Ana səhifə / Media / Bakı çimərliklərində acınacaqlı vəziyyət: Əhali məcburən çirkli sularda çimir – REPORTAJ, FOTOLAR

Bakı çimərliklərində acınacaqlı vəziyyət: Əhali məcburən çirkli sularda çimir – REPORTAJ, FOTOLAR

Artıq çimərlik mövsümü başlayıb. Hər yay olduğu kimi, əhali bu mövsüm də çimərliklərə üz tutacaq. Artıq Xəzərə baş vuranlar var. Sadə insanların ən çox getdiyi Novxanı, Corat, Hövsan, Türkan, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Şıx çimərlikləridir. Bəs görəsən əhalinin istifadə etdiyi çimərliklərdə suyun təmizliyi yoxlanılırmı, bu prosesə başlanıbmı? Ümumiyyətlə çimərliklərdə təmizlik səviyyəsi və  qiymətlər neçəyədir? 
Musavat.com-un müxbiri paytaxt ərazisindəki çimərliklərə baş çəkib vəziyyətlə maraqlanıb.
Mövsüm tam başlamasa da Novxanı çimərliyində dincələn insanlara rast gəlmək olur. Çimərliklərə əsasən Novxanı ətrafında yaşayan sakinlər gəlir.
Burada dəniz sahilinin, demək olar ki, ən yaxşı yerləri hasarlanıb. Lakin açıq olan çimərliklər də var. İlk baş çəkdiyimiz çimərlik özəlləşdirilmədiyinə görə, insanlar ən çox buraya üz tutur. Novxanıda olduğumuz zaman bir neçə dəqiqə ərazisində çimərliyə gələnlərin sayının artdığını müşahidə etdik. Pulsuz olduğu üçün kütləvi istifadə olunan bu çimərlikdə suyun və sahil kənarının təmizliyi arzuolunmaz səviyyədədir.
Ən acınacaqlı durum isə antisanitar şəraitdə azyaşlı uşaqların çimməsidir. Baxımsızlıqdan  dəniz sahili zibillik içərisindədir. Vətəndaşlar əlacsız qalıb, çirkli sulara baş vururlar.
Özəl çimərliklər iş başında…
Novxanı çimərliyində addımbaşı rast gəldiyimiz restoranlar, kafelər, otellər sahilin bir addımlığında fəaliyyət göstərir.
Onların zəbt etdiyi çimərliklərdən istifadə etmək üçün gərək cibində nə az, nə çox 50-100 manat pulun olsun. Çünki restoran və otellərin ətrafındakı çimərliklərdən istifadə ödənişlidir. Giriş qiymətləri də fərqlidi,  2 manatdan 10 manata kimi…
Misal üçün çimərlikdə bir stolun qiyməti 6 manatdır. Əgər çimmək istəyirsənsə məcburən stol  götürməlisən. Əks halda əraziyə daxil ola bilməzsən. Bakının ən ucuz çimərlikləri Hövsan və Türkan çimərlikləri sayılır. Burada qiymətlər 1-2 manat arasında dəyişir. Bu pul isə sadəcə içəri girmək üçün ödənilir, ondan sonrakı bütün xidmətlər əlavə ödəniş tələb edir.
Dənizdə pulsuz çimməyə yer qalmayıb
Novxanı çimərliyi ilə qonşu olan Corat çimərliyində vəziyyət daha acınacaqlıdır. Dənizin kənarları özəlləşdirilib, əhali antisanitar durumda olan çimərliklərdən istifadə etməyə məcbur qalır. Baxımsızlıqdan hər tərəf zibillik içərisindədir. Bu çimərliklər pulsuz olsa da, xəstəlik mənbəyinə çevrilib. Restoranların, otellərdə aparılan təmir-tikinti işlərinin toz-torpağı, tullantıları ətrafı bürüyüb. Hasarlama işləri isə səngimək bilmir.
Dənizə istirahətə gələnlərdən Rafiq Sultanov çimərliklərin oliqarxlar tərəfindən özəlləşdirildiyini dedi:  “Çimərliyə yaxın yerdə yaşayıram. Demək olar ki, hər gün buradayam. Giriş pulsuz olduğundan bizə uyğundur. Amma nə qədər belə davam edəcək, bilmirik. Bir-iki boş yerlər qalıb, onu da əlimizdən alacaqlar. Camaatın istifadə etdiyi boş yerləri də hasarlamaq istəyirlər. Çox güman ki, restoran tikmək istəyirlər. Corat və Novxanı çimərlikləri tamamilə özəlləşdirilib. Hamısı oliqarxların, imkanlı şəxslərin əlindədir. Açıq-aşkar kasıb camaatın cibinə girirlər. Sahilboyu gəzsəniz, yüzdən çox restoran, kafe görərsiniz. Hələ otelləri demirəm. Hamısında da qiymətlər bahadır, yaya hazırlıq işləri gedir. Kasıbı düşünən yoxdur, onlar üçün əsas pullu adamlardır. Azyaşlı uşaqlar dərinə gedə bilmədikləri üçün kənarda çimirlər. Tullantılar, üfunət qoxulu çirkab sularının yığıldığı yerlərdə… Axı bu uşaqların gələcəyi üçün təhlükədir…”.
Rəsmi xəbərdarlıq: Əhali təhlükədə… 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb.
Ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.
Qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

















Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın