Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Media / “Bəzi jurnalistlər özlərini itirib”

“Bəzi jurnalistlər özlərini itirib”

Məşhur “TikTok”er “Tosu Zəngilanski” ləqəbli Əbülfət Abbasovun ölüm xəbəri Azərbaycanın əksər KİV-lərində geniş tirajlandı. Hətta hadisəni “Tosu”nun deyil, Azərbaycan jurnalistikasının ölümü kimi qiymətləndirənlər də oldu. Digərləri ciddi mətbuatın “Tosu Zəngilanski”yə lazım olduğundan çox yer ayrılmasına təəssüfləndi.

KİV rəhbərlərinin isə öz arqumentləri var. Onlar hesab edir ki, cəmiyyətdə “Tosu Zəngilanski”yə olan maraq, məsələn, Milli Məclisin əksər üzvlərinə olan maraqdan daha böyükdür.

Qeyd edək ki, bu gün tanınmış televiziya aparıcısı Turan İbrahimov da analoji mövqedən çıxış edib. T. İbrahimov deyib ki, Azərbaycanda ciddi verilişlərin auditoriyası olmadığı üçün hətta ciddi aparıcılar da efirdə qeyri-ciddi görünməyə məhkumdur.

Doğrudanmı Azərbaycanda ciddi verilişlərin auditoriyası yoxdur?

Azərbaycan cəmiyyəti üçün “Tosu” obrazı digər taleyüklü məsələlərdən daha önəmlidir?

Yenisabah.az-a danışan “Yeni Nəsil” İctimai Birliyinin sədri Arif Əliyev bu tendensiyanın dəyişəcəyini bildirib:

“Hər hansı bir insanın ölümünü qeyri-ciddi xəbər adlandırmazdım. Lakin sualın kökünü başa düşürəm: nəyə görə sıradan bir məlumat belə böyük diqqət cəlb edib? Əlbəttə, bu, onun məşhur olduğu sahə ilə bağlıdır, çünki “TikTok” trenddə olan bir sahədir. Ona görə də, bu, əlavə marağa səbəb olub. Bu da keçib gedəcək. Belə şeylər cəmiyyətin diqqətini müxtəlif dövrlərdə cəlb edib.

Amma bir şeylə razı ola bilmərəm ki, hansısa televiziya aparıcısı deyib ki, bəzi həmkarları özlərini qeyri-ciddi aparmağa məcburdurlar. Heç vaxt, heç kim jurnalisti buna məcbur edə bilməz. Əgər o insan dəyərlərini itirməyibsə. Amma təəssüf ki, hazırda ciddi dəyərlər sürüşməsi baş verib və onun içərisində bəzi jurnalistlər də özlərini itiriblər. Bir çox KİV-lər də onlara qoşulub. Nə zamansa qayıdış olanda bunun fərqində olacaqlar”.

Arif Əliyev əlavə edib:

“Biz zamanı hər hansı ictimai formasiyanın, yaxud hansısa bir insanın ömrü ilə ölçsək, burada səhv etmiş olarıq. İstəyirsiniz, götürün 2000-ci illərini əvvəllərini, yaxud İkinci Dünya müharibəsində sonrakı dövrləri, ya da daha geri – ötən əsrin 30-cu illərini. Zaman-zaman belə sıçrayışları cəmiyyət yaşayıb. Ona görə də, cəmiyyət sonda ya dayaq nöqtəsinə qayıtmalı, ya da tamamilə məhv olmalıdır. Söhbət bir cəmiyyətdən yox, bütöv bəşəriyyətdən gedir. Ona görə də, geriqayıdış labüddür. 

Ola bilsin ki, bu qayıdış fərqli müstəvidə olsun. Çünki texnologiya çox sürətlə inkişaf edir və o, bizə əlavə şərtlər diktə edir. Sadəcə, anlamadığımız, hələ də bir cəmiyyət olaraq tam başa düşmədiyimiz şey ondan ibarətdir ki, bu dəyişikliyin mahiyyəti “TikTok”dan, yaxud qısa müddət ərzində bir sıra platformalarda özünə ad qazanmış insanlardan ibarət deyil.

Mən hələ sizə bir neçə müddət bunca öncə “Park Bulvar”da baş verən biabırçı hadisəni xatırladıram. O da faktiki olaraq eyni qəbildən olan hadisələrdir. Biz də başa düşəcəyik ki, yeni texnologiya mütləq tərbiyəsizlik, ucuzluq, yüngüllük diktə etmir. Sadəcə, informasiya cəmiyyətinin özünü itirdiyi bir dövrdür. O dayaqlar isə mütləq tapılacaq və geri qayıdacaq. Mən buna inanıram”.

Həmçinin oxuyun

BMT: Dünyada jurnalistlərin təhlükəsizliyi aşağı düşüb

Birləşmiş Millətlər Təşkilatı dünyada jurnalistlərin təhlükəsizliyinin azaldığını açıqlayıb.  Təşkilat vəziyyətin günü-gündən daha təhlükəli xarakter aldığını …