Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Bakının uğursuz biznes növü: Vendinq aparatları sahibsiz qalıb – FOTOLAR

Bakının uğursuz biznes növü: Vendinq aparatları sahibsiz qalıb – FOTOLAR

Təxminən bir ildən çoxdur ki, paytaxt Bakının müxtəlif yerlərində yeni aparatlar quraşdırıldı. Bu aparatlar vasitəsi ilə avtomatlaşdırılmış ticarət həyata keçirildi. 
Məqsəd Bakıda bu aparatlar vasitəsilə müasir biznes növü olan vendinq-biznesi həyata keçirmək idi.
Vendinq avtomatlar vasitəsilə ticarət etmək deməkdir. Avtomatlaşdırılmış sistemlər vasitəsilə (ticarət avtomatları) məhsul və xidmətlərin satılması əməliyyatlarıdır. Dünyanın inkişaf etmiş ölkələrində vendinq rahat ticarət aparmaq məqsədi ilə geniş yayılıb. Yüksək xərc tələbi olmayan bu ticarət növü Yaponiya, Almaniya, ABŞ kimi ölkələrdə geniş yayılıb.
Bakıda da vendinq biznesə ara-sıra rast gəlmək olur. Əsasən aeroportda, özəl şirkətlərdə bu xidmətlərdən istifadə olunur. Bakıda yeraltı keçidlərdə vendinq biznesinin həyata keçirilməsi məqsədi ilə də aparatlar quraşdırıldı. Bu aparatlarda sərinləşdirici içkilər, şirniyyatlar satılmağa başlandı. Lakin ticarətin bu növü Bakıda heç də uğurlu alınmadı. Hazırda bu aparatlar işləmir və sahibsiz şəkildə quraşdırıldıqları yerlərdə qalıb.
Bu aparatlara “İçərişəhər” metrostansiyasının qarşısındakı yeraltı piyada keçidində, Füzuli meydanındakı yeraltı keçiddə və başqa bir neçə yerdə rast gəlmək olar. Bu aparatlar artıq uzun zamandır ki, istifadə olunmur. Aparatların işləməməsinin səbəbləri də var.
Əvvəlcə onu qeyd edək ki, bu aparatların quraşdırıldığı keçidlərin demək olar ki, bütün çıxışlarında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yeni köşklər quraşdırılıb. Bu köşklərdə indi sahibsiz qalan aparatların təklif etdiyi məhsulların hamısı və daha da artıq çeşidləri satılır.
Başqa bir səbəb isə aparatların işləməməsinə səbəb paytaxt sakinlərinin bu xidmətə maraq göstərməməsidir. Çünki bu aparatlardan istifadənin müəyyən çətinlikləri olur. Həm xırda pul məsələsində müştərilər əziyyət çəkirlər, Həm də bəzən aparatlar qalıq pulu düzgün qaytarmır.
Lakin dünya ölkələrində vendinq biznesi geniş inkişaf edib. Bu aparatlar vasitəsilə isti və sərinləşdirici içkilər, siqaret və müxtəlif məhsulların satışı həyata keçirilir.
Əslində bu biznes növü gəlirlidir və risk də tələb etmir. Əgər avtomat uğursuz yerdə quraşdırılarsa və  müştəri qıtlığı yaranarsa, onu başqa yerə aparmaq çox asandır. Bu zaman da heç bir əlavə xərcə ehtiyac olmur.
Hazırda Bakıda vendinq biznesin ən geniş yayılmış növü qəhvə, çay, kofe avtomatlarının quraşdırılmasıdır. Bu başqa ticarət avtomatları ilə müqayisədə ən gəlirli biznesdir. Və özəl şirkətlərdə, aeroportlarda, avtovağzallarda, dəmiryolu vağzallarında, ümumiyyətlə, böyük müştəri axını olan ofislərdə quraşdırılır.
Bu gün dünyada vendinq biznesi milyardlarla ölçülən dövriyyəyə malikdir. Yaponiya, Cənubi Koreya kimi ölkələrdə hər 30 nəfərə 1 satış avtomatı düşür. Vendinq biznesi üzrə dünya lideri Yaponiyadır. Bu ölkədə əhali sayı 125 milyondan artıq olduğu təqdirdə, burada 7 milyondan artıq avtomat istismar edilir.








Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın