavod il ərzində 200 min ton zibili çeşidləmə gücünə malikdir. Gün ərzində isə təxminən 300-350 ton zibil zavoda daxil olur. Zavod ərazisinə daxil olan yük avtomobilləri əvvəlcə girişdə quraşdırılmış xüsusi tərəziyə çıxarılır. Hər avtomobilin zibillə birlikdə çəkisi qeyd olunduqdan sonra zibilləri boşaldır. Qayıdarkən boş maşın çəkilir və beləliklə zavoda daxil olan zibilin çəkisi müəyyən olunur.

Zavodun fəaliyyətinə 30-dan çox kamera vasitəsilə nəzarət olunur. Prosesi müşahidə etmək üçün zavodun aktiv iş gedən hissəsinə daxil oluruq. Əlbəttə, təhlükəsizlik jileti, respirator və kaskanı geyindikdən sonra. Çünki bunlarsız iş prosesini müşahidə etmək təhlükəlidir.

Bizi zavodun işi ilə tanış edən Təmiz Şəhər ASC-nin mətbuat xidmətinin əməkdaşı Elmar Məlikovdan öyrənirik ki, maşınlar tullantıları boşaldandan sonra yerdə toplanan zibillər texnika vasitəsilə birinci konveyerə atılır. “Burada çeşidlənməyə tam yararsız olan materiallar ayrılır. Buradan zibillər xüsusi barabana keçir. Barabanın 8 sm ölçüsündə deşiklərindən çeşidlənməyə yararsız tullantılar keçərək aşağıdakı qutuya tökülür. Fırlanan zibillər həm də hava ilə qurudulur. Bu isə həm də çeşidləyicilərin işini asanlaşdırır”, – deyə E. Məlikov bildirir.

Bu barabanın işi yay aylarında çeşidləyicilərin çox köməyinə gəlir. Belə ki, yayda, xüsusən də qarpız mövsümündə atılan tullantılar yaş olduğundan, çeşidləməyə problem yaradır. Zibil emalının növbəti mərhələsi maqnit separatoru ilə bağlıdır. Burada tullantıların arasında olan dəmir qırıntılar, kəsici hissələr ayrılır.

 

Çörəyi zibildən çıxan 120 çeşidləyici

 

Bundan sonrakı mərhələdə əsas çeşidləmə aparılır. Şüşə və alüminium qablar, karton, sellofanlar və s ayrılır. Zavodun direktor müavini Ramiz İmanovun sözlərinə görə, bu mərhələyə qədər proses avtomatlaşdırılsa da, zavodda əsas çeşidlənmə prosesi əllə aparılır.

“Zavodda ümumilikdə 150 nəfər çalışır. Amma onlardan 120 nəfəri çeşidləyicilərdir.  Çeşidləyicilərin işindən başqa hər şey avtomatikdir və kompüter vasitəsilə idarə olunur. Hər bir çeşidləyicinin də öz işi var. Məsələn, bəzi işçilər ancaq karton və kağız parçalarını, bəziləri şüşə qabları, digərləri isə sellofan torbaları toplayır. Çeşidləmə otağında qoyulan xüsusi monitora isə operator nəzarət edir. O, bilir ki, hansı konveyeri tez işlətmək, hansının  sürətini salmaq lazımdır”, – deyə R. İmanov izah edir.

Gərgin iş getdiyindən çeşidləyicilərlə söhbətləşmək imkanımız olmur. Heç məvaciblərini də soruşa bilmirik. Əlbəttə, bu işdən zövq aldıqlarını düşünməsək də, onların əksəriyyətinin əvvəllər Balaxanı zibilliyində zibil toplayanlar olduqlarını öyrənirik. İndi onlar natəmiz şəraitdə deyil, daha təhlükəsiz şəraitdə əvvəlki işləri ilə məşğuldur.

 

Zibildən alınan elektrik enerjisi-300 min əhaliyə bəs edər…

 

Növbəti mərhələ isə çeşidlənmiş tullantıların konveyerdən götürülərək preslənməsi ilə bağlıdır. Xüsusi texnika vasitəsilə sıxılaraq dördbucaq formasına salınan rəngbərəng tullantılar isə təkrar emala göndərilir. Elə burada öyrənirik ki, təkrar emal ilə məşğul olan sənaye şirkətlərinin xammal təchizatçıları tapması üçün Təkrar Emal Birjası – elektron portal yaradılıb.

Hər hansı bir müəssisə və ya şəxs üçün lazımsız  hesab edilən təkrar emala yararlı tullantılar təkrar emal sənayeləri üçün qiymətli xammaldır. Bu tullantılara ehtiyac duyan alıcıya təqdim edilir. Portalda həm alıcı, həm satıcı qeydiyyatdan keçib alış-veriş edə bilir.

Çeşidlənməyə yararsız olan zibillər isə ayrılaraq yandırılma zavoduna gedir. Bu zaman tullantıların həcmi 10 dəfə azaldılır. Zavodun işləmə gücü isə ildə 500 min ton tullantı yandırmaq gücünə malikdir. Həm də zibil yandırılarkən elektrik enerjisi əldə olunur. Məsələn, ötən il ərzində 183 milyon kilovat/saat elektrik enerjisi əldə olunub ki, bunun 30 milyon kilovat/saatı zavodun daxili ehtiyaclarına sərf olunub. Yəni zavod heç yerdən elektrik enerjisi almır. Yerdə qalan 155 milyon kilovat/saat enerji isə əhaliyə ötürülür. Bu enerji 300 min nəfər əhalisi olan bir şəhərin tam olaraq elektrik enerjisi ilə təmin olunması mümkündür.

 

Qumbara, qəpik, diplom…

 

Zavodda tullantılar arasından çıxan qədim əşyalar, suvenirlərdən ibarət xüsusi guşə də yaradılıb. Burada zinət əşyalarından tutmuş qab-qacağa qədər müxtəlif əşyalara rast gəldik. Ən diqqət çəkən məqamlardan biri də tullantılar arasından çıxan diplomlardır. Onların təsadüfən tullantıya qarışdığını və ya bilərəkdən atıldığını bilməsək də, tapılan sənədlərin Bakı şəhər BPİ-nin tapıntılar bölməsinə təhvil verildiyini öyrənirik. Polisə təhvil verilən tullantılar arasında silah-sursat da var. Qumbara, mərmi, avtomat darağı, güllə…

Zavodun işinin daha bir müsbət, hətta xeyirxah tərəfi. Məlum olur ki, paytaxt sakinlərinin üzərlərində gəzdirməyi özlərinə sığışdırmayıb hər il zibil yeşiyinə atdıqları on kiloqramlarla xırda pullar-1, 3 və ya 5 qəpikliklər zavodda toplanır. Sonra həmin pullara ki, uşaq evlərinə hədiyyələr alınır. Nəticədə həm xırda qəpiklər dövriyyəyə qaytarılır, həm də xeyriyyə işi görülür.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın