Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti paytaxt ərazisində qanunsuz küçə ticarətinə qarşı reydlərə başlayıb.
Bu barədə Trend-ə departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.
Onun sözlərinə görə, İslamiada ilə bağlı bəzi ticarətçilərə icazələrin verilməsi dayandırılıb: “İstisna hallarda bəzi parklarda, bağlarda, insanların hərəkətinə və rahatlığına maneçilik törətməyən ərazilərdə küçə ticarətinin satışına icazə verilirdi. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxta xarici turistlərin gəlişinin çoxluğunu nəzərə alaraq, artıq həmin hallarda da ticarətə icazə verilməsi dayandırılıb. Bu məsələlərə Oyunlar başa çatandan sonra yenidən baxılacaq”.