Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Bakının ən böyük özəlliyi sakinlərin ən böyük bəlasına çevrilib – SORĞU

Bakının ən böyük özəlliyi sakinlərin ən böyük bəlasına çevrilib – SORĞU

İsti yay ayları yaxınlaşır. Bakının dözülməz istisindən qorunmaq üçün şəhər sakinləri hər il çimərliklərə üz tuturlar. Bəs, çimərliklərimiz paytaxt əhalisi və turistlərin istirahəti üçün yararlıdırmı? Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında, Abşeron çimərliklərində əsas problemlərin nədən ibarət olmasına dair kiçik sorğu keçirib.

Anar Əhmədov: “Bakının kanalizasiya sularını dənizə axıtmasınlar, başqa heç nə lazım deyil”.

Vüqar Abbasov: “Dəniz demək olar ki, bütövlükdə hasara alınıb. Hasara alınmış çimərliklərə giriş qiymətləri əhalinin cibinə uyğun deyil. Ümumi çimərliklərdə sahil təmizlənmir. Çimərliklərdə istirahət etmək üçün çətirin, masaların, oturacaqların icarə qiymətləri çox bahadır”.

İlham Məhərrəmov: “Çimərliklərimizdə əlilliyi olan insanlar üçün şəraitin olmaması ən böyük problemlərdəndir”.

Bəxtiyar Hacıyev: “Yayı çimərliklərdə keçirən biri kimi deyə bilərəm ki, sahillərin natəmizliyi, hasarlanmış çimərliklərə girişə görə pul tələb olunması doğru deyil. Bəlkə mən heç nə yeməyəcəm, sadəcə dənizdə üzəcəm? Üzməyə görə də pul ödəməliyəm? Eyni zamanda, hasarlanmış çimərliklərdə bərbad xidmət, nisbətən səliqəli istirahət məkanlarında isə bahalıq. Hətta ailəvi istirahət yerlərində uşaqların əylənməsi üçün normal şəraitin olmaması, əksər çimərliklərə avtobusların getməməsi əsas problemlərdəndir”.

Elnur Mədətoğlu: “Sanitar-gigiyeniya qaydalarına əməl olunmaması, çimərlik zonalarının demək olar ki, hamısının ayrı-ayrı şəxslər tərəfindən zəbt olunması və pullu olması əsas problemlərdir. Nəinki çimmək, maşın saxladığına görə də süni şəkildə pul tələb etmələri acı reallığımızdır”.

Rəşad Rəhmanov: “Çimərlik mədəniyyətinin olmaması əsas problemlərdəndir”.

Günel Fərhadqızı: “Antisanitariya, xidmət haqqlarının yüksək olması əsas problemlərdəndir. Dənizətrafı çox yerlərin alınaraq özəlləşdirilməsi və dənizə pulsuz çıxışın olmaması, kanalizasiya suyunun axması və daha sonra xəstəliklərə yoluxmaq, satılan qida məhsullarının keyfiyyətinin aşağı olması və onlardan zəhərlənmə hallarının çoxluq təşkil etməsi, həmçinin xilasedicilərin işinə biganə yanaşması əsas problemlərdəndir”.

Rauf Alagözov: “Ən böyük problem çimərlik mədəniyyətinin olmamasıdır. Qarpızı yeyib çimərliyə atan insanların antisanitar vəziyyətdən şikayət etməsi isə sadəcə gülüncdür”.

Zaur İbayev: “Bizim çimərliklər çirkab içindədir. Çünki Xəzərin heç bir dəniz və okeana çıxışı yoxdur. Bakı şəhərinin bütün çirkab suları və kanalizasiya xətləri dənizə axıdılır. Bizim çimərliklər müxtəlif xəstəliklər mənbəyidir”.

Vüsal Qarayev: “Əslində xalqa məxsus olmalı çimərliklərin özəlləşdirilib, hasarlanıb, xalqın əlindən alınması ciddi problemdir. Üstəlik, xidmət də çox pis vəziyyətdədir”.

Sevinc Bayramova: “Çimərlik sahillərinin zibilliyə çevrilməsi çox pisdir. Quma girirsən, qarpız qabığı, butılka çıxır qumun altından. Suya girirsən, polietlin paketlər ilan kimi adamın ayağına dolanır. Təmiz çimərlik üçün gərək pullu çimərliyə gedəsən. Görəsən xalqa məxsus çimərliklər niyə xalqın bəzi nümayəndələrinə məxsus olur, xalqa yox?!”

Ayəndə Dadaşova: “Bəzilərində bahalıq, bəzilərində çirkli olması ən böyük problemlərdəndir”.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın