Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bakıdakı bu yol yalnız xəstəxanaya doğru aparır

Bakıdakı bu yol yalnız xəstəxanaya doğru aparır

Yerüstü, yeraltı, zolaqlı piyada keçidləri, səkilər… Bütün bunlar insanların həyatlarını qorumaq, onların təhlükəsiz şəraitdə hərəkəti üçün nəzərdə tutulub. Lakin elə yerlər də var ki, burada piyadaların hərəkət etdiyi yollar onların həyatları üçün təhlükə mənbəyinə çevrilib. Bu yazımızda sizə belə bir yer haqqında bəhs edəcəyik.

Söhbət Abşeron rayonu, Sulutəpə dördyolu adlanan əraziyə yaxın olan Şəfiqə Əfəndizadə küçəsindən gedir. Buradakı piyadalar üçün ayrılmış yolu tamamlamaq deyəsən, yaddan çıxıb. Çünki ayağının altına diqqət etməyənlər burada ayaqsız qala bilərlər.

Belə ki, piyada yolu tən ortadan ikiyə bölünür. Yolun sonunda 2-3 metrlik çökəklik var. Bura ilə hərəkət edən piyadalar bunu görmədikləri üçün həmin çökəkliyə düşərək, ağır bədən xəsarətləri alırlar. Yerli sakinlər artıq buranı “Həkim yolu” adlandırırlar. Çünki son bir ay ərzində burada 7 nəfər yıxılaraq, həkimə getməli olub. Onların bəziləri hələ də xəstəxanada yatırlar.

Bu haqda məlumat verən İlhamə Allahverdiyeva da bir müddət öncə belə bir hadisəni yaşayıb: “Hava qaralmışdı. İşdən gəlirdim. Maşın vurmasın deyə, piyada yolu ilə hərəkət edirdim. Hər yer qaranlıq idi. Birdən elə bildim yer ayağımın altından çəkildi. Sən demə, yolun sonunda 2-3 metr dərinliyində qazılmış quyu varmış. Yıxıldım yerə… Səsimə ətrafdakı insanlar gəldilər. Təcili yardım çağırdılar. Bir neçə gün xəstəxanada yatdım. Əməliyyat olundum. Hazırda ayağım gipsdə qalıb”.

Məsələ ilə bağlı adıçəkilən ünvanda olduq. Öyrəndik ki, belə təhlükəli halın yaranmasına səbəb, ərazidə təmir-bərpa işləri gedən zaman işçilərin məsuliyyətsizliyidir.

I Avropa Oyunları zamanı yerli icra hakimiyyəti ərazini hasarlamağa başlayıb. Sakinlərin özlərinin tikdiyi hasarlar sökülüb, onların yerinə evlərin görünməyəcəyi hündürlükdə yeni hasarlar hörülüb. Bu zaman sakinlərin evlərinə gedən yolları da dəyişdirilib. Hər şey də bundan sonra başlanıb.

Ərazidə yaşayan insanların evlərinə gediş-gəlişi çətinləşib. Onlara standartlardan kənar yol ayrılıb ki, bu da hazırda sakinlərin tez-tez yıxılmasına səbəb olur.

Sakinlərin sözlərinə görə, hasarlanma zamanı işçilər heç bir qaydaya uymayıblar: “Bizim evlər qanunidir. Hamımızın sənədi var. Hasarlarımız da normal şəkildə idi. Camaat üçün də heç bir problem yaratmırdı. Hamı rahat gedib-gəlirdi. Bir dəfə dedilər ki, hasarı söküb, yerini dəyişməliyik, etdik. Sonra I Avropa Oyunları zamanı həmin hasarı da sökdülər, yerinə kasıb evləri görünməsin deyə, hündür hasarlar tikdilər. Həmin tikinti zamanı normalda həyətimdə olan ağaclar, küçədə qaldı. Guya yolu genişləndirdilər.

Mənə də elə yol qoydular ki, düz piyada yolunun soluna düşdü. Camaat gecə vaxtı bu yolla gedəndə düşürlər qapının yanına… Qolları, ayaqları əzilir. Xəstəxanalıq olurlar. Çünki piyadalar üçün salınan səki heç bir standarta uymur. Yol gəlir, qəfil sola dönür. Sağı da, solu da beton… Divarlarda yolun işıqlanması üçün elektrik var, lapma yoxdur. Ayağının altını görməyən adam təbii ki, yıxılacaq. Mən özüm iki nəfərin yıxılmasına şahid olmuşam.

Mən həyətimdə yer ola-ola, maşınımı küçədə saxlayıram ki, gecə vaxtı nə qədər qaranlıq da olsa, maşın bir az işıqlı görünür. Onu görən başa düşsün ki, burada çökəklik var, ehtiyatlı olsun. Bu təhlükəni həll etməyin sadə üsulu var. 4-5 metr yerdir. Dəmirdən tutacaq düzəltsinlər. Heç kim yıxılmasın. Bir də ki, işıqlandırma sistemi görüntü üçün olmasın, həqiqətən də işləsin. Bu qədər sadə…”

Digər bir rayon sakini deyir ki, hasarlanmadan sonra evinə gediş-gəlişi çətinləşib: “Özümün sənədli-sübutlu evimə elə gedirəm ki, elə bil yerin altında yaşayıram. Xərc çəkib, səliqəli formada evimə pilləkən düzəltdirmişdim. Sökdülər, yerinə xaraba günündə bir pilləkən qoydular. Divarın içində başımı əyib, həyətimə girirəm”.

Bu yoldan tez-tez istifadə edən Fərhad Səfərovun sözlərinə görə, yolu tanıyanlar artıq bu hala alışıblar: “Mən yaxınlıqda marketdə işləyirəm. İşdən əsasən axşam saatlarında çıxıram. Amma burada yıxılmamışam. Çünki yolu tanıyıram. Bilirəm ki, ağacları keçən kimi dayanmaq lazımdır. Düz getsəm, betona çırpılacağam. Ancaq ki, kim buradakı yolu bilmirsə, onun işi çətindir. Məsələn, keçən dəfə bir yaşlı qadın burada yıxıldı. Səsinə gəldik. Gördüm ki, ayağı qırılıb, qaşı aralanıb. Əlində meyvə dolu çanta var idi. Başını qorumağa belə macal tapmamışdı. Ağrıya dözmədi, huşunu itirdi. Təcili yardım çağırdıq, apardılar”.

Kənardan xırda bir məsələ kimi görünə bilər. Amma adi bir iş səhlənkarlığı ucbatından vətəndaşlar əziyyət çəkirlər, bədən xəsarətləri alırlar. Bunun qarşısını almaq elə də çətin deyil. Sadəcə, məsuliyyətli şəxslər qısa zamanda bu yolu piyadalar üçün normal vəziyyətə gətirməlidirlər. (musavat.com)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın