Ana səhifə / Media / Bakıda qəzetsiz, saqqız, çipsi satılan köşklərdən – Reportaj

Bakıda qəzetsiz, saqqız, çipsi satılan köşklərdən – Reportaj

Bakıda köşklər qəzet üzünə həsrət qalıblar. Bu gün köşklərdə qəzetdən başqa hər bir məhsul satılır. Hələ bu ayrı mədəniyyətsizlikdir ki, getdikcə paytaxtda köşklərin sayı azalır.

Türkiyədə, Gürcüstanda, Avropa ölkələrində qəzet köşkləri şəhərlərin mədəniliyinin əlamətləridir. Köşklərsiz də şəhərlər olarmı? Demə, Bakı kimi mədəniyyət mərkəzlərindən biri sayılan şəhərdə olarmış…

Bir neçə il əvvələ qədər metroda, avtobuslarda əlində qəzet oxuyan sərnişinlər çox görmək olardı. İndi onların da sayı kəskin şəkildə azalıb.

Bu da qəzetlərin tirajının aşağı düşməsinə gətirib çıxarır. Hazırda “Qaya”, “Qasid” kimi ənənəvi köşklər sıradan çıxıblar, yerdə qalanları isə dükan kimi işləyirlər.

Onların satıcıları qəzet satışına yox, su, siqaret, peçenye, çipsi, top, və s. məhsullardan qazanc əldə etməyə bel bağlayıblar. Əks təqdirdə köşk sahibləri zərərlə işləyərlər.

Şəhərdə apardığımız ümumi müşahidə zamanı əksər köşklərin yığışdırılmasının şahidi olduq. İndi hər addımbaşında qəzet köşkü yoxdur.

Yeni gətirilən köşklər isə marketə çevrilib. Bu köşklərin qarşısında “gözə kül üfürmək” üçün stend qoyulub və bir neçə qəzet nüsxəsi asılıb, qalan məhsullar isə yeyintidir.

Köşklərdə işləyənlər deyirlər ki, həm qəzet az gəlir, həm əvvəlki maraq yoxdur. İnsanlar internetdən bütün informasiyanı əldə edirlər.

Hazırda nisbətən alınan qəzetlər “Yeni Müsavat”, “Bizim Yol”, “Futbol+qol”, elan qəzetləridir, istisna hallarda krosvord, rəsmi dövlət qəzetləri və s. satılır.

Məsələnin kökündə qəzet yayımına olan məhdudiyyətlər dayanır. Yayım firmalarının işləri sıxışdırılıb, qəzetlərin çap xərci borcları artıb, reklam bazarı yoxdur…

Ona görə də onlayn media hər nə qədər çap mətbuatını üstələsə də, Avropada, Türkiyədə bu gün milyonluq tirajı olan qəzetlər, jurnallar hələ də nəşr olunurlar, satılırlar.

Bu problemlərin həllində KİVDF və Mətbuat Şurası da fəallıq göstərməlidir. Di gəl ki, Bakı Metropoliteninin bütün stansiyalarında qəzet və kitab satışına qadağa qoyulub. Hərçənd, aptek, gül dükanı, parfümeriya mağazaları var.

Xatırlayırsınızsa, Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində “Qasid” yayım firmasının şəhərdə olan köşklərinin 100-dən çoxu yığışdırıldı.

Səbəb kimi də bu köşklərin şəhərin gözəlliyinə xələl gətirdiyi göstərildi. O da qeyd edildi ki, musiqi yarışması bitən kimi köşklər bərpa olunacaq.

Ancaq “Eurovision” bitdikdən sonra verilən vədlərin heç biri yerinə yetirilmədi, əksinə, total hücumlar daha da kəskinləşdi. Paytaxta gətirilən yeni “Kiosk Press”də isə qəzetdən daha çox min bir xırdavat satılır.

Yaşıl gümbəzli “Kiosk Press”lərdə demək olar ki, hər şey satılır. Tum, saqqız, siqaret, pivə, peçenye, şokalad, bir sözlə, bütün naz-nemətlər.

Əsas da tum çırtlamaq, saqqız çeynəməkdir, Sabirin təbirincə desək, “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!” (azeuronews.com)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …