Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bakının uzun bulvarı, dənizdən gələn üfunəti…

Bakının uzun bulvarı, dənizdən gələn üfunəti…

Bakının tozlu-torpaqlı havasından, boz məhəllələrindən,  bürküdən və yandırıcı istidən bir az uzaqlaşıb istirahət etmək istəyən paytaxt sakinlərinin ən çox üz tutduqları məkanlardan biri də Dənirkənarı Park, yaxud bulvardır.

Hazırda dünyanın ən böyük bulvarlarından olan Dənizkənarı Parkda istirahət etmək üçün hər cür şərait var. Son illər bulvar həm uzanıb, həm gözəlləşib. Ancaq “hər gözəlin bir eybi var” zərb-məsəli deyəsən Bakı bulvarı üçün də keçərlidir. Burada istirahət edənlərin əhvalını dənizdən əsən Xəzri mehində daha çox hiss olunan kəskin üfunət iyi korlayır. Bu, Bakı buxtasının hədsiz çirklənmiş suyunun üfunətidir.

Bakı buxtasının hədsiz çirklənməsi yeni problem deyil, uzun illərdir ki, mövcuddur. Və buxtanın sularının təmizlənməsi sahəsində son illər işlər görülsə də hələlik bu ekoloji problem tam aradan qaldırmaq mümkün olmayıb.

 

“Bulvar-1” gəmisi Baxı buxtasından 15 ton mazut, 1000 ton taxta-şalban yığıb

Buxtanın təmizlənməsi üçün 6 il əvvəl Dövlət Neft Şirkətinin“Bulvar 1” gəmisi ayrılıb. Hər gün səhərdən axşam saatlarınadək sahil zonasında suyun təmizlənməsi ilə məşğul olan gəmi indiyə qədər tonlarla zir-zibil toplayıb. Amma suyu tamamilə təmizləmək üçün bəlkə də, on illər tələb olunur. Təmizləmə prosesini öz gözlərimizlə görmək istəsək də, nədənsə rəhbərlik icazə vermədi. Yalnız “Bulvar 1” gəmisinin kaptanı Yavər Məhiyevdən onu öyrənə bildik ki, sahil sularının hazırkı vəziyyətə gəlməsində, yəni nisbətən də olsa təmizlənməsində bu gəminin rolu böyükdür:

“2010-cu ilin oktyabr ayından Bakı buxtasında gəmi işləyir. Külək olmayan günlərdə səhər saat 8-dən axşam saat 17-18:00-a qədər işləyirik. Küləkli günlərdə işə çıxa bilmirik, çünki gəmi balacadır və asanlıqla çevrilə bilər. Fəaliyyətə başladığımız gündən buyana 6 il ərzində 15 tondan artıq çirkab su, mazut yığılıb. Suyun üzündə olan kağız, zibil, taxta-şalbanın miqdarı isə min tondan artıqdır”.

“Bulvar 1” gəmisinin işi ilə tanışlığımız baş tutmadığından Bakı buxtasının sularının nə dərəcədə təmizləndiyini sahil boyu müşahidə aparmaqla ayrıd etməyə çalışdıq.

Təəcüblü mənzərə-sahilə lap yaxın balıq sürüləri…

Həqiqətən də, əvvəlki illərlə müqayisədə indi üfunət və kəskin qoxu azalıb, ola bilsin küləyin istiqaməti başqa olduğundan bu iyi bulvarda o qədər də hiss etmirik. Ən çox diqqətimiz çəkən isə lap sahilə yaxın sularda qaynaşan balıqlar və suyun üzündəki neft qabarcıqları  oldu. Bakı buxtasının sularında bu qədər balıq, özü də çoxu iri balıqlar, hardandır? Bu balıq sürüləri hər cür zir-zibilin atıldığı sularda qaynaşır…

Ekoloq Əzizağa Hümbətəliyevin virtualaz.org-a bildirdiyinə görə, buxtanın çirkli olması ciddi ekoloji problemdir, çünki paytaxtın kanalizasiya sularının bir qismi uzun müddət ora axıdılıb.

“Xəzər dənizində çirklənmənin səviyyəsi yuxarıdır. Dənizdə neft çıxararkən neftlə bərabər su da çıxır. Texnoloji əsaslara görə həmin su qaytarılaraq layın özünə vurulmalıdır. Amma təəssüf ki, bizdə bu proses normal həyata keçirilmir və həmin su dənizə axıdılır. Bu da dənizin çirklənməsinə, suyun üzündə neft tullantılarının yığılmasına səbəb olur”-ekoloq deyir.

 

“Balıqlar kanalizasiya sularında yem axtarır”

Ekoloq hesab edir ki, suyun hava və torpaqdan fərqli olaraq özünü təmizləmək imkanı var. Suya diqqət yetirilsə, o, qısa müddət ərzində özü özünü təmizləyər. Təəssüf ki, təmizlənmə istənilən səviyyədə həyata keçirilmədiyindən həmin ərazidə çirklənmə normadan yüz dəfə artıqdır.

Bəs Bakı buxtasının suları bu qədər çirkli olduğu halda orada qaynaşan balıq sürüsü nədir? Ekoloq deyir ki, sahil sularında balıqların ən çox yığıldıqları yerlər kanalizasiya xətlərinin töküldüyü yerlərdir. Sən demə balıqlar bura yem üçün gəlirlər…

 

Nazirlik: “Sultan burnunda çirklənmə normadan xeyli artıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərovun virtualaz.org-a bildirdiyinə görə, Xəzərin Azərbaycan sektorunda bütün sahil boyu 268 axar axıdılır. Nazirlik həmin axarlardan və digər ərazilərdən nümunələr götürərək təhlillər aparır və onların kəmiyyət və keyfiyyət göstəricilərini hesablayır. Fiziki-kimyəvi, ekotoksikoloji və digər təhlillər aparılır. Məqsəd çirklənmə səviyyəsini bilmək üçün dinamikanı müəyyənləşdirməkdir:

“Bakı buxtasının uzunluğu 22 km-dir. Amma onu da deyim ki, buxtanın müxtəlif yerlərindən götürülən nümunələrin nəticələri fərqlidir. Hərəsində bir cür çirklənmə var. Buxtanın 2 əsas çirklənmə səbəbi var: buxta istiqamətində istiqamətlənmiş axarlar, sahildən axıdılan tullantı sular və əlverşsiz meteroloji şəraitdə müxtəlif mənbələrdən buxtaya gətirilən zir-zibil.Bura buruqlardan sızan neft tullantıları da daxildir”.

M. Qəmbərovun sözlərinə görə, 5 il əvvəlki dövrlə  müqayisə etsək görərik ki, buxtaya axıdılan çirkab suların qarşısı bir xeyli alınıb. Atılan tullantıların, həm də neft tullantılarının miqdarı da əvvəlki dövrlə müqayisədə azalıb. Amma xüsusən Sultanburnu istiqamətindən şəhərə doğru hələ də tullantı suları Xəzərə axıdılır.

Sözsüz ki, həmin axıdılma yerlərində çirklənmə səviyyəsi digər yerlərlə müqayisədə daha yüksəkdir.

“Buxtanın çirklənməsinin qarşısının alınması üçün dövlət qurumu Azərsu ASC-dir. Həm su təchizatı, həm də tullantı sularının idarəsi ilə məğul olan bu təşkilat “Park Bulvar” istiqamətində müəyyən işlər görülüb, kanalizasiya şəbəkəsi təkmilləşdirilib. Yağış kollektorları üçün nəzərdə tutulan tullantı suları kollektorla Zığa götürülür və  Zığ stansiyasından da Hövsan stansiyasına vurulur. Müəyyən işlər görülsə də görülməli işlər var”-müsahibimiz deyir.

 

Buxtaya kanalizasiya suları axıdılmır?

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı dənizə çirkab suların axıdılmasını təsdiq etsə də, bildirir ki, buxtaya hazırda kanalizasiya sularının tökülməsinin qarşısı alınıb. Onun sözlərinə görə, Bakı bux­tasına axı­dı­lan çir­kab su­la­rın qar­şı­sı­nın tam alın­ma­sı üçün 14 km uzunlu­ğun­da Ba­yıl-Bi­bi­hey­bət-Lök­ba­tan ka­na­lizasi­ya kollektoru tikilib. Axıntılar Əl Oyunları İdman Sarayından başlayan və Zığa qədər davam edən nasoslarla Hövsana vurulur. Sahildəki bütün axıntılar da həmin kollektora yönəldilib. O sular isə Hövsanda təmizlənəndən sonra zərəsizləşdirilir, xlorlanır və yenidən Xəzərə axıdılır.

A.Cəbrayıllının sözlərinə görə, Bakıda çirkab suların təmizlənməsi üçün ən böyük Aerasiya Stansiyası Hövsandadır. Bakının çirkab sularının yarıdan çoxu ora yönəldilir. Bundan başqa, Sumqayıtda, Buzovnada, Şüvəlanda,Sahil qəsəbəsində lokal sutəmizləyicilər inşa olunub. Bir ay əvvəl Pirşağıda yeni su təmizləyici qurğunun tikintisinə başlanılıb. Amma bununla belə Xəzərə digər istiqamətlərdən çirkab sular hələ də tökülür:

“Lökbatan çirkab suları, Bakı ətrafı qəsəbələrdə, o cümlədən, Türkanda , Pirşağıda, Maştağa – Nardaran baş massivlərində, Ələt qəsəbəsində, Səngəçal və Qobustanda çirkab sular təmizlənmədən dənizə axıdırlır. Corat-Novxanı istiqamətində yeni kollektor tikdik və çirklənmənin qarşısını aldıq.Bulvar ərazisində kanalizasiya sularının axmasının qarşısı Bibiheybətə qədər tamamilə alınıb”.

A.Cəbrayıllı əmin edir ki, gələcəkdə dənizə ümumiyyətlə, çirkab su axıdılmayacaq. “Bizim master-planımız var, gələcəkdə daha 11 çirkab su təmizləyici qurğunun tikintisi və ya yenidən qurulması nəzərdə tutulub. Bu layihə çərçivəsində Abşeron yarımadasında – Ələtdən başlamış Sumqayıta qədər bütün çirkab sularının qarşısı tam alınacaq”-“Azərsu” rəsmisi bizi əmin edir…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın