Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Media / Bakının mərkəzində SAXTAKARLIQ – FOTO

Bakının mərkəzində SAXTAKARLIQ – FOTO

Azərbaycanda sertifikatlaşdırılmadan satılan 800-ə qədər mal və xidmət var.

Azinforum.az  bbc.com-a istinadən bildirir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri deyir.

Eyyub Hüseynovun sözlərinə görə, ölkə bazarlarında orijinal adı ilə saxta eynək, saat, parfümeriya, geyim, elektrik cihazları və dərman preparatları satılır.
Buna baxmayaraq, müxbirimizin orijinal olmayan brend malları satan mağazada öyrəndiyinə əsasən, həmin mağaza belə məhsulların satışının qadağan olduğunu hesab etmir.

İqtisadi təhlilçilər də bu faktı təsdiqləyərək, saxta məhsulların satılması ilə mübarizə məqsədilə Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsini təklif edirlər.
İqtisadiyyat nazirliyi isə bazarın saxta malların satışından qorunması üçün istehlak bazarına nəzarət tədbirlərini davam etdirdiyini bildirir.

“A klas oxşar”

Bakının mərkəzi küçələrindən birində fəaliyyət göstərən geniş və diqqəti cəlb edən mağazada müxtəlif geyim, aksessuar, ayaqqabı, çanta, eynək kimi məhsullar satılır.

Coco adlanan mağazada məhsulların üzərindəki etiketlərdə dünyanın müxtəlif ölkələrinə məxsus məşhur və bahalı brendlərin adı qeyd olunub. Qiymətlər isə həmin məhsulların əsl qiymətlərindən qat-qat aşağıdır.

Mağazanın reklam şöbəsinin rəhbəri Arzu Əhmədova mağazada satılan ucuz məhsulların saxta brend olması fikri ilə razılaşmır.

Onun iddiasına görə, hər hansı brend məhsulu istehsal edəndə onu “A, B, C klassları üzrə hazırlayırlar” və onlar “saxta sayılmır”.

“Kiminsə imkanı var 5000 manatlıq Gucci-ni almağa. Eləsi var imkanı yoxdur, gedir 300 manatlıq olanı alır. Yəni onun üçün “A klass” deyilən bir şey var”, mağaza nümayəndəsi “A klass”ın brend markaları tərəfindən aşağı gəlirli insanlar üçün yaratdığı ucuz məhsul olduğunu iddia edir.

İqtisadi təhlilçi Zöhrab İsmayılın fikrincə isə, eyni məhsulların istehsalında siniflərə bölmə “absurddur”.

“Belə bir şey mümkün deyil. Amma eyni brendin müxtəlif məhsulları arasında böyük qiymət fərqi mümkündür. Qərb ölkələrində də eyni brendin ucuz və baha məhsulları, eləcə də ayrı-ayrı məhsullar üzrə böyük endirimlər olur”, o əlavə edir.

Bu məhsulların Azərbaycana gətirilməsinə gəlincə Arzu Əhmədova deyir ki, onların Sədərək Ticarət Mərkəzində “öz yerləri var” və məhsulları da ordan alırlar. Ticarət Mərkəzinə hansı ölkədən və necə gətirilməsindən, gömrükdən keçirilmə prosedurundan isə “xəbərsizdir”.

“Mənim mağazamda əgər günə 10 ədəd Dolce & Gabbana satılırsa, mən niyə onu gətirməməliyəm? Sizi heç kim məcbur etmir bu məhsulu almağa. Alandan sonra bizim nə günahımız var burda”, mağazanın nümayəndəsi deyir.

“İnsanların tələbatı varsa, bu məhsulu alırsa, mən niyə onu alıb gətirməməliyəm”, o sual edir.

Bu məhsulların müvafiq dövlət qurumları tərəfindən yoxlanılmasına cavab olaraq xanım Əhmədova deyir ki, “mən mağazanın vergilərinə nəzarət edir və vaxtında ödəniş edirəm”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda saxta məhsul satışı az deyil. O, təəssüflə bu halı Azərbaycan milli brendinin yaradılması prosesinin zəif getməsi ilə əlaqələndirir.
“Ölkədə satılan ayaqqabıların təxminən 30 faizi, geyimlərin isə 20 faizi yerli istehsaldır, amma brend adı ilə satılır. Bu, əhalinin brendlərə inamından irəli gəlir”, – birlik sədri deyir.

Onun sözlərinə görə, ən çox saxtalaşdırılan məhsullar parfümeriyadır.
“Bütün parfümeriya məhsullarının üzərində son yararlılıq müddəti olmalıdır. Amma ölkədə satılan parfümeriyanın 90 faizi üzərində belə bir şey yoxdur”, – o əlavə edir.

Cənab Hüseynov bildirir ki, bu hal istehlakçı hüquqlarının pozulmasıdır. O dövlət qurumlarının biganəliyindən də şikayətçidir.

“Dövlət orqanlarına bu barədə sorğu göndərəndə, deyirlər ki, bines qurumunun işinə qarışa bilməzlər. Azad bazar iqtisadiqiyyatı elan olunub və biznes qurumları üçün toxunulmazlıq şəraiti yaranıb. İstehlakçı hüquqlarının toxunulmazlığı arxa planda qalıb”, o qeyd edir.

Qurum rəhbəri bu hallarla bağlı nazirlər kabinetinə təkliflər göndərdiyini də əlavə edir.

“İstehlakçı hüquqlarının normal qorunmaması şəraitində bazarın sürətlə çirklənməsi baş verir. Saxta, standartlara uyğun olmayan, həmçinin, təhlükəsizliyi təmin olunmalı mallar satılır”, o bildirir.
Eyyub Hüseynov bazarın təmizlənməsi üçün həm dövlət orqanlarının lazımi işlər görmədiyini, həm də məhsulları saxtalaşdırılan şirkətlərin bu halı aradan qaldırmaq üçün cəhd etmədiyini də deyir.

“Oğurluq”

Foxy onlayn qadın jurnalının Baş redaktoru Xəyalə Məmmədova bir çox mağazalarda məşhur brendlərin adı ilə saxta məhsulların satışını müşahidə etdiyini qeyd edir. O da bu halın “kifayət qədər geniş” yayıldığını deyir.
Redaktor saxta parfümeriya məhsullarının satılması hallarının daha çox olduğunu hesab edir.

“Bir çox keçidlərdə fəaliyyət göstərən mağazalarda saxta məhsullar satılır. Ətirləri başqa ölkədən gətirib burda brend adı ilə qablaşdırırlar. Bundan başqa məşhur çanta, ayaqqabı, geyim, kosmetika brendlərinin saxta versiyaları satılır”, – o bildirir.

Xəyalə Məmmədova məhsulların saxtalaşdırılmasını “oğurluq” adlandırır və belə məhsulları alanları qınadığını da qeyd edir. O, saxta kosmetika və parfümeriya məhsullarının insan sağlamlığına ziyan olmasını da vurğulayır.
“Hansısa insan illərlə əziyyət çəkir, dizayn edir. Sonra kimsə götürüb o məhsulu saxtalaşdırır. Bu oğurluqdur. Belə məhsulları alanlar da cinayətkarlara kömək etmiş olur”, o davam edir.

Vergidən yayınma

İqtisadçı Vüqar Bayramov deyir ki, brend adı ilə saxta məhsulların satışı qanunvericiliklə qadağandır.

O qeyd edir ki, bazarda satılan istehlakçının aldadılması ilə nəticələnən saxta mallar ölkə daxilində qeyri-qanuni və gizli üsulda hazırlanır, yaxud da Asiya ölkələrindən, xüsusən Çindən gətirilir.

İqtisadçı saxta malların dövriyyədən yığışdırılması istiqamətində nəzarətin gücləndirilməsini təklif etdiyini deyir.
“Qanunvericilikdə olan boşluqlar bəzi iş adamlarının məsuliyyətdən qurtulmasına səbəb olur. Belə saxta malların satışı ilə məşğul olanlar üçün həbsin nəzərdə tutulması və eyni zamanda həmin sahibkarların biznesinin bağlanması ilə bağlı qanunvericiliyin qəbul edilməsi lazımdır”, – o vurğulayır.
Cənab Bayramov onu da əlavə edir ki, saxta məhsulların satışının ölkə iqtisadiyyatına təsiri var.

“Vətəndaşın əlindəki pul işbazlar tərəfindən yayındırılır. Saxta məhsulların dəyəri aşağı olduğu üçün vergi də az olur. Bu da büdcəyə təsir edir, vergidən yayınma halları artır”, – o deyir.

Müəlliflik hüququ

İqtisadi təhlilçi Zöhrab İsmayıl bazarda saxta məhsulların satılmasını intellektual mülkiyyətin qorunmamasının nəticəsi hesab edir. Bundan başqa o bu halı Azərbaycanın dünya ticarət təşkilatınn üzvü olmaması ilə də əlaqələndirir.

“Təşkilata üzv olunmadığı üçün xarici ticarət standartlarına əməl olunmur. Başqa ölkələrdə saxta mallar düzəldilir, gətirilir və bunu yoxlayan yoxdur”, deyən iqtisadçı ölkədə müəlliflik hüquqları ilə bağlı qanunun işləmədiyini də əlavə edir.

Zöhrab İsmayıl belə davam edərsə nəticənin “acınacaqlı” ola biləcəyindən də danışır.

“Malları saxtalaşdırılan brendlər məhkəmələrə müraciət edə bilər”, o davam edir.

“Nəzarət var”

İqtisadiyyat nazirliyinin sözçüsü Abbas Əliyev isə bazara nəzarətin olduğunu bildirir.

Onun sözlərinə görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müayinə, müşahidə, baxış və digər metodlardan istifadə edərək istehlak bazarına nəzarət tədbirlərini davam etdirir.

“Bəzi hallarda əmtəə nişanının təqlidi, saxta brendlərdən istifadə halları ilə bağlı həmin brend sahiblərindən müraciət daxil olur. Şübhəsiz ki, operativ qaydada araşdırılır və müraciətdə göstərilənlər təsdiq tapırsa, qanunvericiliyə uyğun təbdirlər görülür”, nazirlik sözçüsü əlavə edir.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın