Ana səhifə / Media / Bəxtiyar Sadıqov: “Mən həkiməm, əmək müqaviləsindən xəbərin var?”

Bəxtiyar Sadıqov: “Mən həkiməm, əmək müqaviləsindən xəbərin var?”

Az öncə Azərbaycan Nəşriyyatının binasına təcili yardım maşının gəlməsi buradakı redaksiyaların diqqətini cəlb edib.

Belə ki, “Azərbaycan” qəzetində daha bir qalmaqal yaşanıb. Qəzetin əməkdaşı Aygül Bağırovanın səbəbsiz işdən xaric edilməsi xanımın halını pisləşdirib və həkim müdaxiləsinə ehtiyac yaranıb.

Jurnalistlə əlaqə yaratdıqda o, bizə məlumat verib ki, “Bəxtiyar Sadıqovdan soruşun ki, niyə əmək müqaviləsi verilməyib?”.

Bəxtiyar Sadıqova yönələn jurnalist ittihamlarının nə dərəcədə dürüst olmasını aydınlaşdırmaq üçün nəşriyyatın ikinci mərtəbəsinə düşdüm. Təsadüfən dəhlizdəcə rastlaşdıq. Düzü, Lider TV-də çalışdığım zamanlar aparıcılıq etdiyim proqramlarda qonaq, yaxud hazırladığım reportajlarda müsahib olduğu üçün gülərüzlə salamlaşdıq. Elə ki, sual və hazırda çalışdığım KONKRET.az-ın adını eşitdi, açıqlamasını qeyd etmək istədiyim telefonu söndürməyimi tələb etdi. Ardınca uca səslə, sanki məktəb direktoru dərs saatında koridorda tutduğu şagirdi danlayırmış kimi mühakiməli suallara başladı:

– Mən həkiməm?

– Əmək müqaviləsindən xəbərin var?

– Sən düz yolda deyilsən!

– Təəssüf edirəm…

Bəxtiyarla müsahibədən məmnun qalmadığım, bəxtiyar olmadığım üçün üzümü çevirib “mən də təəssüf edirəm”, – deyə redaksiyaya yollandım.

Aygül Bağırova yaşadığı stresdən dolayı hazırda xəstəxanadadır. Yaxın zamanda məsələ ilə bağlı müsahibə verəcək.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …