Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bəzi rusdilli Azərbaycan yazarlarının sosial şəbəkədə səhifələri niyə bloklanıb…

Bəzi rusdilli Azərbaycan yazarlarının sosial şəbəkədə səhifələri niyə bloklanıb…

“Görünür, bizim rusdilli media seqmentimizdə təmsil olunan jurnalistlərin davranışları bəzi dairələrin, ən əsası da “Facebook”un arxasındakı güclərin marağı ilə uzlaşmır”

Azər Həsrət: “Hesab edirəm ki, bu oyunun arxasında bir məkrli plan var”

Artıq bir neçə gündür “Facebook” sosial şəbəkəsindən istifadə edən bəzi azərbaycanlı jurnalistlər səhifələrinin bloklanmasından şikayət edirlər. Məlum olub ki, Azərbaycanın bir sıra KİV-lərinin baş redaktorlarının, jurnalistlərinin səhifələri kütləvi şəkildə blok edilib. Bloklanmanın səbəbi hələ ki, məlum deyil. Lakin bu qəbildən olan sosial şəbəkə istifadəçilərinin 30 günlük blok edilməsinin siyahısı hər ay artır.
Bildirilir ki, Oxu.az-ın baş redaktoru Elvin Şirinlinin, Haqqin.az-ın redaktoru Eynulla Fətullayevin, Armiya.az-ın baş redaktoru Bəhram Batıyevin, jurnalistlər Kənan Quluzadə, Şahin Rzayev və başqalarının sosial şəbəkədəki səhifələri bloklanıb.
Bloklanmanın müxtəlif səbəbləri ola bilər. Məsələn, bu profillərdən edilən paylaşımların spam kimi qəbul edilməsi, çoxsaylı şikayətlərin olması, “Facebook”dan kənar tətbiqedicilərdən istifadə və s. Nəzərə alaq ki, media nümayəndələri daha çox xəbər linkləri paylaşırlar və onlara reaksiyalar fərqli ola bilər. Maraqlıdır, media ekspertləri yaranmış vəziyyətlə bağlı nə düşünürlər?
Media eksperti Azər Həsrət qəzetimizə bildirdi ki, yaranmış vəziyyətin təsadüf olduğuna qəti inanmır: “Hazırda bütün sosial şəbəkələrin arxasında siyasi, maliyyə maraqları olan güclər dururlar. Bu hamıya məlumdur. Məhz belə həssas məqamda bir neçə jurnalistimizə qarşı analoji qadağanın tətbiqi bir sıra şübhələrin ortaya çıxmasına rəvac verir. Əvvəllər də belə hadisələr olurdu. Ancaq bununla fərdi şəkildə rastlaşırdıq. Şəxsən mənim özümün də başına belə bir hadisə gəlib. Bir necə il əvvəl mənim öz adımla qeydiyyatdan keçdiyim profilim bloklandı. “Facebook”la apardığım yazışma nəticəsində öyrənə bildim ki, onlar bunu mənim barədə edilən şikayətlərə görə bağlayıblar. Bildirildi ki, guya mən pornoqrafiya yayıram. Mən onlardan tələb etdim ki, bir dənə də olsun belə bir fakt ortaya qoysunlar. Təbii ki, tapıb ortaya çıxara bilmədilər. “Facebook”, “YouTube” və başqa sosial şəbəkələr iddia edirlər ki, hamıya qarşı ədalətli mövqe tuturlar. Ancaq buna inanmaq lazım deyil. Onlar, yeri gələndə, öz maraqlarına uyğun davranış ortaya qoyurlar. Diqqətçəkən məsələ budur ki, səhifələri bloklanan jurnalistlərin çoxu rusdilli mətbuatın təmsilçiləridirlər. Görünür, bizim rusdilli media seqmentimizdə təmsil olunan jurnalistlərin davranışları bəzi dairələrin, ən əsası da “Facebook”un arxasındakı güclərin marağı ilə uzlaşmır. Yəqin ki, sosial şəbəkəyə nəzarət edən gücləri bizim jurnalistlərin Qərbin şanına məqalələr yazmaması ciddi narahat edir. Bizim rusdilli mətbuatdakı canlanma ermənilərin də marağına uyğun deyil. Bu işdə onların da barmağının olmasını istisna etmirəm. Hər halda, hesab edirəm ki, bu oyunun arxasında bir məkrli plan var. Çünki bir daha xatırladıram ki, burada kütləvilik nəzərə çarpır. Deməli, idarəolunan prosesdir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …