Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Bakıda keçirilən bal yarmarkasına maraq azdır –  FOTOLAR

Bakıda keçirilən bal yarmarkasına maraq azdır –  FOTOLAR

Oktyabrın 15-dən başlayaraq Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bal yarmarkası Nobel prospekti 23 ünvanındakı “AMAY” Ticarət Mərkəzində təşkil olunub. Yarmarkada 8 iqtisadi rayon üzrə 254 arıçı iştirak edir. Bu il 71 ton 700 kiloqram bal satışa çıxarılıb. 
Musavat.com-un müxbiri “AMAY” Ticarət Mərkəzinə baş çəkərək sərgi-satış yarmarkasının gedişi, arıçılıq məhsullarının qiymət və keyfiyyəti, arıçılara yaradılan şərait və sairlə maraqlanıb.
Qeyd edək ki, ticarət mərkəzinin ikinci mərtəbəsi bütünlüklə arıçıların ixtiyarına verilib. Yüzdən çox piştaxtanın arxasında Azərbaycanın demək olar ki, bütün bölgələrindən gətirilmiş arıçılıq məhsullarına rast gəlmək mümkündür. Piştaxtalarda bidonlarla bal gözə dəyir. Hər satıcı ən azı 300-500 ton bal satışa çıxarıb. Balla yanaşı, şanı, bərəmum (propolis), arı südü, çiçək tozu və sair də satış da var. Əvvəlki illərə nisbətin bu il balın qiymətində 5-10 manat civarında artım müşahidə olunur. Satıcılar bunu il ərzində hava şəraitinə görə məhsulun az, lakin çəkilən xərclərin çox olması ilə əlaqələndirdilər. Balın 1 kiloqramının qiyməti 15-25 manat arası dəyişir. Lakin yarmarkada 100 manata satılan bala da rast gəlmək mümkündür. Bu balın digərlərindən fərqi isə arı yuvasının  meşədə, ağacın oyuğunda qurulması və balın yabanı formada əldə edilməsidir.
Yarmarkada müşahidə apardığımız müddət ərzində alıcı qıtlığının az olması diqqətimizi çəkdi. Arıçılar alıcılardan daha çox idi. Elə sərgi iştirakçıları da alıcılığın zəif olmasından şikayətləndilər.
Balakən rayonundan Vüqar Qafarov isə yarmarkaya marağın zəif olmasından gileyləndi: “Alıcılıq çox zəifdir, 300 kiloqram bal, 50 kiloqram da şan gətirmişdim. Demək olar ki, heç nə satmamışam. İlk gün bir qədər alıcılıq oldu. Sonrakı 2 gün yağışlı keçdi, alıcı olmadı. 5 gündə 20-30 kiloqram bal satmışam. Əhalinin vəziyyəti də əvvəlki kimi deyil. Gəlib yarım kiloqram bal alırlar. Əvvəlki illərdə  satışımız daha çox olardı”.
Zaqatala rayonundan olan arıçı Hikmət Əliyev isə arıçılıq təsərrüfatlarının inkişaf etdirilməsi üçün onlara əlavə subsidiyaların ayrılmasının zəruriliyindən danışdı: “Yardım olsa bizə də yaxşı olar. Maliyyə tərəfdən bəzi arıçılar axsayır. Arıçı balı rahat şəkildə sata bilsə özün  öz işini qura bilər. İldə bir dəfə yarmarka keçirilir. Hər il müəyyən qədər irəliləyiş olur. Bu il 13 ton tələbata uyğun olmayan bal  saxlanılıb, sonda onlar da veriləcək. Buna da şükür. Təkcə balla da irəli getmək olmaz, arının bütün məhsullarını yığmaq lazımdır. Mən arının bütün məhsullarını toplayıram”.
Arıçılarla təmiz balı seçməyin yolları haqqında da danışdıq. Çünki yarmarkada sərgilənən onlarla çeşid balın hansının daha təbii olduğunu ayırd etmək çətindir.
Arıçılar bildirdi ki, yarmarkaya gələrkən onların məhsulları laboratoriyalarda yoxlanılır və xüsusi sertifikatlar verilir.
 
Şamaxı rayonunun olan arıçılıq təsərrüfatı sahibi Hacı Fazil Təhməzov bildirdi ki, təmiz balı baxmaqla təyin etmək olmur: “Ən yaxşı laboratoriya müayinəsidir. Burada satışa çıxarılan balları həm rayonda, həm də burada analiz ediblər. Balın xarlanması da onun təbii formasıdır. Bal 3 cür xarlanır: piyvarı, xırda dənəvari, iri dənəvarı. Təmiz balı çaya qarışdıranda onun rəngini bulandırır. Ancaq bu yolla da tam əmin olmaq olmaz. Ən yaxşı üsul laboratoriya müayinəsidir. Çalışsınlar bal aldıqları adamları tanısınlar”.
Balakən rayonundan olan arıçı Məhəmməd Abbasov isə digər arı məhsullarının necə hazırlanmasından və faydalarından danışdı: “Bərəmum, yəni propolis bal arısının ağacların qabığından, bəzi çiçəklərdən toplayaraq gətirdiyi mumdur. Bu mumun çox böyük müalicəvi əhəmiyyəti var. Arılar bu maddələrdən qış aylarında pətəklərin giriş qapısının daradılmasına, pətəyin yarıq və çatlarının örtülməsində, ana yumurta qoymazdan əvvəl pətək gözlərinin dezinfeksiya edilməsində, habelə pətəyə girən həşərat və gəmiriciləri  neştərləri ilə öldürdükdən sonra onların cəsədlərinin balzamlamada istifadə edirlər. Onlar pətəyin atmosferinin korlanmaması üçün ölmüş cəsədi mum təbəqəsi ilə örtürlər. Propolisin müalicəvi təsiri böyükdür, ondan bir çox xəstəliklərin müalicəsində, kosmetologiya sahəsində istifadə edirlər. Bərəmumun 10 qramını 100 qram spirtə qatıb həll edirlər, onun üzünə yığılan maddəni götürüb səhər, günorta, axşam yeməkdən qabaq damcı ilə içirlər. Bu, mədə xorasını, sağaldır, zoba kömək edir, irini, çirki çəkir, yaranı tez sağaldır. Arı südü də çox ciddi tərkibi olan arı məhsuludur. Onu balla həll edib qəbul edirlər. O da çox bahalı məhsuldur. Arı südünü çıxartmaq üçün arı yuvasında ana arını yetişdirmək üçün süd ifraz edilir. 3 gündən sonra həmin südün içində kiçik bir toxum olur. Xüsusi alətlə həmin toxumu götürüb, südü yığırsan.  5 dərəcə temperaturda saxlamaq lazımdır. Əks halda keyfiyyətini itirir. Arı südü immuniteti artırır, orqanizmi gücləndirir”
Qeyd edək ki, bal yarmarkası noyabrın 15-dək eyni ünvanda davam edəcək.














Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın