Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Media / Bakının məşhur məktəbində qalmaqal

Bakının məşhur məktəbində qalmaqal

Vaxtilə 20 saylı orta məktəbin sökülərək yenidən tikiləcəyi vədi verilmişdi. Və bu iş də icra olunmaqda idi. Amma birdən KİV-də məktəbin yerində park salınacağı xəbəri yayıldı. Bunu eşidən valideynlər və məktəbin pedaqoji kollektivi çaş-baş qaldı. Müvafiq qurum isə…

ANS TV-nin məlumatına görə, dünən (iyunun 8-də) 20 saylı orta məktəbin valideyn və müəllimləri bir araya gəliblər. Onlar bir şeyi bilmək istəyirdilər: bu təhsil ocağının taleyi necə olacaq?

Təhsil ocağının 400-ə yaxın pedaqoqu işsiz qalacaqlarından ehtiyatlanır. Bundan başqa, valideynlər də övladlarının mənzillərindən uzaq bir yerdə oxumasını istəmirlər.

Müəllimə Təranə Əliyeva təsdiqləyib ki, onların bura toplaşmağının bir səbəbi var: “Bilmək istəyirik ki, doğrudan da burada park olacaq? Ümumiyyətlə məktəbin qarşısında parkın olması təqdirəlayiq bir haldır. Buna baxmayaraq, biz məktəbin harada yerləşəcəyi barədə dolğun bir məlumat əldə etməq istəyirik”.

Valideyn Səbinə Salahova da yayılan xəbərlərdən narahat olduğunu deyib: “Biz sevinirdik ki, məktəbin yerində yeni məktəb inşa olunacaq. İndi bu məsələ necə olacaq? Bizim uşaqlarımız harada oxumalıdır? Mən burada yaşadığım halda uşağımı hansı bir məktəbə aparıb qoymalıyam?”.

Çox keçmədən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova əraziyə gəlib. O, valideyn və müəllimlərlə söhbəti zamanı yaranmış fikirlərə aydınlıq gətirib. Bildirib ki, burda heç bir parkın tikilməsindən söz belə gedə bilməz: “Söylənilənlərin hamısı boş fərziyələrdir. Hazırda burada məktəbin tikintisi davam etdirilir”.

Bir sözlə, İcra hakimiyyəti rəsmisinin sözlərindən aydın olub ki, valideyn və müəllimlərin narahatlığına heç bir əsas yoxdur. Məktəb elə əvvəlki yerində tikilib təhvil veriləcək. Sadəcə dekabr ayına kimi gözləmək lazımdır.

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın