Ana səhifə / Media / Bakının müasir “bit bazarı”: Ölü paltarı, xəstəlik mənbəyi, yoxsa keyfiyyətli brend?

Bakının müasir “bit bazarı”: Ölü paltarı, xəstəlik mənbəyi, yoxsa keyfiyyətli brend?

Adətən, hamının ikinci şansı olmur. Elə əşyaların da. Görünür, ikinci həyatı qazanmaq şansa bağlı bir şeydir. Söhbət ikinci əl – “second hand” geyimlər satılan mağazalardan gedir. Reportaj hazırlamaq üçün yolumuzu Bakının bu sahədə ixtisaslaşmış “Memi” mağazalarından saldıq. Əvvəllər “bit bazarı” adı ilə məşhur olan köhnə paltarların satıldığı bazardan fərqli olaraq, indi işlənmiş geyimlər daha mədəni və nisbətən səliqəli formada alıcılara təqdim olunur.

Kiməsə görə lazımsız olan bir əşya başqası üçün, belə desək, “xəzinə” ola bilər. Bunlara ikinci əl geyim dəbi də deyirlər. Əvvəllər bu mağazalara gedənlərə az-az rast gəlinirdisə, insanlar daha çox gizlənə-gizlənə, qohum-tanışdan xəlvət gəlirdilərsə, bugünkü müşahidəm əksini dedi. “Memi”yə gələnlərin ardı-arası kəsilmirdi – alan da, almayan da dəstə-dəstə tökülmüş paltarları heç olmasa, bir dəfə eşələyib gedirdi.

40 manata geyilmiş ayaqqabı

“Nərimanov” metro stansiyasının yaxınlığında yerləşən ikinci əl geyim mağazasında diqqətimi çəkən girişdə böyük hərflərlə yazılmış “bütün mallara 25 faiz endirim” sözləri oldu. Yəqin ki, endirim yazısını görüb içəri girənlərin sayı çox idi. Mağazada müştəriləri qarşılayan kəskin qoxudan sonra malların qiyməti idi. Ayaqqabıların üzərində “40 manat” yazısını görəndə buranın həqiqətən də “second-hand” olduğuna şübhə etdim. Elə qarşımdakı dağınıq paltarları eşələyən qadın da dodağının altında deyinirdi: “Bu qiymətə geyilmiş paltar olar? Daha buranın adi mağazadan fərqi nə oldu ki?!”

Satıcıya yaxınlaşıb qiymətlərin niyə bu qədər baha olmasını soruşduqda isə əsəbi-əsəbi küçədə gördüyümüz endirimi xatırlatdı. Məlum oldu ki, həmin yazıdakı 25 faiz endirim malın üstündəki qiymətə daxil edilməyib. Yəni bu qiyməti görüb şoka düşən alıcıya 25 faiz güzəşt edəndə bu yanğıya səpilən sərin su effektini yaradır.

Ən çox diqqət çəkən məqamlardan biri isə alt paltarları idi. Satıcıdan onlara da müştəri olub-olmadığını soruşudum. O, alt geyimlərinin daha çox satıldığını dedi: “Əlbəttə alırlar, hətta alt geyimləri daha çox satılır. Əslində, bunlar brend mallardır. Burada 2-3 manat olmasına baxmayın, bu mallar vaxtilə 100-200 manatdan baha olub. Bəzən aralarında təzələri də olur, hamısı işlənmiş olmur. Amma biz işlənmişi də, işlənməmişi də eyni qiymətə satırıq”.

Mağazada köynək 6-8 manat, şalvar 15-20 manat, gödəkçə 20-60 manat arası satılır. Burada hətta 100 manatlıq plaşa da rast gəlsəniz, təəccüblənməyin. Mağazada uşaqlar üçün paltarların qiyməti 1 manatdan başlayaraq 5-10 manata qədər gedib çıxır. Mağazada uşaq geyimləri ilə yanaşı, qiyməti 5-10 manata olan yumşaq oyuncaqlar da satılır.

“Müştərilərimiz arasında tanınmış aktyorlar da var”

Baş çəkdiyimiz “second-hand”lərdən ən çox müştəri “Memar Əcəmi” metro stansiyasının yaxınlığındakı mağazada idi. Satıcının sözlərinə görə, burada uşaq paltarları daha təmiz və keyfiyyətlidir. Hətta aralarında üzərində etiketi olan mallara da rast gəlinir. Adətən, ikinci əl mağazalara qadınların çox gəldiyini müşahidə etsək də, burada alıcı kişilərin sayı çox idi. Satıcılar danışmağa o qədər də meylli olmasalar da, alıcıların olmamasından gileylənirlər.

“Son günlər alıcı yoxdur. Bu gün cəmi iki alıcım olub. Hamı gəlir, eşələyir, baxır, hətta geyinib yoxlayır, amma almır. Ayaqqabılara, ümumiyyətlə, yaxın duran yoxdur”.

4 ildir mağazada satıcı işləyən Aynur xanımın sözlərinə görə, buradan gecə geyimlərini alanlar daha çoxdur. Hətta alıcılar arasında aktyorlara da rast gəlinir. Adlarını çəkmək istəməsə də, bəzən tanınmış aktyorların da gəlib tamaşalar üçün ucuz paltarlar aldıqlarını dedi.

Əlbəttə ki, mağazanın daimi müştəriləri də var. Onlar hər dəfə təzə malın gəlmə vaxtını bildiklərindən, həmin vaxtlarda gəlirlər. Özlərinin də geyimlərini buradan alıdıqlarını deyən satıcının sözlərinə görə, təzə mal gələndə öz qohumlarına birinci xəbər vermələri ilə bağlı yayılan fikirlər yanlışdır.

 

Ölü paltarı, xəstəlik mənbəyi, yoxsa keyfiyyətli brend?

Həmsöhbətimiz Səkinə xanım “Memi” mağazasının daimi alıcısıdır. Dediyinə görə, iş yerinə yaxın olduğundan hər dəfə təzə mal gələndə birinci o bilir. Aldığı malın keyfiyyətinə gəlincə isə, alıcı xanım deyilənlərlə razılaşmır:

“Mən yaxınlıqdakı qadın məsləhətxanasında tibb bacısı işləyirəm. İşə yaxın olduğuna görə tez-tez gəlib baş çəkirəm. Təmiz yuyulmuş paltarlardır, onsuz da aparıb evdə yuyub geyinirik. Buradan aldığım paltarları yuyanda ürəyimdə qalmasın deyə, içərisinə bir az da xlor tökürəm. Keyfiyyətinə söz ola bilməz, Avropadan gələn geyimlərdir”.

Lakin heç də bütün alıcılar Səkinə xanım kimi düşünmür. Məsələn, ikinci əl geyim mağazasının yerini soruşduğumuz Zeynəb xanım belə yerlərə getmədiyini və bizə də məsləhət görmədiyini dedi:

“Bu geyimlər gigiyenik cəhətdən təmiz deyil. Onların necə dezinfeksiya olunduğunu yoxlamaq imkanımız yoxdur axı. Ola bilər ki, paltarları geyinən şəxsdə dəri xəstəliyi olub. Xüsusən də, ayaqqabılar təhlükəli ola bilər. Mən yalnız mağazada, üzərində etiketi olan paltarları alıram. Bunların çoxu xaricdə ölmüş adamların paltarlarıdır”.

 

“Öz ayaqqabılarını qoyub buradakını geyinib gedirlər…”

Nərgiz xanım Bakıda ilk “Memi” mağazası açılandan burada işləyir. Dediyinə görə, bayram ərəfəsində mağazada, demək olar ki, mal satılmır. Alıcılar daha çox hədiyyə və qida məhsulları aldıqlarına görə kiməsə ikinci əl geyim hədiyyə etmirlər. Alıcılar arasında isə zəncidən tutmuş koreyalıya qədər hər cür insana rast gəlinir.

“Bəzən oğru müştərilərimiz də olur. Biz hansısa geyim itəndə kamerada araşdırırıq. Çox vaxt oğurluq edən müştəri yenidən gələndə ona “siz buradan oğurluq eləmisiniz” deməyə utanırıq. Bəzən elə adam olur ki, öz ayaqqabısını soyunub buradakı ayaqqabılardan geyinib gedir”.

Satıcı ikinci əl geyimlərlə bağlı yayılan “ölü paltarı” iddiasını qəbul etmir. Bütün dünyada bu şəbəkənin olduğunu deyən Nərgiz xanımın sözlərinə görə, əgər ölü paltarı olsaydı, özləri də buradan geyinməzdilər.

“Şuba ilə gəlib 5 manatlıq köynək axtaranlar var…”

Bütün dünyada “second hand” mağazalarına geyimləri Almaniya, Fransa, daha çox Hollandiya kimi Avropa ölkələrindən gətirirlər. Bu ölkələrdə geyilmiş və istifadə olunmayan paltarların toplanması böyük bir sənayedir. Təkcə Hollandiyada dünyanın 55 ölkəsinə geyimləri qablaşdırılaraq göndərən 7 fabrik var. Bu ölkələrdə insanlar istifadə olunmayan paltarlarını pulsuz və ya çox az pul qarşılığında xüsusi yerlərə təqdim edirlər. Təmizlənərək qablaşdırılan geyimlər kasıb ölkələrə simvolik qiymətə göndərilir. Həmin geyimlər arasında “Marc Jacobs”, “D&G”, “Prada”, “Chanel” və digər brendlərə rast gəlinir. Satıcılardan öyrəndik ki, mağazanın müştəriləri təkcə kasıblar deyil. Əynində şuba bura gələn və 5 manatlıq köynək axtaran alıcılar da var. Adətən, imkanlı adamlar buradakı asılqandan asılmış paltarlara baxırlar. Üst-üstə tökülmüş paltarların arasında nəsə tapıb alanların çoxu isə imkansızlar olur.

 

“Maya dəyərindən 15-20 dəfə baha satılır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xarici ölkələrdə atılmış məhsulların sahibkarlar tərəfindən Azərbaycana gətirilərək 20 dəfəyədək baha satıldığını deyir:

“Avropa ölkələrində insanlar geyinmədikləri paltarlarını, hətta mebellərini müəyyən olunmuş yerlərə atırlar. Həmin ölkələrdə atılmış məhsullar toplanaraq yandırılır. Təəssüf ki, bizim sahibkarlar həmin ölkələrdən məhsulları çəki ilə alıb, bizdə ədədlə satırlar. Həm də maya dəyərindən 15-20 dəfə baha satılır. İdxal edilən ölkələrin sertifikatında həmin paltarları 5 yaşından aşağı olan uşaqların geyinməməsi tövsiyə edilir. Lakin bizdəki sertifikatlarda belə bir göstərişə rast gəlinmir. Ola bilər ki, bu paltarlar vasitəsilə bəzi virus xəstəlikləri yayılsın. Ona görə də, belə paltarları alandan sonra yüksək temperaturda qaynatmaq lazımdır”.

 

Virtualaz.org

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın