Ana səhifə / Media / “Bəzi dairələr qəsdən tikinti sektorunu çökdürürlər” – İDDİA

“Bəzi dairələr qəsdən tikinti sektorunu çökdürürlər” – İDDİA

Son zamanlar Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində bir qrup sakinin bina tikilişinə etirazları mətbuatın əsas müzakirə mövzusuna çevrilib. Məlumat üçün bildirək ki, sakinlər binanın park ərazisində və iki məktəbin yaxınlığında tikilməsini əsas gətirərək, aksiya keçirirlər. Onlardan biri isə daha uzağa gedərək, tikintiyə davam edilərsə özünü yandıracağını bəyan edir. Xəbərlərdən o da aydın olur ki, dövlət qurumları sakinlərin tələblərini araşdırana qədər tikintini müvəqqəti dayandırıblar. 

Faktla bağlı inşaatı aparan “Absheron-M” şirkəti bu gün mətbuat açıqlaması yayıb. Açıqlamada maraqlı məqamların olduğunu nəzərə alıb onu oxuculara təqdim edirik:

 

“Hörmətli mətbuat nümayəndələri!

Son zamanlar şirkıtimizin adı ətrafında xeyli mübahisəli ajiotajlar yaradılır. Müxtəlif KİV-də bir qrup sakinin adından həqiqətə uyğun olmayan məlumatlar yayılır. Məqsədli şəkildə yayılan bu yazılarda  Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB”  yaşayış massivində yaşayan bir qrup sakinin bir binanın tikintisinə mane olmaq cəhdindən söhbət gedir. Sakinlər açıq şəkildə qanunvericilik səlahiyyətlərini mənimsəmiş şəxs qismində çıxış edərək, “Abheron-M” şirkətinin öz hüquqlarından doğan işgüzar fəaliyyətinə imkan verməyəcəklərindən danışırlar. Bəzi media orqanları isə faktı araşdırmadan onların mövqeyini işıqlandırır, beləliklə də şirkətimizin işgüzar imicinə kölgə salmaq kampaniyasında iştirak edirlər.

 

Əlbəttə ki, qanunvericilik missiyasını öz üzərinə götürən bir qrup şəxsin bu hərəkətlərinə qiymət vermək medianın yox, hüquq mühafizə orqanlarının işidir. Bu mənada media qurumlarının şikayətçilərin nə qədər haqlı olub olmadığını araşdırmadan mövqeyini işıqlandırmasını hardasa başa düşürük. Amma könül istərdi, araşdırma zamanı bizim şirkətin də münasibəti öyrəniləydi.

Yazılarda sakinlər adından irəli sürülən iddialara gəlincə, inşa etdiyimiz binanın sahəsi heç də park ərazisinə düşmür. Parkdakı ağacları kəsən də biz olmamışıq. Bizdən əvvəl park ərazisində avtodayanacaq tikib pul qazanmaq istəyən bir vətəndaşın bu cəhdi hüquq mühafizə orqanları tərəfindən alınmış və o, əməlinə görə cəzalandırılmışdır.

Bu fakt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir neçə gün öncə yaydığı açıqlamada da öz təsdiqini tapıb. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin Hüquq şöbəsinin əməkdaşı Çingiz Nəcəfov “Bizim yol”a açıqlamasında bildirib: “Son günlərdə Günəşli qəsəbəsində 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsi faktına rast gəlinməyib”.

Nazirlik yetkilisinin sözlərinə görə, parkda ağaclar sonuncu dəfə bu ilin may ayında kəsilib. Açıqlamada həmçinin qeyd olunub ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən aparılan araşdırma zamanı ağacları kimin kəsdiyi də müəyyən olunub: “Həmin şəxs tərəfimizdən iyun ayında inzibati qaydada 2200 manat cərimə edilib”.

 

Sakinlərin nəzərinə çatdırmaq istəyirik ki, biz tikintini başa çatdırdıqdan sonra ətraf mühitin yaşıllaşdırılmasını da planlaşdırırıq. Bu, binamızda yaşayan insanlara daha komfort yaşamaq imkanı verəcəyindən həm də bizim kommersiya maraqlarımıza uyğundur.

 

bina1

 

Tikdiyimiz binanın ərazidə yerləşən 2 məktəb və bir uşaq bağçasının yollarını kəsməsi fikri də həqiqətəuyğun deyil. Bizimlə ən yaxın məktəb arasında xeyli məsafə var və sizə təqdim etdiyimiz proyektdən göründüyü kimi, yolun gələcəkdə bizim binanın qarşısından keçməsi nəzərdə tutulur. Hazırda isə bu ərazi yol kimi istifadə olunmağa yararsız vəziyyətdədir.

 

Bütün bunlara baxmayaraq, bir qrup şəxsin tikdiyimiz binadan hardasa 500-600 metr uzaqlıqda yerləşən evin sakinləri adından etiraz etməsi və onlardan birinin özünü yandırması təhdidiylə işgüzar fəaliyyətimizə mane olmağa çalışması başqa fikirləri ağla gətirir. Mümkündür ki, bu “etiraz aksiyası”nın arxasında müəyyən qüvvələr dayanır və məqsəd tikinti sektoru kimi fəaliyyətimizə mane olmaqdır.

 

Qeyd etmək istərdik ki, Azərbaycanın son zamanlar yaşadığı iqtisadi böhran vəziyyətində ən çox zərər çəkdiyi sahələrdən biri də tikinti sektorudur. Rəsmi statistikaya görə, obyektiv və subyektiv səbəblər üzündən bu sektor ötən ildən başlayaraq 70% zəifləmiş, durğunluq dövrünə qədəm qoymuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə keçirdiyi müşavirələrdə bu həqiqəti dilə gətirmiş və iş adamlarına münbit investisiya mühiti yaratmağın vacibliyinə toxunmuşdur.

Maraqlı təsadüfə baxın ki, yazıların yayınlandığı həmin gün Prezident Nazirlər Kabinetinin toplantısındakı çıxında da bu məqama yer ayırmış və ölkədə yaşanan iqtisadi böhran barədə bunları demişdir: “Qeyd etdiyim kimi, neftin qiyməti düşdü və bunun nəticəsində dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxardı”.

Ölkə rəhbərinin çıxından da aydın olur ki, Azərbaycan siyasi iradəsi iqtisadi tənəzzülün qarşını almağın tikinti sektoruna daha çox investisiya qoyulmasından keçdiyini düşünür və sahibkarları buna təşviq etmək istəyir. Nə yazıq ki, bir qrup sakin adından bizə edilən təzyiqlər həm də Azərbaycan hakimiyyətinin bu strategiyasına qarşı yönəlib.

 

Onu da nəzərə çatdırmağı vacib hesab edirik ki, biz, “Absheron-M” şirkəti olaraq, yalnız yerli kapital ilə planlaşdırdığımız layihələri həyata keçirmirik. Bizim investorlarımızdan  biri də ABŞ vətəndaşıdır.

Sirr deyil ki, Azərbaycandakı investisiya mühiti haqqında xarici mətbuatda ölkəmizin inkişafını istəməyən bəzi çevrələr neqativ təsəvvür yaratmaqla məşğuldurlar. Bir sıra bədniyyətli beynəlxalq qurumlar Azərbaycan haqqında xoşagəlməz imic formalaşdırırlar. Bir ABŞ investorunu partnyorluğa cəlb etməklə, biz faktiki olaraq, bu mənfi imici sıradan çıxarırıq. Buna baxmayaraq, hansısa gözəgörünməz qüvvə bizim bu işimizə ciddi-cəhdlə mane olmağa çalışır. Ümidvarıq ki, istər Azərbaycan mediası, istərsə də hüquq mühafizə orqanları bu məqamın üzərində də ciddi düşünəcəklər.

Sonda onu bir daha xatırlatmaq istərdik ki, inşa etməyə çalışdığımız binanın bütün sənədləri qanunidir, dövlətin müvafiq qurumlarının razılığı alınıb, tələb olunan bütün rüsumlar ödənilib.

 

Sənan Rəhimli

“Absheron-M” şirkətinin icraçı direktoru

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın