Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakıda ata alimentə görə azyaşlı qızlarını təhdid edir – REPORTAJ

Bakıda ata alimentə görə azyaşlı qızlarını təhdid edir – REPORTAJ

Sabunçu rayonu, Əsədulla A1 küçəsində yaşayan ana və iki qızı hər günü qorxu içində keçirir. 
Paytaxt küçələrində süpürgəçi işləyən Cəmilə Məmmədova və azyaşlı qızları bir tərəfdən kasıblığın gətirdiyi sıxıntıdan, digər tərəfdən isə atalarının hədələrindən əziyyət çəkirlər. 
C. Məmmədovanın iki il öncə ayrıldığı həyat yoldaşı Rza Məmmədov onu  azyaşlı qızlarını öldürməklə təhdid edir.
Əslən Laçın rayonundan olan Cəmilə  Məmmədova Ağcabədi rayonuna gəlin köçən gündən bəri həyat yoldaşının onu döydüyünü deyir. Bildirir ki, əri içki düşkünü və narkotik istifadəçisi olub, hər zaman onu səbəbsiz yerə döyüb və işgəncə edib. Daha sonra bu durumdan bezən gənc qadın övladlarını da götürərək evdən qaçıb. Məhkəmə qərarı ilə boşansalar da Rza Məmmədov qızlarına aliment verməkdən imtina edib.
Tək ana isə balalarını gündüzlər süpürgəçi işləməklə, axşamlar isə zibillikdən sellofan torbaları yığıb satmaqla dolandırır. 8 və 12 yaşlarında olan Lalə ilə Zümrüd adlı qızlar da bu işdə analarına kömək edirlər. Kartondan, taxtadan  tikilmiş bir otaqlı daxmada aylıq 100 manata kirayə qalan ailənin elə burada yaşaması da böyük bir işgəncədir. Uşaqlar deyir ki, hava isti olanda evdə nəfəs almaq mümkün olmur. Evdə yataq olmadığından  uşaqlar yerdə yatmalı olur. Şərait baxımından isə buraya ev demək ümumiyyətlə mümkün deyil. Ayda 200 manat maaş alan Cəmilə Məmmədovanın bacısından başqa yardım edən qohumu yoxdur.
Həmsöhbətim bildirir ki, boşandıqdan sonra məhkəmənin qərarı ilə uşaqların atası aliment verməli olsa da, bundan imtina edir: “Aliment kəsilən gündən uşaqların atası köməklik etmədi. Dəfələrlə özünə xəbər yolladım ki, maddi durumumuz çətindir, köməklik elə. Ancaq rədd cavabı aldım. Bacım aidiyyatı orqanlara müraciət elədi. Ancaq heç kim bizimlə maraqlanmadı. Keçmiş həyat yoldaşım bundan xəbər tutandan sonra məni qorxutmağa başladı. Səhər tezdən süpürdüyüm ərazilərə gəlirdi, məni qızımı öldürməklə təhdid edirdi. Kirayə qaldığım evdə qorxu ilə yaşayırıq. Gecə yatanda ürəyimiz səksəkədə olur ki, birdən gəlib, mənə uşaqlarıma zərər verər. Çünki alimentlə bağlı dövlət qurumlarına şikayət etdiyimizi bilir. Həm də iş yoldaşlarımdan xəbər yollayıb ki, əgər məndən aliment istəsə gəlib axşam başlarını kəsəcəyəm. Onun qorxusundan qapının arxasına ağır əşyalar yerləşdirirəm ki, qapını aça bilməsin. Evdə uşaqları tək qoymağa qorxuram. Bacımdan xahiş etmişəm ki, nəzarət eləsin”.
Azyaşlı uşaqların anası Cəmilə Məmmədova Rza Məmmədovun gizlin gəlib onları güddüyünü bildirib: “Rza özü Bakıda fəhlə işləyir. Bir neçə dəfə biz yaşadığımız küçəyə də gəlib. Sabunçu körpüsündə düşür, dəmir bordyordan adlayır, gizlicə pilləkənlə aşağı düşüb, oralarda əyləşir. Bu cür saatlarla bizi güdür. Sırf bizi qorxutmaq üçün belə edir. Bu yaxınlarda dəmir keçidin üzərinə “Zümrüd, səni öldürərəm” yazıb. O yazını görəndən sonra dəhşət içindəyik. O bilir ki, biz hər gün oradan keçirik, qəsdən yazıb ki, görək. Demişəm ki, aliment də istəmirəm, süpürgəçilik edib, balalarımı saxlayacağam. Yenə də öz pis hərəkətindən əl çəkmir. Sağ olsun, idarəmiz mənə köməklik edir. Bundan əlavə sellofan yığıb, kiloqramını  20 qəpikdən satıram. Birtəhər uşaqları saxlayıram. Yetər ki, mənə, uşaqlarıma toxunmasın”.
Cəmilə Məmmədova aidiyyatı orqanlara şikayət etməyə qorxduğunu deyir: “Bir dəfə bacım şikayət etdi, lakin baxan olmadı. Əvəzində Rzanın təhdidləri daha da artdı. Bacımı “söhbətə” çağırır. Qorxuram ki, zərər vura. Çünki içkili olanda özünü idarə edə bilmir”.
Söhbət əsnasında 8 yaşlı Lalə da  sözümüzü kəsib “xoşum gəlmir ondan, o mənim  atam deyil ”  deyir: “O dəmirə yazıb ki, “Zümrüd, səni öldürərəm. Adam da qızını öldürər?”
Zümrüd atasının bu hərəkətindən sonra ehtiyatlı davranır. Bayıra anası və ya xalası ilə birgə çıxır.  Yeniyetmə qız onu ölüm qorxusu ilə təhdid edən atasının hər an onun qarşısına çıxacağından qorxur.
Onu da qeyd edək ki, Cəmilə Məmmədovanın dediyi yerə də baxdıq və həqiqətən sözügedən yerdə “Zümrüd, səni öldürərəm” yazıldığının şahidi olduq.
Ananın başqa bir problemi isə maddi baxımdan uşaqlarını təmin edə bilməməsidir. Dərs ilini başlamasına az qalsa da, qızların məktəbli geyimi yoxdur, bunu almağa isə imkanı çatmır.










Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın