Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Media / Bakıda PİVƏ QALMAQALI – İstehlakçılar ALDADILIR

Bakıda PİVƏ QALMAQALI – İstehlakçılar ALDADILIR

İstehlakçının hüquqları insan hüquq və azadlıqları sırasında yer tutan əsas məsələlərdən biridir. Cəmiyyətdəki bütün şəxslərin istehlakçı olduğunu nəzərə alsaq, istehlakçı hüquqlarının olduqca geniş spektri əhatə etdiyini görərik. Bu baxımdan, istehlakçı hüquqlarının qorunması, eyni zamanda insanların hüquqlarının qorunması deməkdir. Son bir neçə ayda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları ərzaq məhsulları, məişət texnikası, eləcə də dondurma alarkən onların saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir. Lakin, buna baxmayaraq bu malların sayı azalmır. Əksinə, bazarda təhlükəli malların satışı davam edir. Ekspertlər bunun əsas səbəbini qanunvericilikdə olan boşluqlarla əlaqələndirir. Maraqlıdır, Azərbaycanda istehlakçıların hüququ daha çox hansı sahələrdə pozulur?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin maarifçilik işi çox yüksək səviyyədədir: “Bu qurum dünyanın heç bir yerində olmayan bir işi həyata keçirib. Belə ki, bu qurum milyonlarla insana istehlakçı hüquqları ilə bağlı SMS-lər göndərir. Bu, yaxşı cəhətdir. Lakin praktik nəticələri çox pis gündədir. Ölkənin əmtəə bazarı həddindən artıq çirklənib, çoxlu təhlükəli mallar və xidmətlər var. Ərzaq və sahibkarlığa müdaxilələrin qarşısının alınması, eləcə də istehlakçı hüquqlarının qorunması baxımından ölkə başçısının böyük əhəmiyyət kəsb edən fərmanı deformasiya olunmuş şəkildə yerinə yetirilir. Prezident o fərmanı verəndə sahibkarlığın inkişafını gözləyirdi, qiymətlərin süni artımının qarşısını almaq istəyirdi, sahibkarlar tərəfindən yoxlayıcı qurumlara verilən rüşvətlərin azaldılmasını nəzərdə tuturdu.

Lakin sahibkarlar qiyməti aşağı salmadılar, əksinə, qiymətlər artan tendensiya ilə davam edir. Bu gün bazarlarda şişirdilmiş qiymətlər mövcuddur. Belə bir vəziyyətdə sahibkarlar vəziyyətdən sui-istifadə edərək ölkənin əmtəə bazarına külli miqdarda təhlükəli mallar çıxarırlar. İqtisadiyyat Nazirliyi isə bunlara sadəcə olaraq seyrçi mövqe göstərir. Hətta istehlakçılar tərəfindən gedən konkret şikayətlərə belə adekvat, əməli cavab vermirlər. Deyirlər ki, gedin məhkəməyə müraciət edin. Bu, anormal haldır. Onların maarifçilik işi yaxşı olsa da, praktik nəticələri çox pisdir. Buna görə də Azad İstehlakçılar Birliyi ölkə prezidentinin fevralın 10-da imzaladığı fərmanı ilə yaradılacaq Qida Təhlükəsizliyi Agentinə böyük ümidlər bəsləyir. Güman ki, bu agentlik gələn ilin yanvar ayında işə düşəndən sonra vəziyyət dəyişəcəkdir”.

Birlik sədri bilinən həqiqəti təsdiqləyərək ölkənin əmtəə bazarında kifayət qədər təhlükəli mallar və xidmətlərin olduğunu da qeyd edib: “Təhlükəli dondurmalarla bağlı İqtisadiyyat Nazirliyi məlumat yaydı, əhalini diqqətli olmağa çağırdı. Lakin bizə əhali tərəfindən kütləvi şəkildə zənglər olundu. Baxmayaraq ki, nazirlik həmin dondurmaları satışdan çıxarıb, amma hər yerdə satışı həyata keçirilir. İqtisadiyyat Nazirliyi səhvə yol verib, gərək hansısa firmanın hansı tarixdən buraxdığı mallarının adını çəkərdi.

Əgər ad çəkilmirsə, bu, anormal haldır. Bu zaman dövlət orqanının apardığı işin effekti aşağı düşür. Üç il öncə dondurma istehsalçılarından birinə həbs cəzası verildi. Yararsız dondurmaların satışının davam etməsi onu göstərir ki, İqtisadiyyat və Səhiyyə Nazirliyinin apardığı işlər yarıtmaz vəziyyətdədir. Üstəlik, hər iki nazirliyin məmurları biznes qurumları arasında təbliğat aparır ki, heç bir ictimai təşkilatın, jurnalistin sizdən məlumat almağa ixtiyarı yoxdur. Onlar istehlakçı hüququnu qorumaq əvəzinə saxtakar sahibkarları müdafiə edirlər”.

Eyyub Hüseynov hazırda ölkənin əmtəə bazarına qaçaqmalçılıq yolu ilə gətirilən malların olduğuna da diqqət çəkib. O qeyd edib ki, bu məhsul “Tora Bika” adında kofedir: “Bu məhsulun bir hissəsi qaçaqmalçılıq yolu ilə gətirilir. Hətta bizdə bu malı ölkəyə gətirən şəxsin əlaqə nömrəsi də var. Ona niyə qaçaq yolla mal gətirməsi barədə sual verdim, cavabı bu oldu ki, “əcəb edib gətirirəm”. Bu kofe İndoneziyadan yox, Rusiyadan gətirilir, çox təhlükəlidir. Bu barədə İqtisadiyyat Nazirliyinə məlumat vermişəm. Hətta məndən həmin məhsulun satıldığı yerləri müəyyən etməyi də tələb etdilər. Onlara xeyli sayda ünvan da göndərdim. Sonra onlar məndən xahiş etdi ki, bu məhsulu satanların VÖEN-lərini də göndərim. İqtisadiyyat Nazirliyinin 144 ştatla 9 mərtəbədə oturan işçiləri qala-qala, ictimai təşkilat gedib onlara VÖEN axtarmalıdır? İqtisadiyyat Nazirliyinin şöbə müdiri ilə telefon danışığından belə çıxdı ki, o, qaçaq yol mal gətirənlərin tərəfini saxlayır. Yaxşı haldır ki, bizim həmin kofe ilə bağlı məktubumuza Dövlət Gömrük Komitəsi adekvat cavab verdi. Son məlumatlara görə müəyyən işlər aparılır və həmin mallar tezliklə əmtəə bazarından yığışdırılacaq”.

AİB sədri paytaxtla yanaşı respublikanın digər rayonlarında keyfiyyətsiz dondurma istehsalı ilə məşğul olan müəssisələrin olduğunu da vurğulayıb: “Mirəli Qaşqay küçəsində yerləşən bir sexdə A.Məmmədov adında fiziki şəxs Rusiya adı altında Azərbaycanda dondurmalar istehsal edir. Bəzi hallarda üzərinə heç bir etiket də qoymur. Əldə etdiyimiz məlumata görə 200 qramı 20-50 qəpiyə olan dondurmalar satır. Maraqlıdır, nə üçün dövlət orqanları bunun qarşısını almır? Eləcə də Mingəçevir, Ağdaş, Zaqatala rayonlarında heç bir standartın tələbinə uyğun olmayan, təhlükəli dondurma istehsal edən müəssisələr var. Bir sözlə, bazarda kifayət qədər təhlükəli mallar var”.

Eyyub Hüseyinovun sözlərinə görə bazarın ən çox çirklənmiş seqmenti spirtli içkilərdir:

“Xüsusilə, pivəni qeyd etmək istərdim. “Azəri” pivəsi ölkədə istehsalçıların rəğbətini qazanıb, əhalinin buna böyük tələbatı var. Azərbaycan ərazisində təxminən on yerdə pivələr buraxılıb NZS pivəsi adı altında satırlar. Bir var canlı pivə, bir də var, yüksək temperaturda qaynadılmış pivə. Əhali bilməlidir ki, hər iki pivənin bir-birindən çox böyük fərqi var. Qaynadılmış pivə canlı pivəni əvəz edə bilməz. Onun heç bir qida dəyəri yoxdur. Qaynadılmış pivənin yararlılıq müddəti çox olur, lakin canlı pivənin istifadə müddəti çox az olur. Buna görə də təbii arpadan hazırlanan canlı pivə tez qıcqırır.

Ölkənin əmtəə bazarında olan araqların təxminən 95 faizinin yararlılıq müddəti çoxdan keçib. İstehsalçılar spirtli içkilərin üzərinə buraxılma tarixin yazmırlar. Bu, normal hal deyil. Araqların 1 il, şərabların 6 ay, konyakların 3 ilə qədər saxlanma müddəti var. Azərbaycanda yalnız bir-iki müəssisə malların üzərinə buraxılma tarixini və son istifadə müddətini yazır. Qalan firmalar isə malın üzərinə sonsuz yazır. Spirtli içkilər bazarı çox çirklənmiş bazardır. Onların tərkibində olan maddələrin yararlılıq müddəti bitəndən sonra insan orqanizmi üçün çox böyük zərərləri olur”.

Vaxtı keçmiş məhsullar niyə məhv edilmir?

Eyyub Hüseynov birinci səbəb kimi ölkədə qida təhlükəsizliyinə dair qanunun olmamasını əsas gətirib: “Digər tərəfdən təhlükəli qidaları məhvetmə proseduru yoxdur. Qanun olmayan yerdə mütləq cinayət olur. Hətta bizə məlumat daxil olub ki, şəhərin müəyyən yerlərində malların yararlılıq müddətini artırmaq üçün gizli işlər aparırlar. Dövlət orqanları reydlər keçirir, istifadə müddəti bitmiş məhsulları müəyyən edib və aktı satıcıya təhvil verir. Satıcı onu məhv etmir, saxta möhürlü ərizə gətirir ki, guya həmin məhsulları hardasa yandırıb. 20 ildir istehlakçı hüququ qoruyuram, cəmi iki dəfə kütləvi məhvetmə prosedurunda olmuşam. Əgər vaxtı keçmiş məhsulları məhv edirlərsə, ictimai təşkilatları, KİV-ləri çağırsınlar ki, görək nə qədər məhsul yandırıldı. Amma bunu etmirlər. Çünki istehlakçıdan pul qopartmaq üçün həmin məhsulları region yerlərinə göndərirlər və yaxud da vaxtını dəyişirlər”.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın