Çərşənbə , May 22 2019
Ana səhifə / Media / Bakının kustar metal sexlərində dəhşət səhnələri

Bakının kustar metal sexlərində dəhşət səhnələri

Azərbaycanda qara metallurgiya sənayesinin vəziyyətinə dair araşdırmalar zamanı Bakının ucqarlarında, yaxud köhnə sovet zavodlarının xarabalıqları arasında fəaliyyət göstərən, kustar üsulla istehsal həyata keçirən sexlərdən bir neçəsi haqda bəhs etmişdik. 

Söhbət bir vaxtlar müxalif medianın ön səhifələrindən düşməyən qalmaqalların predmeti olan, heç bir istehsal normalarına, təhlükəsizlik tələblərinə cavab verməyən, buna baxmayaraq saxta armaturlar, künclüklər və s. istehsal edib bazara çıxaran müəssisələrdən gedir.

Virtualaz.org saytının araşdırması göstərmişdi ki, bu müəssisələr tullantı metalı kustar üsulla əridərək ona zəruri qatqılar əlavə etmədən yenə kustar üsulla metal məmulatlarının istehsalı ilə məşğuldur.

Və işin ən maraqlı tərəfi bu idi ki, həmin saxta metal məmulatlarına dövlət orqanı – Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi tərəfindən vaxtlı-vaxtında sertifikat da verilirdi…

Lakin təqribən bir ay əvvəl saytımızın reportyor qrupu bu sexlərdən reportaj hazırlayanda məlum olmuşdu ki, onların bir çoxu fəaliyyətini dayandırıb.

Belə görünə bilərdi ki, bu saxta məhsul istehsalçıları nəhayət məsuliyyətlərini başa düşüblər. Heç bir normalara, metallurgiyanın əlifbasına cavab verməyən istehsalla məşğul olaraq başqalarının həyatı üçün nə dərəcədə təhlükə törətdiyini dərk ediblər, başqa işin qulpundan yapışmağı qərara alıblar. Axı belələrinin istehsal etdiyi, əksər hallarda “Baku Steel Company” şirkətinin məhsulu adı altında bazara çıxardıqları armatur, künclük və digər materiallar gələcəkdə hansısa yaşayış binasının karton evcik kimi uçub dağılmasına səbəb olmayacaqmı?

Ancaq məsələ belə deyilmiş. Redaksiyamıza Bakının ucqarlarında – Müşfiqabad qəsəbəsinin yaxınlığında fəaliyyət göstərən iki metal sexi barədə məlumat daxil oldu və reportyorlarımız həmin sexlərə daxil olaraq oradakı mənzərəni görmək imkanı qazandı.

Bəri başdan qeyd edirik ki, bu sexlərdəki mənzərə insanı doğrudan da dəhşətə salır. Axı dəhşət filmlərinin səhnələrini xatırladan belə şəraitdə necə işləmək və üstəlik istehsal həyata keçirmək olar?

Yəqin ki, oxucular və müvafiq dövlət strukturları, əməyin təhlükəsizliyinə nəzarət etməli olan orqanlar, habelə daxili bazarın saxta, heç bir normalara uyğun gəlməyən məhsullardan qorunmasına cavabdeh olan İqtisadi İnkişaf Nazirliyi və onun müvafiq departamenti reportyorlarımızın çəkdiyi bu kadrları görəndən sonra həmin suala cavab tapa biləcəklər.

Sexlərdən birincisinin ərazisinə daxil olanda orada metal tullantılarını gətirən “QAZel” markalı yük maşını və onun sürücüsü, habelə sexin tullantıları boşaldan, üst-başı mazut, his-pas içində olan iki-üç fəhləsinə rast gəldik.

Sürücü deyirdi ki, tullantıları əhalidən toplayıb. Sexin ərazisində üst-üstə qalanmış xeyli metal tullantıları görmək olar. Belə məlum olurdu ki, sexin sahibi kifayət qədər xammal ehtiyatı yığa bilib və qıtlıq çəkmir.

Ancaq işçilər deyirlər ki, hazırda iş yoxdur, işləmirlər, gətirilən metal tullantılarını çeşidləməklə məşğuldurlar.

Cəhənnəm mənzərələrini xatırladan sexin içərisinə daxil olaraq istehsalın hansı üsulla həyata keçirildiyini də görə bildik. Bu, əsl orta əsrlər dövrünün istehsal üsulu idi. Tullantılar yanacaq kimi istifadə olunan mazut və qazla qızdırılan qazanlarda əridilir və xüsusi qəliblərə tökülür, armatur və künclük istehsalı üçün yarımfabrikat alınır.

Daha sonra həmin yarımfabrikatı yenidən qızdıraraq ondan döymə üsulu ilə armatur və künclük düzəldirlər. Təbii ki, istehsal olunan məhsulun keyfiyyətinə,tərkibinə nəzarət edən laboratoriyanı heç ağla da gətirmək olmazdı. Axı belə şəraitdə nə laboratoriya, nə standart?

Və təbii ki, bütün işlər əllə, sexdə işləyənlərin həyati riski hesabına görülür. Bu cür şəraitdə istənilən vaxt insan ölümü ilə nəticələnən qəzaların baş verməsi mümkündür. Və deyilənlərə görə, belə sexlərdə indiyədək dəfələrlə ölüm faktları qeydə alınıb.

Müşfiqabad yaxınlığındakı digər sexdə isə bir qədər fərqli vəziyyətdir. Burada həm tullantı metallardan əritmə üsulu ilə məftil (“katenka”) istehsal edən sex fəaliyyət göstərir, həm də müxtəlif tokar dəzgahlarının qoyulduğu quraşdırma sexi var.

İşçilər deyir ki, onlar tullantılardan armatur və s. istehsal işini iki-üç əvvəl buraxıblar, indi guya daha təkmil istehsalla məşğuldurlar. Sexin sahibi “Şəhriyar 99” adlı MMC-dir. Məlum olur ki, bu kustar sexin müştəriləri arasında ARDNŞ də var imiş.

Bəli, səhv oxumadınız, ARDNŞ Müşfiqabad qəsəbəsinin ucqarlarında, gecəqonduların yaxınlığında yerləşən bu sexə sifariş də verir.

“Neft Şirkətinə mancanaq dəzgahlar üçün ehtiyat hissələri yığırıq, rəsmi müqaviləmiz, sifarişimiz var”- sexin Tahir Orucov adlı sahibindən telefonla bu məlumatı dəqiqləşdirə bilirik.

Sexin sifarişçilərindən biri də “Azərbaycan Dövlət Dəmiryolları” ASC-dir.

“Onlara dişli çarxlar düzəldirik, lazım olan materialları isə bazardan alırıq”– sex sahibi deyir.

İndi gəl bu müəmmadan baş aç ki, ARDNŞ kimi ciddi dövlət müəssisəsi bu cür kustar sexə neft sənayesində istifadə olunan materialların istehsalını necə sifariş verə bilər?

Bəlkə sifariş hansısa podratçıya verilib, o da öz növbəsində daha ucuz başa gəlsin deyə işi belə ucqarlarda gördürür? Hər halda bu suallara cavab verməli olan məsul şəxslər var.

Növbəti kustar sex Biləcəri qəsəbəsindədir, ancaq qapıları bağlıdır.

Dəqiqləşdiririk ki, sex bir neçə saat əvvələ qədər işləyirmiş, ancaq reportyorlarımız obyektə baş çəkənə yaxın bağlanıb. Yəni müvəqqəti bağlanıb. Axı belə sexlər həm də partizan taktikası ilə işləyirlər – Bakının ucqarlarında, truşşobaların dərinliklərində kamuflyaj olunurlar və sahibləri hansısa yoxlama, reyd keçirildiyini eşidəndə bağlayıb gizlənirlər.

Sex bağlı olsa da hasardan içəridəki mənzərəni görmək olurdu. Məftil və künclük düzəldilən bu sexdə də cəhənnəm xarabalıqlarını xatırladan mənzərə var idi…

Bəs müvafiq dövlət strukturları belə sexlərin fəaliyyətinə necə göz yumur? Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi belə sexlərin məhsullarını keyfiyyət sertifikatı ilə təchiz edərkən heç bir məsuliyyət hiss etmirmi?

Axı Bakıda saxta üzlük materiallar ucbatından hansı faciənin baş verdiyini, dövlətin büdcəsinə yüz milyonlarla manat ziyanın dəydiyini hamı gördü…

 

 

Həmçinin oxuyun

Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib.“Report” xəbər verir …

Bir cavab yazın