Ana səhifə / Media / Bakının toyxana “sənayesi”ndə böhran: müştərilər azalır, menyular kasadlaşır…

Bakının toyxana “sənayesi”ndə böhran: müştərilər azalır, menyular kasadlaşır…

Manatın devalvasiyası və digər iqtisadi amillər toyların sayında nisbi azalma ilə müşaiyət olunur. Bir vaxtlar Bakıda müşahidə olunan toy bumu indi səngiyib, sayı günü-gündən artan, paytaxtın hər yerini bürüyən dəbdəbəli şadlıq sarayları isə böhran yaşayır. Onlar müştərilərin azalmasından şikayətlənirlər. Hətta bəzi şadlıq sarayları böhrana dözməyərək fəaliyyətini dayandırıb. Bir tərəfdən də ərzaq qiymətlərinin artması şadlıq saraylarını qiymət artımı dilemması ilə üz-üzə qoyur: əgər qiymətlər ərzaq inflyasiyasına uyğun artsa o zaman müştərilərin sayı daha da azalmayacaqmı?

Belə ki, toy nəməri “tariflərində” hələlik artım yoxdur, hazırda bu “tariflər” 50 manatdan başlayır və bu səbəbdən toy edənlər (orta və kasıb təbəqə mənsubları) hər masa üçün qiymətlərin bu rəqəmdən aşağı olduğu şadlıq sarayları seçməyə çalışırlar ki, ziyana düşməsinlər…

Əslində toyun öz xərcini ödəməsi prinsipi Azərbaycanda niyə təşəkkül tapıb, bu ayrı məsələdir və azərbaycanlıların qədim toy adət-ənənələri ilə bu prinsip heç cür uyğunluq təşkil etmir. Virtualaz.org Bakının şadlıq saraylarında inflyasiyanın təsiri ilə qiymətlərin necə dəyişdiyini və bunun müştərilərin sayına necə təsir etdiyini araşdırmağa çalışıb.

Qiymətlərə görə Bakının ən münasib şadlıq saraylarından olan “Millenium”un inzibatçısı deyir ki, onlarda qiymət əvvəlki kimi aşağıdır, 27-28 manatdır. “Bizdə qiymətlər aşağıdır deyə gələnlər olur. Amma ümumi götürəndə müştərilərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Müştəri çox zəifdir, gələn yoxdur, demək olar ki, ziyana işləyirik. Qiymətləri necə qaldıraq, heç bu qiymətlə gələn yoxdur!? Əksinə, qiymətlər elə əvvəlki kimidir”-şadlıq sarayının Polad adlı inzibatçısı bildirir.

O deyir ki, aprel-may aylarına qədər müştəriləri var. Müştərilərlə danışıb beh aldıqlarına görə həmin vaxta qədər yəqin ki, qiymətlər dəyişməyəcək. Amma istisna deyil ki, yay aylarında qiymətlərə əl gəzdirsinlər.

 “Su sonası” şadlıq sarayında isə sakitlikdir. Şadlıq sarayında xırda təmir işləri aparan  məşğul olan işçilər deyirlər ki, ötən ilin yay aylarından bu yana demək olar ki, heç toyların intensiv olduğu vaxt olmayıb. İndi isə vəziyyət lap kritik həddə çatıb. Toyların azalması şadlıq sarayının işçilərinin də qazanclarının kəskin azalmasına səbəb olur.

“Heç toy var ki? Bir ayda 2 ya 3 toy olsa, sevinirik. Amma əvvəllər demək olar ki, hər gün toy olurdu. Qiymətləri də endirirlər, amma yenə də gələn yoxdur. Hər yerdə eyni vəziyyətdir, şadlıq evlərinin çoxu bağlanıb. Elə bu da demək olar ki, bağlı olur, ayda bir-iki dəfə açılır”, – deyə əlindəki süpürgəyə dirsəklənən xadimə gileylənir.

O biri xadimə isə  ailəsinə çörək pulu apara bilmədiyini, şadlıq sarayı bağlansa, nəvələrinin ac qalacağını deyib ağlayır: “Evdə vəziyyətimiz çox pisdir, üç kişi var, əl-ayağımız sağ oturmuşuq, iş tapa bilmirik. İki nəvəm var, buradan apardığımızı balaca uşaq üçün gizlədirik ki, onu yedirtək. Üç yaşında nəvəmə verməyə çörək tapmıram. Bir həftədir gecə durub ağlayır, yalvarır ki, “nənə nə olar, mənə qatıq ver, süd ver də”. Özüm də ona qoşulub ağlayalıram, haradan alım, hansı pulla alım? Elə bu uşaqlara görə, nə desən edərəm, təki onların ac vəziyyətini görməyim. O qədər çətin vəziyyətdəyik ki, bir corab almağa imkanımız yoxdur. Özümüz yavan da olsa, çörəyi suda isladıb yeyirik, axı uşağı başa salmaq olmur ki, “yoxdur”.

Bu vaxt şadlıq sarayına  bir dəstə qadın daxil olur. Əvvəlcə toy menyüsü ilə maraqlandıqlarını düşünüb yaxınlaşdım, amma məlum olur ki,  onlar da iş axtarırlar. Qadınlar deyirlər ki, qaldıqları kirayə evin pulunu verə bilmədiklərindən  ev sahibi onları evdən çıxarmaqla hədələyib. Ona görə bir-bir restoranları gəzib süpürgəçi, qabyuyan kimi işlər axtarırlar.

“Su səsi”indən çıxıb “Sona” şadlıq sarayına üz tuturuq. İnzibatçı Elnur Əliyev isə qiymətləri cəmi 1-2 manat qaldırdıqlarını deyir.    “Bizim qiymətlərdə dəyişiklik yoxdur. 35-36  manatlıq menyudur. Qiymətlər heç vaxt bundan aşağı olmayıb. Həm də qiymətlərimiz zallara görə dəyişir, 43-44 manatlıq menyularımız da var. Bizdə elə həmişə belə olub, indi də belədir. Artım olsa 1-2 manat  ola bilər ki, o da ətin və ərzağın qiyməti ilə bağlıdır. Məsələn, əvvəllər 7 manata aldığımız əti indi 11 manata alırıq”, –  deyə inzibatçı bildirir.

Həmsöhbətim deyir ki, son vaxtlar müraciət edən müştərilərin əksəriyyəti qiyməti endirmək üçün menyudakı yeməklərin sayını azaltmaq  istəsə də, restoran rəhbərliyi bununla razılaşmır: “Çünki onda masanın üstü boş qalır. Toy sahibləri də içib sərxoş olub dava-dalaş salırlar ki, bu nədir, yeməyə heç nə vermirsiniz. Axırda da hesablaşmada problem yaranır. Ona görə də, bəri başdan menyunu azaltmırıq”.

“Üzeyir” şadlıq sarayında da digərlərində gördüyümüz səssizlik var idi. İnzibatçı Samir Vəliyevin sözlərinə görə,  hazırda bütün restoranlarda 20 faizə qədər endirim edilir. Amma bununla belə müştəri tapa bilmirlər: “Qiymətləri qaldırmamışıq, əksinə endirmişik. Amma toy edən yoxdur. Ötən mövsüm  aya 10 toyumuz olurdusa, bu il heç aya iki toyumuz olmur. Menyu qiymətimiz 27-30 manat arasında dəyişir.  Bəzən bundan da ucuz olur. Məsələn, kasıb adamlar olur ki, gəlib xahiş edirlər ucuz edin, onlara 24 manata da endirim edirik. Bütün restoranlar bizim günümüzdədir, o boyda “Hollivud” qiyməti endirdi”, – administrator deyir.

Paytaxtın ən məşhur şadlıq saraylarından olan “Yeganə”də də olduq. Şadlıq sarayının inzibatçısı qiymətlərlə bağlı məlumatı açıqlamaqdan imtina edir, ancaq  adının çəkilməsini  istəməyən işçilərdən biri burada da qiymətlərin endirildiyini, amma buna baxmayaraq müştəri sarıdan qıtlıq olduğunu dedi: “Toylar çox azalıb, ayda heç iki toy olmur. Əvvəllər 75-80 manatlıq menyu indi 45 manata təklif olunur. Əlbəttə ki, bahalı içkiləri yığışdırıblar, üstünlüyü yerli şərablara verirlər. Amma onunla belə toy edən yoxdur”

Aprel ayında “Madonna” şadlıq sarayında toy sifarişi edən  Nadir İslamovun sözlərinə görə, onlara 55-65 manatlıq menyular təklif olunub. Lakin uzun çək-çevirdən sonra 350 nəfərlik  yer üçün 55 manatlıq menyunu 48 manata sala biliblər. Qiymətin endirilməsi isə menyudakı yeməklərin azaldılması ilə yanaşı həm də bahalı içkilərin yerinə yerli içkilərin salınması hesabına baş verib.

“Qiyməti çətinliklə azalda bildik, bunun üçün bəzi yeməkləri, məsələn, buğlamanı, bəzi salatları çıxardılar. 65 manatlıq menyuya da baxdım, o, əsasən xarici istehsal olan viski və digər içkilərin hesabına şişirdilib. Bir də bizdən musiqiçilər üçün əlavə 1000 manat istəyirdilər. Ödəyəcəyimiz qiymətə musiqiçilər daxil deyil. Çox çətinlik çəkirəm, ümid edirəm ki, bu toyu borcsuz yola verəcəyəm”, – deyə N. İslamov bildirir…

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın