Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / Bakıda yanan binaların 11 aydır sönməyən tüstüsü…

Bakıda yanan binaların 11 aydır sönməyən tüstüsü…

İstintaq işi niyə bu qədər uzadılır?

Ötən ilin ən dəhşətli hadisələrindən biri də Xətai və Binəqədidə yaşayış binalarında baş verən yanğınlar oldu. Binaların fasadına çəkilən tez alışan poliuretan üzlüyün yanması səbəbindən birinci hadisədə 50-dən çox ailə evini və əşyalarını itirdi.
Binəqədi rayonunda,  Azadlıq prospekti, 200 ünvanında baş verən ikinci və daha dəhşətli yanğında isə 4-ü uşaq olmaqla, 15 nəfər öldü, onlarla insan yaralandı.
Bundan sonra ölkədə genişmiqyaslı proses aparıldı. Bakıda baş alıb gedən “penoplast” təhlükəsi aradan qaldırıldı. Qısa müddətdə yüzlərlə binanın fasadı söküldü və yeniləndi. Xatırladaq ki, həmin ərəfədə I Avropa Oyunlarının keçirilməsi gündəmdə olduğundan bu məsələ həm də ölkənin imici baxımından təhlükəli hesab edildi. 
Ölkə başçısının əmri ilə yaradılan komissiya yanğının baş verməsinin günahkarları ilə bağlı araşdırma aparsa da, bu gün də hadisənin əsl səbəbkarları məhkəmə qarşısına çıxarılmayıb.
Artıq aprelin 10-da Xətai rayonunda, Zığ şossesində baş verən yanğının bir ili tamam oldu, təxminən bir aydan sonra da Binəqədidəki yanğının ili başa çatacaq.
Hadisəyə görə həbs olunanlar isə birbaşa deyil, dolayısı ilə bu prosesdə məsul olanlardır.  Bəziləri isə ümumiyyətlə, bu cinayətlə heç bir əlaqəsi olmayan şəxslərdir.
Xatırladaq ki, Binəqədidə baş vermiş yanğına görə 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, poliuretan məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov,  2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov tutuldu.
Onlardan başqa Xətai rayonunda baş verən yanğınla əlaqəli “TNH” səlahiyyətlisi Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edildi. Hazırda isə Binəqədidə və Xətaidə binalarda baş verən yanğınlarla bağlı işlər eyni icraatda birləşdirilərək araşdırılır.
Hüquqşünaslar isə hesab edirlər ki, Binəqədidəki binaya görə həbs olunanların dairəsi genişləndirilməlidir. Çünki bu faciələrin səbəbkarları  bütün rayonu poliuretan üzlüklə yeniləməyə əmr verəcək səlahiyyəti olan şəxslərdir ki, onlar hazırda azadlıqdadırlar və heç bir məsuliyyətə cəlb edilməyiblər.
İstintaq isə sonuncu dəfə 2016-cı il martın 19-dək uzadılıb. Lakin hələ iş üzrə məhkəmə baxışı olmayıb.
Bəs görəsən, proses niyə yubadılır? Hökumət bu prosesdə böyük başların getməsindənmi narahatdır? 
Hadisənin araşdırılması ilə bağlı yaradılan dövlət komissiyasının sədri Abid Şərifov nə üçün ictimaiyyət qarşısına çıxıb istintaqın gedişi və yekunları ilə bağlı hesabat vermir?
Ümumiyyətlə, hər hansı cinayət prosesinə görə başladılan istintaq nə qədər davam etməlidir və neçə dəfə uzadıla bilər?
Hüquqşünas Müzəffər Baxış “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Cinayət Prosessual Məcəlləsində təsnif olunan hər növ cinayət işinin konkret istintaq müddəti var: “Cinayət Prosessual Məcəlləsində konkret cinayətlər ictimai təhlükəsizlik dərəcəsi baxımından təsnifləşdirilir və böyük ictimai təhlükə törətməyən, ağır və xüsusilə ağır cinayətlərə ayırd edilir. Bu təsnifata uyğun olaraq, Cinayət Prosessual Məcəlləsində həmin cinayətlər üçün konkret  istintaq müddəti müəyyən edilir. Cinayəti törədən şəxslər bəllidirsə, həmin müddətlərdə istintaq işi yekunlaşmalı və məhkəməyə göndərilməlidir. Bu baxımdan mən bilmirəm ki, o işdə kimə hansı ittiham irəli sürüblər və o hansı cinayət kateqoriyasına daxildir. Böyük ictimai təhlükə törətməyən cinayətdirsə, qanunda həmin cinayətə görə, qəsdən və ehtiyatsızlıqdan törədilməsinə görə, azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmayan  və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan  cinayətlərin istintaq müddəti 6 aydır. Yəni əgər cinayət açılıbsa və törədən bəllidirsə, o cinayət işi üzrə istintaq müddəti 6 aydan artıq uzadıla bilməz. Az ağır cinayətlər üçün  bu müddət  9 aydır.  Ağır cinayətlər üçün 12, xüsusilə ağır cinayətlər üçün 18 aydır.  Əgər cinayəti törədən bəllidirsə, istintaq bu müddətdən artıq davam edə bilməz”.
Hüquqşünas onu da vurğuladı ki, Azərbaycanda nə Cinayət Prosessual Məcəlləsinin, nə Cinayət Məcəllənin, nə də Konstitusiyanın tələblərinə əməl olunmur, bu baxımdan istintaqdan ədalətli nəticə gözləməyə dəyməz: “İstintaq orqanı siyasi göstərişə əsasən istədiyi qanunsuz qərarı qəbul edə bilir. Ona görə də mən sizə tam məsuliyyətlə deyirəm ki, o binaların tez alışan örtüklə üzlənməsində, yanmasında, ayrılan vəsaitlərin mənimsənilməsində məsuliyyət daşıyan konkret vəzifəli şəxslər bəllidir. Sadəcə olaraq, onlar məsuliyyətə cəlb edilmir. Bu qədər bina üzləşdirilib, lakin ortada  bir dənə müqavilə yoxdur ki, bu pullar haradan gəlib, sifarişi kim verib. Məsuliyyət daşıyan konkret şəxslər cəmiyyətə bəllidir, lakin onlar məsuliyyətə cəlb olunmur. Amma mən hələ o vaxt demişdim ki, hər iki binanın yanmasına görə konkret şəxslərin cinayətə cəlb olunması ilə bağlı göstəriş verilməsə, onlar məsuliyyətə cəlb edilməyəcək. Siyasi göstəriş olmadıqda, həmin vəzifəli şəxsləri məsuliyyətə cəlb etməyə istintaqın da gücü çatmır. Siyasi göstəriş olmadığına görə həmin binaların yanmasında ciddi məsuliyyət daşımayan, heç bir günahı olmayan, MİS-də işləyən şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Ona görə də istintaq həmin şəxslərə qarşı cinayət iddialarını sübuta yetirə bilmir. Həmin şəxslərə məhkəmə tərəfindən cinayət hökmü çıxarılsa belə o hökmlər əsassızdır”.
Bir daha qeyd edək ki, Binəqədidə baş verən yanğının araşdırılması ilə bağlı yaradılan komissiyaya baş nazirin birinci müavini Abid Şərifov başçılıq edirdi. Biz də prosesin nə yerdə olduğunu öyrənmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxladıq. Akif Əli “Yeni Müsavat”a bildirdi ki, ölkə başçısının qərarına uyğun olaraq , hər iki yanğında ziyan çəkənlərə müvafiq kompensasiyalar ödənildi, mənzilləri təmir olundu və bütün ailələr mənzillərinə köçürüldü. Bununla da komissiyanın əsas işi yekunlaşdı. İstintaq işi isə Baş Prokurorluqda davam etdirilir.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə istintaq işinin yekunları ilə bağlı ən qısa müddətdə qəzetimizə açıqlama  verəcəyini bildirdi. 

Həmçinin oxuyun

“Qafqazın Xirosiması” – “France-24” Ağdamdan reportaj hazırladı – VİDEO

Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 …

Bir cavab yazın