Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bakıda küləyin fəsadları – “Eldar şamı” da aşdı

Bakıda küləyin fəsadları – “Eldar şamı” da aşdı

Bakıda əsən güclü külək nəticəsində 3 ağac aşıb, 5 ağacın budaqları qırılaraq, yerə tökülüb, daha 15-ə yaxın ağac isə əyilərək qəzalı vəziyyətə düşüb.

“ Azinforum.az ” xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Bakının Nəsimi rayonunda “Eldar şamı”, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sərv, Yasamal rayonunda tut ağacı aşıb. Hər 3 ağac inkişaf baxımından sağlam ağac olub.

O.Məmmədov bildirib ki, bundan başqa, Nəsimi rayonunda 2, Səbayel rayonunda 1, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 1, Nərimanov rayonunda 1 ağacın budaqları qırılaraq yerə tökülüb.

Əyilərək qəzalı vəziyyətə düşən 15-ə yaxın ağacın artıq qeydiyyata götürüldüyünü deyən O.Məmmədov əlavə edib ki, həmin ağacların budanaraq saxlanılması, yaxud kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekspertiza İdarəsi rəy verəcək.

Ağacların aşmasının və qəzalı vəziyyətə düşməsinin birbaşa güclü küləklə əlaqəli olduğunu deyən O.Məmmədovun sözlərinə görə, Bakının iqlimi və torpağı burada bütün ağacların əkilməsinə imkan vermir: “Bakıda güclü küləklər əsdiyindən burada əkilən ağacların hündürlüyü 6-7 metrdən çox olmamalıdır. Eyni zamanda, Bakının torpağı münbit olmadığından burada ağaclar möhkəm kök ata bilmirlər. Buna görə də Bakıda ən yaxşı halda zeytun ağacları əkilməlidir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünən yaydığı xəbərdarlığa görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın