Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bakıya səs salan pulsuz mağazadan – Reportaj

Bakıya səs salan pulsuz mağazadan – Reportaj

Şüvəlan qəsəbəsində “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as” adlı xeyriyyə məqsədi ilə açılan mağaza elə ilk gündən sosial şəbəkə istifadəçilər tərəfindən maraqla qarşılanıb.

“Qafqazinfo”nun əməkdaşları da sözügedən mağazaya baş çəkib, oradakı vəziyyətlə yaxından tanış olub.

Şahidi olduq ki, daha çox xarici ölkələrdə görməyə alışdığımız bu kimi aksiyaların ölkəmizdə baş tutması qəsəbə sakinləri tərəfindən müsbət qarşılanıb. Təşkilatçılardan biri olan Sərxan Quliyevbu xeyriyyə aksiyasını 1 ay əvvəldən planlaşdırdıqlarını, az vaxt ərzində böyük marağa səbəb olduğunu deyib:

“1 ay əvvəl belə bir ideya ağlımıza gəldi, əvvəlcə dost-tanışa deyib fikrini öyrəndik. Hamı maraqla qarşıladı, biz də təşkil etmək qərarını aldıq. Mağaza dünən açılsa da, xeyli sayda zənglər gəlir, maraqlananlar var. Bu yerin sahibi də aksiyamıza dəstək olmaq üçün bizdən pul almır. Növbələşib insanlara nəzarət edirik ki, hər hansı bir anlaşılmazlıq olmasın”.

S. Quliyevin sözlərinə görə, o aksiya barəsində sosial şəbəkədə yazıb və məlumat bundan sonra yayılıb, KİV nümayəndələri, mağaza sahibləri maraqlanıb. Hətta bəzi mağazalar əllərində olan malın bir hissəsini xeyriyyə məqsədi ilə onlara verib. Bunu da təşkilatçı qutuların üstündəki qiymətləri soruşduğumuz zaman dedi:

“Özünüz görürsüz, mağazalardan göndərilən malların bəzilərinin qiymətlərini çıxarmışıq, bəziləri üstündə qalıb. Təptəzədi. Ehtiyacı olan gəlir, götürür. Kimin nəyi varsa, yuyur, ütüləyir gətirib asır. Mağazamız günorta 2-dən axşam 5-ə kimi açıq olur. Burada gördüyünüz hər kəs bir işlə məşğuldur, bir az vaxt tapdıqca gəlir, mağazada insanlara kömək edir”.

Düzü, mağazada olduğumuz vaxt nəsə asan görməsək də, paltarlara maraq böyük idi. Hətta iri paketlərlə pal-paltar, sumka, ayaqqabı aparanlar da az olmadı. Digər bir təşkilatçı Elçin Əlizadəbildirdi ki, paltarlar üçün hər hansı bir limit qoyulmayıb:

“İnsanlarımızın ehtiyacı var, kimə deyə bilərik ki, birini götürdün, ikincini götürmə. Deyirlər ki, evdə 4 uşaq var, onlar üçün paltar lazımdır. Mən necə əllərindən alım? Ancaq insan başqalarını da fikirləşməlidir. Taksi ilə gəlib burdan paltar aparan var, axı o taksiyə verdiyi pula paltar da ala bilər. Bu, Allah yolunda edilmiş bir ehsandır. Bizim borcumuz təşkil etməkdir, daha kim necə istifadə edər, o, onun bildiyi işdir”.

Reportaj əsnasında özünü “kəndxuda” deyə təqdim edən icra nümayəndəsi ilə təşkilatçılar arasında kiçik bir anlaşılmazlığın da şahidi olduq. Qəsəbədəki bu kimi xeyriyyə aksiyaları barədə onlara xəbər verilməli olduğunu bildirən icra nümayəndəsi sonradan təşəbbüsü alqışladığını söylədi:


“Mənə zəng vururlar ki, qəsəbədə belə bir şey var. Burada ola-ola açıb saytlardan oxuyuram. Axı bir bizim də xəbərimiz olmalıdır. Biz də öz yardımımızı edərik. Evdə ehtiyacımız olmayan nə varsa, yuduzdurub, ütülədib mağazaya gətirərəm”.

Təşkilatçılar xeyriyyə aksiyasını bununla bitirməyəcək. Onların növbəti məqsədi digər kənd və qəsəbələrdə də bu kimi kampaniyalar təşkil etməkdir. Gələcəkdə ehtiyacı olan ailələr kompüter sistemi vasitəsilə müəyyən ediləcək. Təşkilatçılar ehtiyacı olan hər kəsi mağazalarına dəvət edir, ehtiyacı olmayan insanların, mağaza sahiblərinin isə bu aksiyaya dəstək olacağına inanırlar.
Biz də “Qafqazinfo” olaraq aksiyaya qoşulduq və istifadə etmədiyimiz geyimi ehtiyacı olanlar üçün mağazada asdıq.

Ehtiyacı olan və yardım etmək istəyənlər bu ünvana müraciət etsinlər: Şüvəlan qəsəbəsi, Nizami küçəsi. Tel:0709000806

 

Bakıya səs salan pulsuz mağazadan  -  Reportaj
Bakıya səs salan pulsuz mağazadan  -  Reportaj
Bakıya səs salan pulsuz mağazadan  -  Reportaj
Bakıya səs salan pulsuz mağazadan  -  Reportaj
Bakıya səs salan pulsuz mağazadan  -  Reportaj
Bakıya səs salan pulsuz mağazadan  -  Reportaj
Bakıya səs salan pulsuz mağazadan  -  Reportaj

 

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın