Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda yaşıllıq ərazini hasarlayıb, sotu 100 min manata satırlar – REPORTAJ, FOTOLAR

Bakıda yaşıllıq ərazini hasarlayıb, sotu 100 min manata satırlar – REPORTAJ, FOTOLAR

Xətai rayonunda ağacların “soyqırım”ı davam edir. Ukrayna dairəsi istiqamətində, Heydər Əliyev parkının yaxınlığında, magistral yolun kənarında yaşıllıqlar məhv edilir. İddialara görə, yolun kənarına yaxın ərazilər hasarlanaraq yüksək məbləğə satılır. 
Musavat.com-un müxbiri adıçəkilən parkda olub və vəziyyətlə maraqlanıb. Bu ərazi baxımsız vəziyyətdə olsa da, Heydər Əliyev parkının davamı sayılır.
Lakin görünür, ərazi kommersiya baxımından qiymətli olduğundan aidiyyatı qurumlar bu yaşıllığın parka çevrilməsini yox, məhv edilərək satılmasını daha üstün tuturlar. Ümumilikdə, 20 sota yaxın əraziyə dəmir sədd çəkilərək, özəlləşdirilib. Parkın iki yerində hasarlanma işləri aparılıb.
Həmin ərazidə yaşayan sakinlər bildirdilər ki, işadamları son illər parkı bu şəkildə zəbt edib, yaşıllığı qurutmağa çalışırlar: “Yaşıllığı məhv edərək yerində obyekt tikmək istəyirlər. Magistral yolun kənarında şəxsi məqsədlər üçün obytekt tikilir. Nədənsə aidiyyatı qurumlar bunlara göz yumur. Belə yerləri hasarlayıb yüksək məbləğə satmaq istəyirlər. Çox güman ki, bu parkın içərisində çoxmərtəbəli bina və kafenin tikilməsi nəzərdə tutulub. Bir neçə ildir ki, park acınacaqlı durumdadır. Bu ərazi Heydər Əliyev parkının bir hissəsi sayılır. Görünür, Xətai Rayon İcra Hakmiyyəti parkı hissə-hissə satmağı nəzərdə tutub. Baxımsızlıqdan park bərbad vəziyyətə düşüb. Buradan hər gün yüzlərlə adam keçir. Yay vaxtlarında burada dincəlirdik. Görünür, birazdan parkdan keçməyə belə, yol olmayacaq”.
Adının çəkilməsini istəməyən bir şəxs hasarlanan ərazilərin iki nəfərə satıldığını dedi: “2-3 ildir ki, park bu vəziyyətdədir. Yol kənarına yaxın yerlər satılır. Eşitdiyimə görə, sotu 100 min manatdır. Hasarlanan ərazilərdən biri 1 milyon 200 min manata satılır. Digəri isə mübahisəlidir. Bu səbəblərdən tikinti apara bilmirlər. İki şəxsə satıldığını deyirlər. Bunlardan birində bina, digərində isə kafe, yaxud tikinti materialları obyekti inşa olunacaq. Lakin o vaxtdan ərazidə heç bir tikinti aparılmayıb. Amma parkda ağaclar getdikcə seyrəkləşir. Ağaclar quruyur, parkın pilləkənləri bərbad vəziyyətə düşüb. İllər öncə parkın yuxarı hissələrində ağaclar sıx idi. Lakin indi həmin yerlərdə ağac qalmayıb. Ya quruyur, ya da kimsə kəsdirir… Görünür, bunu məqsədli şəkildə edirlər”.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov bu barədə araşdırma aparıb, informasiya verəcəyini bildirdi. Lakin sonradan zənglərimizə cavab verilmədi.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Məğrur Mərd,
Fotolar müəllifindir.

















Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın