Ana səhifə / Media / Bakıda bir hektarlıq ərazidə yaşıllığı məhv edirlər – REPORTAJ, FOTOLAR

Bakıda bir hektarlıq ərazidə yaşıllığı məhv edirlər – REPORTAJ, FOTOLAR

Xətai rayonunda “ağacların soyqırım”ı ilə bağlı dəfələrlə mətbuatda yazılar dərc olunub. Etiraf edək ki, bu “soyqırım”a təkcə Xətai rayonunda deyil, əksər rayonlarda rast gəlinir. 
Təəssüf ki, paytaxt Bakıda yaşıllaşdırma işləri aparmaqdansa, yaşıllıqlar məhv edilir. Yüksək rütbəli şəxslərə bağlı olan biznesmenlər yaşıllıqları məhv edir, yerində çoxmərtəbəli binalar, ictimai-iaşə, biznes obyektləri inşa etdirərək, qazanc əldə edirlər. Yerli icra hakimiyyətləri ya bu qanunsuz özəlləşdirməyə və “yaşıl soyqırım”a göz yumur, ya da şəxsən rəhbərlik edirlər.
Bu dəfəki ağac qırğını da yenə Xətai rayonunda, Gəncə prospekti 30 ünvanında aparılır.
Burada 1 hektardan çox ərazidəki ağaclar tamamilə məhv edilir. Bu barədə ilkin informasiyanı sosial şəbəkələrdə aparılan müzakirədən alıb, problemin izinə düşdük.
Bir sosial şəbəkə istifadəçisinin yazdığı status diqqətimizi cəlb etdi: “Gəncə prospektində baxımsızlıqdan pis vəziyyətə düşən bağ var. Bir qədər əl gəzdirilsə, işıq dirəkləri quraşdırılsa, çox gözəl bir park olar”.
Digər istifadəçilər də bu statusa yazdıqları şərhdə Bakıda yaşıllıqlara qarşı biganəlik, ağacların kəsilməsi tənqid olunurdu.
Bunun ardından adıçəkilən əraziyə gedərək bağın vəziyyəti ilə maraqlandıq. Sözügedən bağ “Xəzər univermağı” istiqamətində, magistral yolun kənarında, dəqiq ünvanla desək, “Şəms” şadlıq sarayının arxasında yerləşir. Magistral yolun bir addımlığında yerləşən bağın kənardan yaşıllıq içərisində olduğu görünsə də, yaxınlaşdıqca mənzərənin bərbad vəziyyətdə olduğunu gördük.
Ərazi dörd tərəfdən dəmir barmaqlıqlarla hasarlanıb, “mühafizə” edilir. Onlarla ağac yandırılıb və kökündən çıxarılıb. Bir sözlə, ağaclara sanki bilərəkdən qəsd edirlər. Ağacların bir çoxu susuzluqdan və baxımsızlıqdan quruyaraq, məhv olub. Sakinlər deyirlər ki, bu bağda qarıldaşan qarğalardan və mələşən ilanlardan başqa heç nəyə rast gəlmək mümkün deyil. Bir qədər yaxınlaşmaq istədikdə isə,  ətrafdakılar “getmə, çoxlu ilan var, təhlükəlidir” dedilər. Lakin problemi işıqlandırmaq üçün əraziyə daxil olmalı idik.
Bağ haqqında məlumat almaq üçün ətrafda olan sakinlərlə həmsöhbət olduq. Hər gün bağın yanından keçən Rizvan adlı sakin bu parkla bağlı xatirələrini danışdı: “Mən bağın 1990-cı ildə salındığını bilirəm. Əvvəllər bu bağda yüzlərlə ağac var idi. O zaman “Nərgiz bağı” adı ilə tanınırdı. Hər tərəf yaşıllıqlar içərisində idi. Bağda nərgizgülü çox olduğundan adına elə “Nərgiz bağı” deyirdilər. Uşaqlığımız bu bağda keçirdi. Yaxınlıqda yaşayan sakinlər bu bağda dincəlirdi. İndi bağ baxımsızlıqdan bərbad vəziyyətdədir. Bu bağa qulluq etsələr, yenidən əvvəlki vəziyyətinə qayıdar. Ərazidə nə olacağını bilməsəm də, ancaq bağ, ya da park olmayacağına əminəm”.
 
Adının çəkilməsini istəməyən sakin dedi ki, ağacları bilərəkdən məhv edirlər: “Hər iki aydan bir ağaclara nəsə olur. Bağda gah yanğın olur, gah da külək aşırır… Ötən il ağacların bir çoxu yandı. Guya dedilər ki, istidən alışıb. Müxtəlif bəhanələr gətirərək camaatın səsini kəsdilər. 30 ildə eşitməmişəm ki, bu bağ istidən yanıb. Tutaq ki, ağaclar xarici amillər nəticəsində məhv olub. Bəs yerdə qalan sağlam ağacları qorumaq üçün niyə sulanmır, baxılmır? Gördüyünüz kimi, hasarlayıblar ki, camaat girməsin. Bəs nə üçün ağaclar ildən-ilə yoxa çıxır? Görünür, bu ərazidə kimlərinsə gözü var. Hansısa pullu adam bina tikmək niyyətindədir. Əminəm ki, “Nərgiz” bağının yerində bir müddətdən sonra binalar və obyektlər tikiləcək. Necə ki, yaxınlıqdakı parkda yerləşən gölü qurudub, yerində bina tikdiklər”.

















Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın