Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bakı sakinlərinin it əzabı – REPORTAJ

Bakı sakinlərinin it əzabı – REPORTAJ

Paytaxt Bakının sahibsiz heyvanlar problemi hələ də həllini tapmayıb. Xüsusilə də, Bakıətrafı qəsəbə və kəndlərdə sahibsiz heyvanlar vətəndaşlar üçün təhlükəyə çevrilib. Binəqədi rayonu, Masazır qəsəbəsində sahibsiz heyvanlar ötən həftə bir neçə sakinə hücum edib. Bu barədə virtualaz.org saytına qəsəbə sakinləri məlumat verib.

Qəsəbə sakini Bəhlül Qurbanov bildirib ki, sahibsiz itlərin qorxusundan uşaqlar dərsə gedə bilmirlər: “Masazırda məhəllələrarası yollardan keçmək mümkün deyil. Dəfələrlə uşaqlara hücum ediblər. Axşamlar qəbirstanlığa toplanan itlərin səsindən yatmaq da olmur”.

Şikayətçi deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, tədbir görülmür: “Uşaqlar qapıdan bayıra çıxa bilmirlər. İtləri öldürmək qanunla qadağan olunub. Biz də heyvanların öldürülməsinə razı deyilik. Amma əlaqədar orqanlar bir tədbir görməlidir”.

Pirallahı qəsəbəsinin sakinləri də sahibsiz heyvanlardan şikayətçidir. “Pirallahı sahibsiz itlərin oylağına çevrilib. İtlərin qorxusundan hərəkət edə bilmirirk. Axşamlar küçələrdə işıqlar kəsilir. Buna görə də, itlər qapıların kənarına toplanır. Dəfələrlə itlərin hücumuna məruz qalmışıq”, – deyə qəsəbə sakini Aygün Quliyeva saytın əməkdaşına bildirib.

A.Quliyeva deyir ki, Pirallahı qəsəbəsində sahibsiz itlər üçün sığınacaq tikməklə problem həll etmək olar: “Biz meriyaya müraciət etmişik. Sahibsiz it probleminin həlli üçün köməklik göstərilməlidir”.

Qeyd edək ki, Azərbaycan heyvanların qorunması ilə bağlı Avropa konvensiyasına qoşulub. Bu konvensiyaya görə, sahibsiz heyvanları öldürmək olmaz.

Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsindən isə bildiriblər ki, şikayətçilər quruma zəng vurub ünvanı deyə bilərlər. “Vətəndaşlar zəng vurub ünvanı bildirsinlər. Artıq itləri öldürmürlər. Lakin əllə tutulub idarəyə gətirilir”, – deyə idarədən qeyd edilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva isə virtualaz.org saytına deyib ki, ötən ilin yanvar-oktyabr aylarında ölkə üzrə 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib: “Qeydiyyata alınanların 12 min 918 nəfəri it dişləməsi səbəbindən xəstəxanalara müraciət edib. Digərləri siçovul, pişik dişləmələri olub”.

 

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın