Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakının taksi problemi…

Bakının taksi problemi…

Heç olmasa, bir dəfə “20 Yanvar” metro stansiyasının “velotrek” tərəfdəki çıxışından çıxan hər kəs bilir ki, azacıq ehtiyatsızlıq edib gec dillənsə, özünü Sumqayıtda görəcək. Taksi sürücüləri metrodan çıxan sərnişini qamarlayıb avtomobilə necə salırsa, heç ağzını açıb başqa yerə getdiyini deməyə fürsət tapa bilmirsən.

Həm də bu paytaxtın yeganə “cəld taksi” xidməti göstərən məkanı deyil. Eyni situasiya Səməd Vurğun bağının qarşısından keçənlərə də yaxşı tanışdır. Oradakı taksi sürücülərinə də Hövsana getmədiyini izah edincə, ucqar qəsəbəyə çatmış olursan. Hələ keyfiyyətsiz xidmət, içərisi natəmiz avtomobil, yüksək səsli bayağı musiqi və digər amilləri demirəm. Doğrudur, son vaxtlar taksi xidməti göstərən özəl şirkətlərin sayı artıb. Əvvəllər yalnız pərakəndə şəkildə fəaliyyət göstərən taksilər var idisə, artıq şirkətə zəng etməklə bir neçə dəqiqə ərzində göstərilən ünvana taksi sifariş etmək mümkündür. Yəni küçədə gəzib taksi axtarmırsan, olduğun ünvandan rahatca çıxıb qarşıdakı taksiyə əyləşirsən.

Əlbəttə, hər şey bu yazıldığı qədər rahat olsaydı, nə vardı ki? Burada da rahat ola bilmirsən. Məsələn, qiyməti nisbətən ucuz olan taksi xidmətinə zəng etmək üçün yarım saat sərf eləməlisən. Əgər “dirəşib” hər dəqiqə ərzində 3 dəfə zəng eləməsən, münasib qiymətə getməkdən əl çək. Baha qiymətə sərnişin daşıyan şirkətlərdən taksi sifarişi daha asandır. Amma asan olan elə telefon zəngidir, məsələ qiymətə gələndə… Hələ o da var ki, əvvəlcədən gediş haqqını operator sənə deyir, razılaşıb avtomobilə əyləşirsən, amma bütün yol boyu sürücü o qədər deyinir, işindən, ona çatan məbləğin azlığından narazılıq edir ki, axırda yazığın gəlib əlavə 1-2 manat da artıq verməli olursan. Doğurdanmı, taksi fəaliyyətinin bir sivil forması yoxdur və ya onu bizdə tətbiq eləmək mümkün deyil?

Təksi fəaliyyətində həm daşıyıcı, yəni taksi fəaliyyəti ilə məşğul olan şirkət, həm taksilərin texniki tərtibatı, həm də sürücülərin səviyyəsi, peşə hazırlığı ilə bağlı ciddi problemlər var. Ən böyük problem isə gedişhaqqı ilə bağlıdır. Məsələn, kiçik bir araşdırma aparsaq görərik ki, eyni məsafəni 4-5-6-7 manata aparan taksilər var. Bir az naşı kimi gözə dəysən, pərakəndə taksi fəaliyyəti ilə məşğul olan sürücülər bundan da baha qiymət oxuyar. Yəni bəzi sürücülər gediş haqqından sui-istifadə edirlər.

Tarif Şurası əsasən ictimai nəqliyyatda gediş qiymətini müəyyənləşdirdiyindən, taksi fəaliyyəti bu qurum tərəfindən nizamlanmır. Ona görə də, kim hansı qiyməti istəyir, onu da qoyur. Şirkətlərin sayının çoxalması rəqabət mühiti yaratsa da, problemlərin böyük əksəriyyəti olduğu kimi qalır.

Virtualaz.org-un araşdırmasına görə, “28 May” metro stansiyasının yaxınlığından hava limanına qədər olan məsafəni ən müxtəlif qiymətlərə aparırlar. Məsələn, “City taxi” şirkəti bu məsafəni 13 manata, 189 taksi xidməti 15% endirimlə giriş daxil 13 manata, “Avanqard taxi” 20 manata, “Salam taxi” 7,60 manata, “Bakı taksi” 13.80 manata, “S.A Ltd” 22 manata aparır.

Qeyd edim ki, bu alternativ variantın – məhz həmin istiqamətdə xüsusi marşrut xəttinin olduğu məsafədir. Bu məsafəni “BakuBus” avtobusu ilə cəmi 1 manat 30 qəpiyə getmək mümkündür.

Tənbəllik etməyib “28 May” metro stansiyasının qarşısında dayanıb müştəri gözləyən taksi sürüclərindən həmin istiqamətə hansı qiymətə apardıqları ilə də maraqlandıq. Məlum oldu ki, burada aeroporta standart qiymət 15 manatdır. Sürücü Mirəli Ələkbərovun sözlərinə görə, yeni yaranan taksi şirkətlərinin əlindən işləyə bilmirlər:

“Kilometrajı 50 qəpikdən aparırıq. Buradan da aeroporta 25 kilometr məsafə var. 15 manata biz aparırıq, 13 manata da taksi şirkətləri. Amma bu 13 manata hava limanına giriş daxil deyil. Sonra içəri girəndə də əlavə 1 manat istəyirlər. Gəlib elə bizimlə eyni qiymət edir”.

Digər bir sürücü Səyavuş Loğman isə taksi şirkətlərinin onlardan ucuz qiymətə aparmasının yalnız həmin şirkətə sərf etdiyini deyir:

“Bu taksi şirkətləri çıxandan bizim bazarı öldürüb, evimizi yıxıblar. O qiymət ancaq şirkətə sərf eləyir, taksi sürücüsünə sərf eləmir. Getdin, yolda maşın qırıldı, təkərləri çıxart qoy daşın üstünə. Çünki düzəltmayə pul yoxdur. Burada qazanan yalnız firmanı açandır. Misal üçün, hansısa məsafəyə gedirsən, səni 5.60 AZN-ə aparırlar. Bunun 20%-ni şirkətə köçürürsən. Şirkətdə də azı min ədəd maşın var. Hərəsi gün ərzində təkcə bir manat pul köçürsələr, bu bir günə 1000 manat deməkdir”.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, əksər sürücülər qanununun taksilərlə bağlı tələblərinə riayət etmirlər. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, əksər hallarda təhlükəsizlik qaydalarından bilərəkdən kənaraçıxmalar olur:

“Əslində bütün taksilərdə taksometrlər quraşdırılmalıdır, taksilərin rəngləri, qrafikası seçilməli, üzərində taksi nişanı olmalıdır. Taksi səliqəli, təmiz, texniki cəhətdən saz, salonu işıqlı olmalı, havalandırma sistemi quraşdırılmalıdır. Xüsusi taksi sürücülüyü kursunu bitirməyən şəxs taksi fəaliyyəti ilə məşğul olmamalıdır. Bizdə bu kurslar olsa da, onları keçənlərin sayı çox azdır. Taksi fəaliyyəti ilə məşğul olan şəxs və avtomobil hər gün müayinədən keçməlidir. Təksometrlər olsa, qiymətin məyyən edilməsi ilə bağlı problem aradan qalxar”.

Mütəxəssis hesab edir ki, taksilər arasında qiymət fərqi ola bilər. Amma bu avtomobil fərqinə və ya digər əlavə xidmətlərə görə yarana bilər. Məsələn, ola bilər ki, hansısa taksi xidməti göstərən şirkət “limuzin” avtomobilindən istifadə edir. Digəri isə köhnə sovet istehsalı olan maşından. Amma istənilən halda, elementar davranış qaydalarına hər bir sürücü əməl etməlidir:

“Ən böyük problemlərdən biri sürücülərin intizamsızlığı ilə bağlıdır. Bir çox hallarda taksi sürücüləri faciə mənbəyidirlər. Harada gəldi dayanır, haradan istəsələr, oradan keçirlər. Bəzən avtomobilə əlavə bər-bəzək vururlar. Problemi aradan qaldırmaq üçün bu sahədə nizam-intizam yaradılmalıdır. Mövcud qanunlara əməl olunmalıdır”.

Qanunların da təkmilləşdirilməsinə ehtiyac olduğunu deyən hüquqşünasın sözlərinə görə, artıq dekabr ayından etibarən taksilərə verilən lisenziya ləğv olunub, əvəzində fərqlənmə nişanı verilir. Bu nişan paytaxtda Bakı Nəqliyyat Agentliyi tərəfindən “ASAN Xidmət” vasitəsilə, Sumqayıt və Gəncədə şəhərlərində İcra Hakimiyyəti orqanı, digər rayon və şəhərlərdə isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən verilir.

Amma bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Ekspert hesab edir ki, taksometrlərin quraşdırılması gediş haqqı ilə bağlı problemləri tam həll etməyəcək. Çünki bazar iqtisadiyyatı olduğundan, bu sahəni tənzimləmək mümkün deyil. Amma taksometrlərin quraşdırılması şirkətlərdə vahid qiymətin yaranmasına səbəb olacaq ki, digər taksilər də məcbur olub qiyməti salacaqlar.

Başqa bir problem isə bəzi yerlərdə taksi fəaliyyəti göstərən şəxslərdən əlavə haqq alınması ilə bağlıdır. Məsələn, aeroporta və ya avtovağzala girən taksi əlavə olaraq 1 və ya 2 manat pul ödəyir. Bu da qiymətin qaldırılmasına, sərnişinin “yüklənməsinə” səbəb olur. Ə.Hüseynov hesab edir ki, bu məsələyə də baxılmalıdır.

Xarici ölkələrdə pullu duracaqlar var. Orada məhdud sayda olan yerdə durub müştəri gözləyən taksi sürücüləri əlavə haqq ödəyirlər. Amma bu pul dövlət büdcəsinə gedir.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovanın sözlərinə görə, yaxın vaxtlarda paytaxtda taksilərlə bağlı problem öz həllini tapacaq. Şöbə müdirinin virtualaz.org-a bildirdiyinə görə, tamamlanmaqda olan Bakının Vahid Nəqliyyat Konsepsiyasında paytaxtda fəaliyyət göstərən taksilərlə bağlı yeni qaydalar öz əksini tapıb.

“Konsepsiya həm qanunvericilikdə olan şərtləri və maddələri əhatə edəcək, həm də yeni şərtlər əlavə edəcək. Burada taksi ilə bağlı xüsusi şərtlər var. Hazırda xarici ekspert qrupu ilə bunların üzərində işlənilir, beynəlxalq təcrübə tətbiq olunur. Önəmli tələblərdən biri gediş haqqı ilə bağlıdır. Əksər taksi sürücüləri qiymətləri özləri müəyyən edirlər. Bütün taksilərə standart qiymət qoymaq mümkün deyil. Ona görə də taksometrlərin quraşdırılacaq və kilometraja uyğun qiymətlər müəyyən ediləcək. Şirkətlər artıq bunu tətbiq edirlər”.

Bəzən saatlarla taksilərin tıxac yaradaraq avtobus dayanacaqlarında, ticarət mərkəzlərində sərnişin gözlədiklərini deyən Agentlik rəsmisinin sözlərinə görə, bu sürücülər maksimal qiymətə xidmət edərək işləyə bilmədikləri günlərin əvəzini çıxmağa çalışırlar. Bu isə yolverilməzdir. Sərnişinə deyilən diymətin xidmətin keyfiyyətinə uyğun olmalı, tələblərə cavab verməli, ödəmə qabiliyyətinə uyğun olmalı olduğunu deyən N.Allahyarovanın sözlərinə görə, taksi sürücüsü bilməlidir ki, bu fəaliyyətlə məşğul olursa, bunu iş kimi etməlidir, hobbi kimi yox.

Bundan əlavə, yeni konsepsiyaya görə, sürücünün əyləşdiyi salonda adı və soyadı yazılacaq. Həm sürücünün, həm də sərnişinin təhlükəsizliyini qorumaq məqsədilə taksilərin salonunda kameralar quraşdırılacaq. Nağdsız ödənişlər üçün POS-terminal aparatları quraşdırılacaq. Oktyabr ayında təhvil veriləcək konsepsiyada digər bir tələb sürücülər üçün vahid geyim formasının nəzərdə tutulmasıdır. Agentlikdə əmindirlər ki, konsepsiyanın tətbiqindən sonra bütün problemlər öz həllini tapacaq.

Qeyd edək ki, məşhur Uber onlayn-taksi xidməti artıq ötən ildən Azərbaycanda da fəaliyyətə başlayıb. Burada avtomobilin təqdim olunması 2 AZN, hər kilometrə görə 0,90 AZN, hər dəqiqəyə görə 0,20 AZN, minimal məbləğ isə 5 AZN-dir. Gediş haqqını isə kartla ödəmək lazımdır.

Virtualaz.org

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın