Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakının üfunət, zibillik və çirkab mənzərələri… – REPORTAJ

Bakının üfunət, zibillik və çirkab mənzərələri… – REPORTAJ

Yağışlı günlər başlayanda Bakının çirkab göllərinin sahillərində məskunlaşanların da qara günləri başlayır. Çünki belə günlərdə həmin göllərdə suyun səviyyəsi artır, onsuz da rütubət, üfunət içərisində olan bu evlərin sakinləri çirkab sularının ağuşunda qalır. Bülbülə gölünün sahilində məskunlaşanlar da o cümlədən…

Bülbülə gölünün ətrafında  yaşayanların dərdi isə təkcə evlərin su altında qalması ilə bitmir. Illərlə daşınmayan zibil küçələrdən sel kimi axan yağış sularına qarışıb həyətə, oradan da evlərə dolur. Küçədən gələn üfunət iyindən nəfəs almaq mümkünsüzdür.

Bu gölün ərazisi xeyli genişdir, bir tərəfi Bakıxanov qəsəbəsinə, o biri tərəfi Yeni Ramanı qəsəbəsinə qədər gedib çatır. Bakıxanov istiqamətindən gölə yan almağa çalışırıq. Asfalt yol Aşıq Pəri küçəsindəki sonuncu villanın yanında bitir. Bundan sonra palçıqlı, darısqal yol başlayır. Üzüaşağı enib, sola dönürük. “Bu cür çox uzağa yedə bilməyəcəksiz. Ayağınıza rezin çəkmə geyin, palçıqda qalacaqsız”, – sakinlərdən biri çəkmə təklif edir. Maşının və təbii ki, həm də avtobusun girə bilmədiyi küçədə rezin çəkməsiz hərəkət etmək çətindir.

“Sabunu Rayon İcra Hakimiyyətinin nümayəndələri sonuncu dəfə 5 il əvvəl burda olublar. Onda da dedilər ki, yol çəkiləcək,  bataqlıqlar qurudulacaq. Hətta sonradan buralarda park salınması da vəd edilmişdi. Amma nə küçə təmir olundu, nə də gölün ətrafı təmizlənmədi”, – sakinlərdən biri Oqtay Əliyev deyir.

Sabunçu rayonunun Bakıxanov, Ramana qəsəbələrindən başlayaraq Suraxanı rayonunun Yeni Suraxanı və Əmircan qəsəbələrinə qədər böyük ərazini əhatə edən gölün ətrafında minlərlə fərdi yaşayış evi tikilib, bəzi evlərlə gölün arasında on metrdən də az məsafə var. Bir çox evlər hətta qamışlığın arasında görünməz olub.

Qeyd edək ki, ara-sıra kanalizasiya sularının gölə axıdılması, Bülbülə gölünün çirkləndirilməsi ilə bağlı mətbuatda tənqidi yazılar verilib. Lakin vəziyyət dəyişmir.

“8 ildir burda yaşayıram, hələ bir dəfə də olsa zibilin daşındığını görməmişəm. Sakinlərin imkanı olanda maşın tutub daşıtdırırlar. Burdan magistral yoladək heç yerdə zibil qutularına rast gələ bilməzsiz”, – Gülgəz Həsənova adlı sakin deyir. Onun sözlərinə görə, hər kəs zibilini evinin yaxınlığında topayır, sonra isə üstünü torpaqlayır. Amma çox zaman sahibsiz heyvanlar torpağı eşib tullantıları çıxarırlar.

Sakinlər məişət tullantılarının gölə atılmadığını desələr də, suyun üzündə uşaq pampersləri, butulka, gündəlik istifadə edilən ərzaq qalırları üzür. Gölün dörd bir ətrafında isə tullantılardan qayalıqlar əmələ gəlib.

Sakinlər onu da deyirlər ki, səhər çağı və gecələr sahibsiz heyvanların hücumuna məruz qalırlar. Ətrafdakı zibilliyə yığışan itlərin qorxusundan uşaqlar küçəyə çıxa bilmirlər.

“Axşam gələsiz, itlərin əlindən küçədən keçmək mümkün olmur. Neçə dəfə şikayət etmişik, heç kim tədbir görmür. Gərək əvvəlcə zibil daşınsın, ərazi təmizlənsin. Bütün sakinlər də bir deyil, çoxu zibili elə qapısının ağzında toplayır. Heyvan da natəmizliyə yığışır”, – bunu isə Nəbi adlı sakin söyləyir.

Sakinlər onu da deyirlər ki, yağış yağandan sonra zibilli, palçıqlı küçələri keçmək üçün bəzən rezin çəkmələr də köməyə gəlmir. “Uşaqları günlərlə məktəbə göndərə bilmirik,  tezdən 6-da yola çıxırıq ki, beş addımdakı məktəbə vaxtında çata bilək. Dəfələrlə müraciət etmişik, deyiblər ki, yol təmir olunmayanadək avtobus xətti açılmayacaq”, – sakinlərdən biri şikayətlənir.

Gölün yaxınlığından yüksək gərginlikli elektrik xəttləri keçir. Bəzi evlər nəinki bu xəttlərin yaxınlığında, hətta altında tikilib. Güclü külək və ya ildırım kiminsə həyatına son verə bilər. “Neçə illərdir kirayədə yaşayırdıq. Torpaq alıb ev tikərkən nə yola, nə gölə, nə də bu gərginliyə fikir verməmişik. Əsas ucuzluqdur, ucuz evlər isə yalnız belə yerlərdə satılır. Yoxsa ki, kim istəyər uşağı bu cür şəraitdə böyüsün. Uşaqlarımıza Allahın rəhmi gəlir, hələ ki, qəza filan olmayıb”, – Naibə adlı sakin əlavə edir.

Gölə yaxın daxma tipli evlərin əksəriyyətinin üzərində “satılır” elanları vurulub. Evin qiyməti ilə maraqlanırıq. “17 min manata satılır, işığı, qazı, suyu var. Hələ istəsən evinin bir addımlığında balıq ovuna çıxa bilərsiz”, – sakinlərdən biri zibilliyin içində çöməlib balıq gözləyən oğlanları göstərir…

Xatırladaq ki, Bakı Bakıətrafındakı çirkab göllərinin təmizlənməsi, qurudulması ilə bağlı xüsusi dövlət proqramı qəbul olunub. Bu proqram çərçivəsində bəzi göllər təmizlənsə də son illər işlər dayandırılıb. Bu kimi ekoloji problemlərin həlli ciddi vəsaitlər tələb edir… (Virtualaz.org )

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın