Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bakıda şəhidlər abidəsi baxımsızlıqdan bərbad hala düşüb

Bakıda şəhidlər abidəsi baxımsızlıqdan bərbad hala düşüb

Xətai rayonu, Zığ şossesindəki şəhidlər abidəsi baxımsızlıqdan bərbad hala düşüb. Abidənin yerləşdiriyi park isə aylarla təmizlənmədiyindən keçilməz haldadır.

Bu barədə virtualaz.org saytına ərazidə yaşayan sakinlər məlumat veriblər.

“Abidə Qarabağ müharibəsində şəhid olmuş Xətai rayon sakinlərinin xatirəsinə ucaldılmışdı. Amma sonralar unuduldu və baxımsızlıqdan dağıldı. Küçə zibillikdən təmizlənir və tullantılar abidənin arxasına yığılır. Axşamlar ərazidən keçmək mümkün olmur”, -ərazidə yaşayan Arzu Quliyev bildirib.

Şəhidlər abidəsi Xətai Rayon Polis İdarəsi ilə Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatının yaxınlığında yerləşir. Amma bura müharibədən yeni çıxmış xarabalığı xatırladır. Abidənin ətrafına çəkilmiş zəncir arakəsmələr paslanaraq bir neçə yerdən qopub, ərazini işıqlandıran elektrik dirəkləri əyilib, lampalar qoparılıb, döşəmə çöküb. Ana heykəlinin hissələri qırılaraq ətrafa dağılıb. Səkkizguşəli ulduz və məşəldən isə yalnız bir-iki qırıntı xatirə qalıb. Ən acınacaqlısı isə odur ki, 8 şəhidin şəkli və adı döyülmüş sinə daşlarının üzlüyü qopub, şəkillər görünməz hala düşüb.

“Şəhidlər abidəsi ucaldılandan sonra ətraf abadlaşdırılmışdı, oturacaqlar quraşdırılmışdı. Sonradan abidə kimi park da baxımsız qaldı, ağaclar qurudu. İndi buranın yalnız adı qalıb”, – sakinlərdən biri Elman Əliyev deyir.

Onun sözlərinə görə, artıq heç kim buranı Şəhidlər abidəsi kimi tanımır. “Bir-iki sakin yığışıb Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdik. Amma şikayətimizə cavab ala bilmədik, heç bir reaksiya verilmədi. Sonradan icra hakimiyyətinə zəng vurub müraciətimizin cavabı ilə maraqlandıq. Dedilər ki, bizə sovet əsgərlərinin abidəsi lazım deyil. Deyəsən, onların da burdakı abidədən xəbəri yoxmuş. Elə bilirlərmiş ki, bura sovetlər dönəmindən qalıb, sovet əsgərlərinin adına ucaldılıb. Çünki gəlib bircə dəfə də olsa maraqlanmayıblar. Heç bizim müraciətimizdən sonra da gəlib maraqlanan olmadı”.

Digər sakin isə söyləyir ki, şəhidlər abidəsinə bu cür münasibət onları incidir: “Axı bu abidəyə münasibət şəhidlərə münasibət kimi yozulur. Gənclər, balacalar da bunu görürlər. Biz onlara vətən sevgisini aşılamalıyıq. Bilməlidirlər ki, şəhidlərin adını ucaltmaq lazımdır”.

Parkın yaxınlığında tibb müəssisəsi, beşmərtəbəli binalar, yataqxanalar yerləşir. Hər gün qarşısından onlarla sakin keçir. “Park kiçik olsa da, əvvəllər təmizlənirdi, oturacaqlar vardı. İndi də təmir edilsə, ətrafdakı hər kəsin istirahət məkanına çevrilə bilər. Çünki ətrafda park yoxdur”, – sakinlər deyirlər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın