Şənbə , Yanvar 23 2021
Ana səhifə / Media / Bakı-Sumqayıt yolunda salınmış süni təpəciklər niyə dağıdılır? – PROBLEM

Bakı-Sumqayıt yolunda salınmış süni təpəciklər niyə dağıdılır? – PROBLEM

Bakı-Sumqayıt yolu boyunca salınan süni təpələr yığışdırılır. Magistral yoldakı çökmə-sürüşmələrin əsas səbəbkarının həmin təpələr olduğu müəyyənləşib. Biz də iş icraçılarından məsələnin mahiyyətini öyrənməyə çalışdıq.
Burada çalışan fəhlələr deyir ki, təpələrin dağıdılmasında məqsəd körpünü genişləndirməkdir: “Gördüyünüz bu yol dar, maşınlar isə çoxdur. Buranı genişləndiririk ki, hərəkət daha rahat olsun. Təxminən 3-4 günə işləri yekunlaşdırıb təhvil verəcəyik. Təxminən iki gündür başlamışıq. Bir təpəcik tam olaraq sökülməyəcək. Əsas onun ətrafı genişləndirilir”
Söküntü işləri “Azəravtoyol” ASC tərəfindən aparılır. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA TV-yə açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun beynəlxalq avtovağzalın yaxınlığından keçən hissəsində sürücülər kiçik bir manevr edərək yan yola daxil ola bilirdilər, çünki həmin ərazidə yaşıl örtülü torpaq təpəcik var. Bu isə nəqliyyat sıxlığı yaradır, sürücülərin sərbəst hərəkətinə mane olur. Nəqliyyat sıxlığının aradan qaldırılması üçün həmin təpəciyin 10-15 metr uzunluğunda , 5-6 metr enində hissəsi “Azəravtoyol” tərəfindən sökülür. Təmir bərpa işlərindən sonra həmin hissə asfaltlanacaq. Sürücülər manevr etmədən “Şamaxinka”ya daxil ola biləcəklər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında ötən ilin oktyabrından sürüşmə-çökmə başlayıb. Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib. Ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.
Artıq bu istiqamətdə işlərin 80 faizə qədəri icra olunub. Həmin işlər yekunlaşandan sonra sürüşmə nəticəsində yolda yaranmış çatların, yolun bərpası istiqamətində işlər aparılacaq.
Hazırda təmir işləri aparılan Bakı-Quba yolunda dəmir arakəsmələrin yığışdırılmasına gəlincə, Anar Nəcəfli qeyd edib ki, buna səbəb sürücülərin yol hərəkəti qaydalarını ciddi şəkildə pozması və yaranan qəzalar zamanı dəmir arakəsmələrin sıradan çıxmasıdır.
Anar Nəcəfli Bakı-Quba yolunda dəmir sədlərin beton pillələrlə əvəz olunduğunu bildirib. Beton pillələrin qoyulması həm iqtisadi səmərəlilik baxımından, həm də təhlükəsizlik baxımından daha əlverişlidir. Qəzaların belə faciəli olmasının səbəbi sürücülərin məsuliyyətsizliyidir. Dünyanın bir çox ölkələrində bu dəmir arakəsmələrdən istifadə olunur. Bizdə istifadə olunan arakəsmələr də beynəlxalq standartlara cavab verir. Lakin sürücülərin maşını həddən artıq sürətli idarə etməsi, məsuliyyətsizliyi belə faciələrə səbəb olur. Sumqayıtda baş verən qəzanın da belə faciə ilə nəticələnməsinin səbəbi yüksək sürət olub.
Anar Nəcəflinin sözlərinə görə, bu dəmir sədlərin bir metri təxminən 60-80 manata başa gəlir.
Son bir ildə ölkə üzrə 100 kilometrə qədər dəmir sədlərin baş verən qəzalar səbəbindən sıradan çıxdığını deyən Anar Nəcəfli, bununla da dövlətə külli miqdarda ziyan dəydiyini bildirib.
Onu da qeyd edək ki, paytaxtın bəzi yollarında dəmir sədlər məhz tıxacın qarşısının alınması məqsədi ilə quraşdırılıb. Çünki arakəsmələr olmayan yollarda sürücülər tıxac zamanı əks yoldan gələn sürücülərin qarşısına çıxaraq daha böyük tıxacların yaranmasına səbəb olurlar.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın