Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Media / Bakının “Baksol”u: donuzxanalar, dözülməz üfunət, antisanitariya…

Bakının “Baksol”u: donuzxanalar, dözülməz üfunət, antisanitariya…

“Üfunət iyi və çirkabdan məhəlləyə girmək mümkün deyil.  Xüsusən də yay aylarında vəziyyət dözülməz olur. Doğrudur, qışda da dərdimiz bir başqadır. Yollar asfaltlanmadığından dizə qədər palçığa batırıq. Yayda isə üfunətdən boğuluruq”.

Bunu virtualaz.org-a paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin “Baksol” yaşayış massivində yaşayan sakinlər bildiriblər. Yaşayış massivinin bir tərəfi daş karxanaları olduğundan onsuz da zəhərli, tozlu havanı udmaq məcburiyyətində qalan sakinlər digər tərəfdən də heyvan, xüsusən də donuz kəsimi ilə məşğul olan obyekt sahiblərinin əlindən rahat nəfəs ala bilmirlər.

Üfunət iyi bütün qəsəbəni bürüyüb. Burada heyvanlar natəmiz şəraitdə kəsilir, qanı tökülən torpaq yuyulmadığından və dərisi zibilliyə atıldığından leş qoxusu ətrafa yayılır.

Donuzların saxlandığı yerə daxil ola bilməsək də qəsəbə sakinlərindən öyrəndik ki, burada donuz əti 6 manata satılır. Hətta kifayət qədər alıcıları da var.

Yaşayış massivində yüksək gərginlikli elektrik xətlərinin düz altında, taxta, dəmir parçaları ilə hasarlanmış ərazidə qoyunlar da saxlanılır. Antisanitariya şəraitində kəsilən qoyunlar elə bu şəraitdə də soyulur və əti satışa çıxarılır.

Problemlə bağlı araşdırma Rəsulzadə qəsəbə Bələdiyyəsi ilə əlaqə saxladıq. Məlum oldu ki, yaşayış massivinin problemi ilə bələdiyyədə də tanışdırlar. Bələdiyyənin təsərrüfat şöbəsinin müdiri Sabir Qocayevin virtualaz.org-a bildirdiyinə görə, dəfələrlə üfunət iyi və antisanitariyanın aradan qaldırılması ilə bağlı tədbir görsələr də, nəticəsi olmayıb. Sakinlər bir-iki ay qayda-qanuna əməl etsələr də, sonra yenidən antisanitariya şəraitində donuz , mal-qara saxlamaqda davam edirlər.

“Ayda 2 dəfə bələdiyyə nümayəndələri ərazidə olur. Bundan başqa, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin , Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları demək olar ki, hər həftə “Baksol” yaşayış massivində olurlar. Dəfələrlə ərazidəki antisanitariyaya polisin iştirakı ilə akt tərtib olunub və belə halların qarşısı alınıb, cərimə cəzaları verilib, amma xeyri yoxdur. Bir müddətdən sonra yenidən qəsəbə əvvəlki vəziyyətinə qayıdır”-bələdiyyə nümayəndəsi deyir.

S. Qocayevin sözlərinə görə, əvvəllər yaşayış massivinin demək olar hər yerində donuz saxlanılırdısa, indi yalnız iki yerdə donuz saxlanılır: “Biz sakinlərə izah etməyə çalışırıq ki, qanunla insan yaşadığı ərazidə heyvan saxlanılmaz. Orada yaşayanların əksəriyyəti məcburi köçkünlərdir. Dəfələrlə xəbərdarlıq etmişik, çünki bələdiyyənin başqa səlahiyyəti yoxdur. Sakinlər etiraz edirlər ki, “nə edək acından ölək?”

 

Həmçinin oxuyun

“Associated Press” İlham Əliyevin xalqa müraciətindən yazdı

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, …

Bir cavab yazın