Cümə , Noyabr 27 2020
Ana səhifə / Media / Bakıdakı mobil telefon dükanları bağlana bilər – REPORTAJ, FOTOLAR

Bakıdakı mobil telefon dükanları bağlana bilər – REPORTAJ, FOTOLAR

Manatın devalvasiyası iqtisadiyatın bir çox sahələrini çökdürdü ki, mobil telefon bazarı da bu sıradadır. Devalvasiyanın ilk günlərində mobil telefonların 30-35 faiz bahalaşması haqqında məlumat vermişdik. Ancaq indi problem daha da kəskinləşib. Telefon ticarəti ilə məşğul olanlar müflis olmaq təhlükəsi ilə üz-üzədir.
Musavat.com-un müxbiri mobil telefon bazarındakı son durumu öyrənmək üçün paytaxtın müxtəlif yerlərindəki satış mərkəzlərinə baş çəkib.
Azərbaycan vətəndaşlarının mobil telefona marağının çox olması və az-çox imkanı olanların hər zaman son model mobil telefon işlətmək arzusu bu bazarı ayaqda saxlayan amillərdən biri idi. İndi isə bir tərəfdən əhalinin gəlirlərinin azalması, digər tərəfdən mobil telefonların həddindən artıq bahalaşması insanların bu həvəsini öldürməyə kifayət edib.
Baş çəkdiyimiz mobil telefon satış mərkəzlərinin işçiləri də son iki ayda ziyanla işlədiklərini bildirdilər:“Mobil telefonların bahalaşması bizdən asılı olan məsələ deyil. Qiymətlərdə dəyişiklik olmayıb, sadəcə dollarla olan qiyməti manata konvertasiya edəndə 30-35 faiz artım olur. Bu səbəbdən də insanlar hazırki vəziyyətdə yeni telefon almağa çalışmırlar. Gözləyirlər ki, bəlkə qiymətlər ucuzlaşacaq. Bu da bizim gəlirlərimizi azaldır. Demək olar ki, gün ərzində boş-bekar oturub, müştəri yolu gözləyirik”.
Samir adlı başqa bir satıcı da ziyanla işlədiklərini deyir: “İki aydır ki, ziyanla işləyirik. Satış yoxdur, gəlirlərimiz azalıb. Hər ay 3000 manat icarə haqqı veririk. Ancaq heç min manat gəlirimiz olmayıb. Məcburuq ki, öz cibimizdən icarə haqqını ödəyək. Bir ay da ziyana işləsək, dükanı bağlamalı olacağıq. Çünki insanlarda pul qalmayıb. Elə insan var ki, telefonunu təmirə verib, bir aydır, pulu yoxdur, gəlib telefonunu götürə bilmir. Belə olan halda biz də uzun müddət işləyə bilməyəcəyik”.
İşlətdiyi mobil telefon satışı mərkəzini bağlayacağını deyən Yalçın Quliyev isə sözlərinə görə, evin yeganə qazanc gətirəni odur və indi burada ziyana işləyir: “Evdə 6 nəfərik. Bir ay öncə atam və anam çalışdığı yerlərdə ixtisara düşdülər, indi ikisi də işsizdir. Evin böyük uşağı mənəm, ailəni mən dolandırırdım, ancaq bu ay 800 manat ziyana düşmüşəm. Ona görə də, obyekti bağlamağa qərar verdim. Bundan sonra çörək pulunu haradan qazanacağımı bilmirəm. Hökumət manatın bahalaşması üçün bir addım atmasa vəziyyət pis olacaq”.
Qeyd edək ki, bahalaşma hər modeldən olan mobil telefonların qiymətinə təsir edib. Əvvəllər 399 manata satılan Samsung Galaxy S4 markalı telefon indi 534 manata təklif olunur. İphone 6 markalı telefonun qiyməti 599 manatdan 690 manata qalxıb. 200-250 manatlıq telefonlarda isə 60-80 manat arasında qiymət artımı müşahidə olunur. Bir sözlə yeni telefon almaq istəyənlər üçün indi ən uğursuz vaxtdır.
Satıcılarla söhbət zamanı o da məlum oldu ki, ilin sonuna qədər mobil telefon satışı ilə məşğul olan mərkəzlərin yarısı bağlana bilər.
Durumu dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, mobil telefonlarda qiymət artımı təbii prosesdir: “Məzənnə fərqini mobil telefonların qiymətinin üzərinə gəlmədən bu sahədə işləmək mümkün olmazdı. Çünki devalvasiyadan sonra xaricdən gətirilən telefonların qiyməti manatla ifadəsində 34-35 faiz qalxıb. Ona görə də qiymət artımı qaçılmaz idi.
İkinci bir səbəb isə odur ki, kreditlərin verilməsində problemlər yaranıb. Banklar manatla kredit verməkdən ümumiyyətlə imtina edirlər. Mobil telefon bazarında da istehlak kreditləri çox yüksək səviyyədə idi. Bütün telefon dükanları demək olar ki, manatla kredit xətti açmağa hazır idilər. İndi isə banklar tələb edir ki,  kredit xətləri yalnız dollarla açılsın. Ona görə də, satışlar aşağı düşüb”.
Ekspert onu da bildirdi ki, burada çıxış yolu inzibati tənzimləmə üsulu deyil: “Görünən odur ki, hökumət bütün sahələrdə inzibatı yolla qiymət artımının qarşısını almağa çalışır. Bu, bazar qanunlarına ziddir. Bunun əvəzinə gömrük rüsumlarını sıfırlamaqla və ya xeyli dərəcədə azaltmaqla, bu sahədə olan inhisarı aradan qaldırmaqla, ciddi qiymət azalmasına nail olmaq olar. Bu sahədə rəqabətin artması isə iş adamlarını məcbur edəcək ki, müştərilərinə bank vasitəsi ilə deyil, birbaşa özləri kredit xətti açsınlar. Bu da satışların artmasına imkan yaradacaq”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …

Bir cavab yazın