Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəziyyətlə bağlı xəbərdarlıq etsə də, çağırışlarına məhəl qoyulmur, hansı ərazilərdə tikintinin aparılmasının təhlükəli olduğunu əks etdirən sənədin tələbləri nəzərə alınmır.

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyir ki, sürüşmə təhlükəsi olan zonalarda hansısa işlər aparılarkən mütləq sözügedən qurumdan rəy alınmalıdır. Rəy üçün tikintini aparan şəxslər nazirliyə müraciət etməlidirlər. Çünki yerli icra hakimiyyəti orqanları tikintiyə icazə verən zaman həmin sənədi mütləq tələb etməlidirlər.

Bu zaman həmin zonalarda tikilən evlər eləcə də baş verə biləcək faciəvi hadisələrə görə məsuliyyət məsələsi gündəmə gəlir. Sürüşmə zonasında müşahidə edilən aktivlik də təhlükənin ciddiliyindən xəbər verir.

Müşahidələr bir daha sübut edir ki, ərazidə tikintilərin aparılması qadağan edilməli və qabaqlayıcı tədbirlər görülməlidir.