Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Media / “Bakı Xəbər” – 16

“Bakı Xəbər” – 16

Aydın Quliyev: “Biz bütün peşə çətinliklərini birlikdə aşmağı bacardıq”

“Bakı Xəbər” qəzetinin 16 yaşı tamam olur. Xatırladaq ki, “Bakı Xəbər” qəzeti ilk dəfə 2003-cü il sentyabrın 4-də işıq üzü görüb.
Qəzetin baş redaktoru Aydın Quliyev bildirib ki, “Bakı Xəbər” ölkədə qəzet bolluğu ərəfəsində yaransa da, kütləvi informasiya vasitələrinin alternativ növlərinin hələ o qədər də inkişaf etməməsi ona öz yerini tutmaqda geniş imkanlar açdı. O, qəzetin yaranması və bu günə qədər uğurlu fəaliyyətində rəhbərlik etdiyi kollektivin böyük əziyyətlər çəkdiyini bildirib:

“Qəzetimizin formalaşması şəxsi əməyin və zəkanın deyil, kollektiv işin nəticəsidir. Bu uzun və çətin yolda dostlarımın, əməkdaşlarımızın hər biri əlindən gələni əsirgəmədən əsl fədai əməyi və yaradıcılıq potensialı nümayiş etdirərək “Bakı Xəbər”i yaratdılar. “Bakı Xəbər”i təsis etmiş dəyərli qələm dostlarımın az bir hissəsi bu gün bu doğma ocaqda fəaliyyətini davam etdirir, digər çoxsaylı hissəsi isə özlərinin müxtəlif zamanlarda yaratdığı mətbu orqana rəhbərlik edir. Bir vaxtlar mənimlə çiyin-çiyinə bu qəzeti yaradan dəyərli dostlarımın baş redaktora çevrildiklərini, onların istedadlı jurnalist olmaqla bərabər, həm də bacarıqlı administratorlar olduğunu görmək məni həqiqətən qürurlandırır. Biz “Bakı Xəbər”i öz dəst-xətti olan məktəbə çevirdik, media ailəsində öz yerini tuta bilən bir qəzet yaratmaqla bərabər, bu məktəbi həm də baş redaktorlar yetişdirən özünəməxsus təhsil müəssisəsinə çevirməyi bacardıq”.


A.Quliyev əlavə etdi ki, bu gün “Bakı Xəbər”in adı ilə bağlı olan bütün jurnalistlərin bu əlamətdar gündə sevinməyə və qürur duymağa haqları var: “Biz bütün peşə çətinliklərini birlikdə aşmağı bacardıq, dövlətçilik təəssübkeşliyi və peşəkarlığı hər şeydən üstün tutan qəzet yaratdıq. Bu redaksiyada işləyən hər kəs “Jurnalist öncə vətənpərvər və dövlətçi, sonra peşəkar olmalıdır”! həqiqətinin gücünə inandı və bunu özünün həyat kredosuna çevirdi. Mənim qədər sevinməyə və qürur duymağa haqq etmiş keçmiş və indiki əməkdaşlarımızı, diqqətli dostlarımızı, sadiq oxucularımızı təbrik edirəm. Böyük yolumuzun davamı da uğurlu gəlsin”.

Həmçinin oxuyun

Hacı Nuran ATV-dən getdi

Aparıcı Hacı Nuran Hüseynovun ATV-də apardığı “Həyat” layihəsi yekunlaşıb. Axşam.az xəbər verir ki, o, bundan …