Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Media / Badamdar sakinləri etiraz aksiyası keçirir: “Yaşadığımız binanı hasarlayıb sökürlər”

Badamdar sakinləri etiraz aksiyası keçirir: “Yaşadığımız binanı hasarlayıb sökürlər”

Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən 1 və 3 saylı binalar içərisində yaşayış ola-ola sökülür. Binanın qarşısı hasarlanıb, sakinlər evlərinə rahat girib-çıxa bilmirlər. Bu şikayətlə virtualaz.org-a binada yaşayan sakinlər müraciət edib. Onların sözlərinə görə, binalarda yaşayan 24 ailənin əksəriyyəti şərtlərlə razılaşaraq evlərini tərk edib. 9 ailəni isə “MVVL Verus Praedium” MMC-nin təklif etdiyi şərtlər qane etmədiyindən evlərindən köçməyiblər:

“4 ildir yaşadığımız 2 mərtəbəli binaların söküləcəyi ilə bağlı xəbərlər gəzir. Bizə deyirlər ki, binanı sökərək yerində yeni bina tikəcəyik və sizə də həmin binadan mənzil verəcəyik. Evi bərbad vəziyyətdə, şəraitsiz olanlar tez razılaşdı. 9 ailə isə şərtlərlə razı deyil. Məsələn, mənim təzə təmirdən çıxmış 4 otaqlı mənzilimə görə cəmi 90 kv. metr, özü də təmirsiz mənzil verəcəklərini deyirlər. Axı mən niyə bu şərtlə razılaşmalıyam, sonra o mənzili hansı pulla təmir edəcəyəm? Bu, mənim 4 otaqlı evimə görə çox azdır. Mən şəxsi, kupçalı evimdən zorla niyə çıxarılmalıyam ki?”, – deyə bina sakini Dilarə Mahmudova bildirir.

Digər bir şikayətçi Sarı Məlikov isə deyir ki, tikinti işlərini həyata keçirəcək şirkət bəzi sakinlərlə gizli razılığa gəlib:

“Bəziləri ilə razılaşıblar, amma razılaşma məxfi saxlanılır, bizə heç nə demirlər. Biz müqavilənin şərtləri ilə razılaşmırıq, onlar evin kvadrat metrini az hesablayırlar. Mənim evim onsuz da balacadır, cəmi iki otaqlıdır. Mənə evimin sahəsindən çox kiçik mənzil təklif edirlər. Mənim evimdəki böyük otağın ölçüsü 19 kvadrat metrdir, amma onu 13 kv.m. hesablayıblar”, – deyə şikayətçi qeyd edir.

S.Məlikov deyir ki, şirkətin rəhbəri Rəcəb Həsənov ad-soyadlı şəxsdir. Amma sakinlərə onun yalnız adı məlumdur, onu axtarsalar da, tapa bilmirlər. Şikayətçilərin sözlərinə görə, Səbail rayon İcra Hakimiyyətinə dəfələrlə problemlə bağlı müraciət etsələr də, bir tədbir görən olmayıb:

“İcra Hakimiyyətindən də bizə məsləhət görürlər ki, mövcud şərtlərlə razılaşaq. Deyirlər ki, çıxmasanız, işığınız, qazınız, suyunuz da kəsiləcək”, – deyə şikayətçilər bildirir.(Virtualaz.org )

Həmçinin oxuyun

“Avropa.info” saytı haker hücumuna məruz qalıb

“Dünəndən etibarən Avropa.info saytı mütəmadi olaraq haker hücumuna məruz qalır”. Bu sözləri Musavat.com-a açıqlamasında avropa.info …

Bir cavab yazın