Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Media / Bakı – boz şəhər, toz-torpaqlı diyar…

Bakı – boz şəhər, toz-torpaqlı diyar…

Son illərdə sürətlə böyüyən, simasını tamamilə dəyişən və meqapolisə çevrilən Bakı şəhərinin həm də yaşıllıq sahələrinin məhdudluğuna görə seçilən dünya şəhərləri sırasında olduğunu deyə bilərik. Nəticədə Bakı havasına görə dünyanın ən çirkli şəhərləri sırasında yer alır.

Onsuz da Bakının yerləşdiyi coğraf mühitdə yaşıllıq, meşəlik ərazilər əvvəldən olmayıb. Paytaxt bir tərəfdən Xəzər dənizi, digər tərəflərdən isə boz təpələr və səhralıqları xatırladan düzənliklərlə əhatə olunub. Nəticədə Bakının malik olduğu yaşıllıq sahələrinin əksəriyyəti sonradan yaradılmış yaşıllıqlar idi. Hansı ki, son 20-25 ildə bu yaşıllıq sahələrinin məhvi prosesi gedib, onların sahəsi kəskin azalıb…

 

Prezidentin sərt xəbərdarlığı

 

Son illər isə bu yaşıllıqların azalması prosesi gedir. Bakının əksər rayonlarında demək olar ki, hər ay, hər həftə yaşıllıqların qırılması ilə bağlı xəbərlər alırıq. Baxmayaraq ki, dəfələrlə dövlət başçısı səviyyəsində Bakıda yaşıllıqların məhv edilməsi ilə bağlı sərt xəbərdarlıqlar edilib, belə hallara son qoyulması dəfələrlə tələb edilib.

Məsələn, prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə yaşıllıqların qırılması və yerində müxtəlif obyektlərin tikilməsi ilə bağlı məmurlara sərt xəbərdarlıq edərək bildirmişdi  ki, iş adamının, yaxud vəzifəli şəxsin ərazini hasarlayıb, ağacları kəsib, özü üçün mülk, obyekt tikməsilə bağlı məlumat alsa, həmin binalar, obyektlər söküləcək və buna yol verən şəxslər isə ağır cəzalandırılacaqlar: “Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə bu gündən qadağa qoyuram!”.

 

Ağacları  isə hələ də qırırlar…

Ancaq Bakıda ağacların kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi halları hələ də qalır. Məsələn, təkcə bu ilin əvvəlindən Bakının müxtəlif park və məhəllələrində ağacların qırılması ilə bağlı onlarla fakt var. Məsələn, fevral ayında 9-cu mikrorayon ərazisində, Mir Cəlal küçəsindəki binaların həyətində ağacların kəsilməsi ilə bağlı fakt ortaya çıxıb.

Mart ayında Nizami rayonu, Qara Qarayev prospektində – “8-ci kilometr bazarı”nın yaxınlığında ağaclar gecə ikən kökündən çıxarılıb və izi itirilib. Həm də qırılmış ağacların yerində dönərxana tikilib və yaxınlıqda da hansısa obyektlərin tikiləcəyi planlaşdırılır.

Daha bir oxşar hadisə yenə həmin ayda və gecə saatlarında Bakıxanov qəsəbəsində qeydə alınıb. 3 saylı poçtun 35 saylı şöbəsinin ətrafındakı 30-40 ilin sağlam ağacları kəsilərək yerində ticarət obyektinin tikintisinə başlanılıb.

Aprel ayında metronun “Neftçilər” stansiyasından üzü “Xalqlar dostluğu” stansiyası istiqamətində 9 mərtəbəli binanın qarşısındakı yaşıllıqlar məhv edilib. Yerində təyinatı bəlli olmayan obyektlər tikilib.

May ayında da Yeni Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsi 127 və 131-ci binanın sakinləri uzun illər boyunca ərazini yaşıllaşdıran şam ağaclarının kəsilməsindən şikayət ediblər. Burada da ağaclar əsasən gecə saatlarında kəsilərək naməlum istiqamətə daşınıb. Sonradan boş bir düzənliyə çevrilən ərazi əvvəllər istirahət parkı olub.

Elə həmin ayda Bakının Nərimanov rayonundakı Fətəli xan Xoyski küçəsində ağaclar qırılıb. 12, 14, 16 diametrlik meyvə ağacları, tinglər kökündən çıxarılıb.

İyul ayında Yasamal rayonu, Zərdabi prospektində binaların arasındakı həyətdə ağaclar qırılıb. Sözügedən ərazidə ağacları kəsib yerində çoxmərtəbəli bina üçün bünövrə qazıblar.

 

Nazirlik protokol yazır, cərimə kəsir…

Sözsüz ki, Bakıda yaşıllıqların qırılması ilə bağlı faktlar təkcə bunlardan ibarət deyil. Ekologiya nazirliyinin ətraf mühitin mühafizəsi departamentinin direktor müavini Ayaz Əliyevin virtualaz.org-a verdiyi məlumata görə, 2016-cı ilin 7 ayı ərzində yaşıllıqların qırılması ilə bağlı 49 akt, 38 protokol tərtib olunub. Ümumilikdə 188.600 manat dəyərində inzibati cərimə tətbiq olunub.

Təqsirləndirilən şəxsin müəyyən edilməsi üçün 29 iş üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub.

Bəs bu 188 min manatlıq cərimə Bakıda qırılan ağaclara görə cüzi deyilmi? Axı ağacları qıranlar ətraf mühitə, paytaxtın ekologiyasına pulla ölçülməsi mümkün olmayan ziyan vururlar.

 

“Ağacı əkirik, amma qoruya bilmirik”

 

Ekspertlər hesab edirlər ki, Bakının ən böyük problemi əksər hallarda şəhərsalmada yaşıllıqların nəzərə alınmaması ilə bağlıdır. Tikinti şirkətləri ancaq bina tikməklə işlərini bitmiş hesab edirlər. Yeni tikilən binaların ətrafında yaşıllıq zonaları salınmır, ağac əkilmir. Ekoloji araşdırmalara görə, çirkli havanın 50%-i  məhz meşələr – ağaclar tərəfindən təmizlənir. Bir hektarlıq küknar meşəsi ildə 32 ton, çam meşəsi 40 ton və ağcaqayın meşəsi isə 68 ton tozu udur. 25 metr uzunluğundakı bir ağcaqayın ağacı 40 nəfərin tənəffüz zamanı havaya buraxdığı karbon qazını yox etməyə kifayət edir.

Standartlara əsasən, böyük şəhərlərin üçdə bir hissəsi yaşıllıq zolağı olmalıdır. Belə ki, adambaşına ən azı 25 kv.m yaşıllıq zolağı düşməlidir. Avropa ölkələrində adambaşına düşən yaşıllıq zolağı 50 kv.m, Rusiyada 25 kv.m-dir.

Abşeron yaramadasında və Bakı şəhərində isə hər adambaşına düşən yaşıllıq sahəsi Moskva və Kiyev şəhərlərinə nisbətən 6-7 dəfə azdır. Dünyada 1 milyon insana 25 min hektar yaşıllıq zonası düşür. Yəni Bakı kimi əhalisi  az qala 4 milyona yaxın olan bir şəhər üçün azı 100 min hektar yaşıllıq zonası olmalıdır. Paytaxtda isə, hesablamalara görə,  bunun heç üçdə biri də yoxdur.

 

Ekoloq deyir ki…

 

Belə məlum olur ki, təkcə Bakıda yox, Azərbaycanın bütün ərazisində yaşıllıq sahələri əhali sayı ilə müqayisədə azdır. Vaxtilə Azərbaycanda adambaşına düşən yaşıllıq sahəsi 7 kv.m idisə, indi bu göstərici aşağı düşüb. Ekoloq İradə Həsənovanın virtualaz.org-a bildirdiyinə görə, hazırda bu rəqəm 3 kv. metrdən də azdır:

“Doğrudur, yaşıllaşdırma ilə bağlı yeni layihələr həyata keçirilir, parklar salınır, ağaclar əkilir, amma bütün bunlar yetərli deyil. Çünki bir tərəfdən qururuqsa, digər tərəfdən çoxillik ağacları kəsirik və yaşıllqıları məhv edirik. O qədər ağaclar qırılıb ki, Bakı boz şəhər olub. Avropa ölkələrində yaşıllıqların sahəsi ona görə çoxdur ki, bir bina tikilirsə, onun ətrafında az qala meşəlik salınır. Ağacların kəsilməsinə hər kəs etiraz etməlidir, insanlar özləri könüllü kütləvi ağacəkmə kampaniyalarına qoşulmalıdırlar”.

Ekoloqun sözlərinə görə, problem həm də onunla bağlıdır ki, ağaclar əkilsə də, onu əksər hallarda qoruyub böyüdə bilmirik.

Aparılan araşdırmalara görə, son 15-20 ildə Bakı ərazisində yaşıllıqların sayı 3-4 dəfə azalıb. Ekspertlərin rəyinə görə, yaşıllıq zonalarının məhv edilməsinin və parkların ümumi sahələrinin azalmasının əsas səbəblərindən biri bu ərazilərdəki torpaq sahələrinin qeyri-qanuni özəlləşdirilməsi və tikinti sahələri kimi istifadə edilməsidir. Həmçinin yaşıllıq zonalarının, məhəllədaxili yaşıllıqların azalması nəticəsində şəhərin havası çirklənib, səs-küyün artması, xəstəliklərin çoxalmasına səbəb olub.

Telman Zeynalov: “Bakıda adambaşına cəmi 5-6 kvadratmetr yaşıllıq düşür”

Bakıda 1991-ci ildə adambaşına 21,1 kv.m yaşıllıq düşdüyü halda, 16 il sonra — 2007-ci ildə bu rəqəmin 6-7 kv.m-ə qədər endiyi aşkarlanıb. Bakıda 1920-ci ildən cəmi 3 hektar sahə ilə başlayan yaşıllıq 1991-ci ildə ən yüksək həddə çatıb. 1992-ci ildən isə yaşıllığın həcmi azalmağa başlayıb. Ekoloq Telman Zeynalovun virtualaz.org-a bildirdiyinə görə, hazırda Bakı ərazisində bu rəqəm adambaşına 5-6 kv.m təşkil edir.

Ekoloq hesab edir ki, bütün dünyada şəhərlərin genişləndirilməsi, yeni binaların salınması qlobal istiləşmələrə səbəb olur. O cümlədən Bakıda da şəhərin böyüməsi, çoxmərtəbəli binaların tikilməsi hava axınını azaldır. Hər binanın qarşısında hektarlarla park salmağın mümkün olmadığını deyən ekoloqun sözlərinə görə, heç olmasa, kiçik yaşıllıq zolağı salmaq mümkündür.

“Son illərdə Ekologiya Nazirliyi tərəfindən 11 min hektar yaşıllıq zonası salınıb. Bunun salınması az iş deyil. Əvvəlcə həmin ərazilər təmizlənib, sonra ora su çəkilib və damcı üsulu ilə suvarılıb, daha sonra orada ağaclar əkilib”-Telman İsmayılov deyir.

 

Bəs şəhər İcra Hakimiyyətinin idarəsi nə iş görür?

 

Hər qırılan ağaca görə Ekologiya Nazirliyi 700 manatdan 1200 manatadək cərimə tətbiq etsə də, bu işə nəzarət Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin səlahiyyətindədir. Problemlə bağlı  Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə  israrlı zənglərimizə baxmaraq heç bir cavab ala bilmədik. İcra Hakimiyyətinin saytında göstərilənlərə əsasən, Birliyin əsas vəzifəsi Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin salınması, onların qorunması, yaşıllıqlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi olsa da, görülən işlər və aparılan cəza tədbirləri ilə bağlı suallarımız havada qaldı…

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın