Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Media / Bakının mərkəzində prezidenti hiddətləndirən vandalizm

Bakının mərkəzində prezidenti hiddətləndirən vandalizm

Xəbər verdiyimiz kimi Bakının Mətbuat prospektində, “Ovçular evi” kimi tanınan məşhur binanın ətrafında 54 çoxillik şam ağacı kütləvi şəkildə məhv edilərək yerində yaşayış-biznes kompleksinin tikintisinə başlanılmışdı. Lakin ötən gün  prezident İlham Əliyevin müdaxiləsindən sonra tikinti dayandırıldı və tikinti işlərini həyata keçirən şirkət barəsində cinayət işi açıldı. Habelə şirkət ağacların kəsilməsinə görə 130 min manat cərimələndi.

Virtualaz.org əməkdaşları bu gün həmin ünvanda olsalar da, ərazinin mühafizəçiləri çəkiliş aparmağa icazə verməyiblər. Ərazini hazırda Milli Məclisin mühafizə xidməti qoruyur. Özünü Milli Məclisin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən şəxsin sözlərinə görə, prezidentin göstərişi ilə ötən gündən etibarən bu ünvanda tikinti dayandırılıb. Ərazidə tikintini aparan şirkətin lövhəsinə isə rast gəlmədik. Lövhə artıq sökülmüşdü.

“Mən tikintini hansı şirkətin apardığını bilmirəm. Bizə tapşırılıb əraziyə heç kimi buraxmayaq. Burada çəkilişə icazə verilmir. Hazırda tikinti də getmir, prezidentin göstərişi ilə dayandırılıb”, – deyə mühafizəçi bildirdi.

Lakin “İlahiyyat” məscidinin həyətindən keçərək yuxarıdan “Ovçular evi”nin həyətinin xarabalıqlarını çəkə bildik. Tikinti dayandırılsa da, buldozerlər hələ də həyətdən çıxarılmamışdı. Fotoşəkillərdən də görünür ki, “Ovçular evi”nin bir hissəsi uçurulub, yeni tikilən bina üçün qazılan dərin özül binanın qalan hissələrini də zədələyib.

Ərazidə yalnız hasarın kənarında əkilmiş, tikintiyə mane olmayan bir neçə ağac qalmışdı ki, onlar da yəqin ki, kökləri zədələndiyindən quruyacaq. Kəsilən ağacların isə izini də itirmişdilər.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, onlar hələ bir neçə il əvvəldən “Ovçular evi”nin ərazisində çoxmərtəbəli yaşayış binasının tikiləcəyini eşidiblər. Lakin bir neçə il ərazi baxımsız qalıb. Yalnız 3 gün öncə, gecə saatlarında buldozerlər əraziyə daxil olaraq “Ovçular evi”nin həyətini xarabalığa çevirib.

Sakinlərin sözlərinə görə, bu ünvanda deputatlar üçün “Böyük Plaza” yaşayış kompleksinin tikintisi planlaşdırılıb və tikintidə birliyin rəhbəri Füzuli Əşrəfovun da adı hallandırılır. Həmçinin tikiləcək binada yaşayış evlərindən əlavə, alış-veriş və əyləncə mərkəzi də olacağı bildirilir.  

Tikintini işlərini həyata keçirən şirkətin tikintiyə başlamaq və “Ovçular evi”ni sökmək üçün hansı sənədlərə malik olduğu da məlum deyil. Həmçinin sökülən binada yerləşən dükan sahiblərinin də aqibətini heç kim bilmir.

Prezidentin göstərişindən sonra Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib , fakt üzə cinayət işi açılıb.

Xatırladaq ki, “Ovçular evi”ində 2010-cu ildə bilinməyən səbəblərdən yanğın baş verib, içərisində ov silahları da olmaqla mağazanın bir hissəsi yanıb. “Ovçular evi” “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olub, bu ictimai birliklə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında neçə vaxtdır qalmaqal yaşanırdı. Nazirlik ictimai birliyi saxta ovçuluq vəsiqələri verməkdə və ovçuluqla bağlı qanunları pozmaqda günahlandırıb. Nəhayət 2014-cü ildə təşkilatla ovçuluq təsərrüfatlarının idarə edilməsinə dair bağladığı müqaviləni ləğv edib.

Qeyd edək ki, bu paytaxtda yaşıllıqların məhvi ilə bağlı ilk belə hadisə deyil. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib. Lakin buna baxmayaraq bəzi oliqarxlar və məmurlar hələ də Bakının müxtəlif ərazilərində onsuz da az  qalan yaşıllıqları, çoxillik ağacları qəddarcasına məhv edir, yerində yaşayış binası və digər obyektlər tikirlər.

 

Həmçinin oxuyun

Hacı Nuran ATV-dən getdi

Aparıcı Hacı Nuran Hüseynovun ATV-də apardığı “Həyat” layihəsi yekunlaşıb. Axşam.az xəbər verir ki, o, bundan …

Bir cavab yazın