Ana səhifə / Media / Bakının mərkəzində antisanitariya ocağı: küçənin ortasında dana kəsib soyanlar…

Bakının mərkəzində antisanitariya ocağı: küçənin ortasında dana kəsib soyanlar…

Bakıda Qış parkının arxasında, Füzuli küçəsində antisanitariya şəraitində fəaliyyət göstərən qəssab dükanı sakinlərin və həmin ərazidən keçənlərin narazılığına səbəb olub. Yaxınlıqda yaşayan sakinlərin redaksiyamıza təqdim etdiyi fotolara əsasən dükanı işlədən qəssab başı kəsilmiş inəyi yerdə, toz-torpağın içərisində yuyur. Bu ət dükanının heyvan soymaq üçün nəzərdə tutulmuş qarmağı da elə küçədə, açıq havadadır.

Sakinlər deyirlər ki, həmin ət dükanının fəaliyyət göstərməsinə, küçənin ortasında heyvanların kəsilib soyulmasına görə ətrafda antisanitariya vəziyyəti yaranıb, heyvan cəmdəklərinin qalıqları ilə qidalanan sahibsiz itlərin sürüsü bu ərazidən əksik olmur, milçək “buludları” da o cümlədən. Sakinlər deyirlər ki, bu ət dükanının fəaliyyəti ilə bağlı dəfələrlə müxtəlif strukturlara şikayət etsələr də nəticəsi olmayıb.

“Şəhərin mərkəzi küçələrindən birində küçənin ortasında heyvan kəsib soymaq, tullantılarını ətrafa atmaq və antisanitariya vəziyyəti yaratmaq nə dərəcədə düzgündür? Aidyyatı orqanları niyə belə vəziyyətə göz yumur, axı dəfələrlə deyilib ki, ət kəsimi ancaq qapalı, xüsusi ayrılmış yerlərdə olmalıdır?”-şikayətçilər deyir.

Qeyd edək ki, analoji mənzərə ilə Bakının əksər yerlərində rastlaşmaq mümkündür. Şəhərin həm mərkəzi, həm də kənar məhəllələrində sanitar normalara cavab verməyən, heyvanların elə küçənin ortasında, toz-torpağın içində kəsilib soyulduğu çoxsaylı qəssabxanalara rast gəlmək olar. Hətta belə qəssabxanaları birbaşa orta məktəblərin və uşaq bağçalarının həndəvərlərində açırlar. Görünür ona görə ki, bu ərazilər potensial müştərilərin bol olduğu yerdir-axı hər gün məktəbdən və ya bağçadan uşaqlarını götürməyə gələn valideyinlər hərdən yolüstü qəssabdan ət də alırlar.

Problemlə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov virtualaz.org-a açıqlamasında artıq iki ilə yaxındır ki, belə obyektlərdə heç bir yoxlama aparılmadığını dedi. Şöbə müdirinin sözlərinə görə, Mərkəzə sallaqxanalarla bağlı hər hansı şikayət də daxil olmur: “2015-ci ilin noyabr ayının 1-dən prezidentin Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” sərəncamına uyğun olaraq,biz bu obyektlərdə heç bir yoxlama aparmırıq. Ümumiyyətlə, bizə belə hallarla bağlı hər hansı şikayət də daxil olmur. Əgər olarsa, biz Ədliyyə Nazirliyinin Vahid Reyestr xidmətinə daxil olub icazə almalıyıq və bundan sonra yoxlama apara bilərik”, – deyə Z. Kazımov bildirdi.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəisi Adil Usubov isə virtualaz.org-a açıqlamasında problemin onlara aid olmadığını bildirdi. Onun sözlərinə görə, idarə yalnız qeydiyyatda olan ət kəsimi məntəqələrinə nəzarət edir: “Bakıda hər tində heyvan kəsilirsə, bunun bizə aidiyyatı yoxdur. Biz ancaq qeydiyyatda olan məntəqələrdəki vəziyyətə nəzarət edirik. Bizim ayrıca kəsim yerlərimiz var, orada laboratoriyalarımız var, kənarda kəsilən ətlərlə işimiz yoxdur. Bizə də belə şikayətlər daxil olur, insanlar narazılıq edirlər. Amma belə qanunsuz sallaqxanalarla bələdiyyə, polis mübarizə aparmalıdır, bu bizim işimiz deyil”, – deyə idarə rəisi bildirdi.

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən də virtualaz.org-a bu problemin onlara aid olmadığını (?!) dedilər. Axı necə ola bilər ki, antisanitariya şəraitində kəsilən heyvanların ətinin istehlakçılara satılmasına görə bu struktur heç bir cavabdehlik daşımasın?

Göründüyü kimi dövlət strukturları məsuliyyəti bir-birlərinin üzərinə atırlar və nəticədə küçənin ortasında heyvan kəsib soyan qəssablar da öz işindədir…

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın