Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bərdədə məcburi köçkünlər narazıdırlar: “Özümü yandıracam” – REPORTAJ, FOTOLAR

Bərdədə məcburi köçkünlər narazıdırlar: “Özümü yandıracam” – REPORTAJ, FOTOLAR

Xəbər verdiyimiz kimi, avqustun 1-də Bərdə rayonunda Ağdam, Füzuli, Laçın, Kəlbəcər rayonlarından olan məcburi köçkünlər mənzil bölgüsü ilə bağlı şəhərin mərkəzi küçələrində etiraz aksiyası keçirmişdilər və məsələni ictimailəşdirməyə çalışmışdılar. Təqribən 30 ailə müxtəlif səbəblərdən mənzillə təmin olunmadığından, Bərdə Rayonu Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin və Bərdə RİH-nin nümayəndələri ilə münaqişə yaranmışdı, aksiya iştirakçılarından 8 nəfər həbs olunmuşdu.
Bu hadisənin üzərindən müəyyən müddət keçməsinə baxmayaraq, musavat.com-un müxbiri məcburi köçkünlərin yaşadığı yataqxanada hazırda vəziyyətin nə yerdə olduğunu işıqlandırmağa çalışıb.
Qeyd edək ki, aksiyanın ardından 20-yə yaxın ailə mənzillə təmin olunsa da, 105 saylı peşə məktəbinin yataqxanasında hələ də təqribən 10-a yaxın ailə qalıb və onlar müxtəlif səbəblərdən yeni mənzillə təmin olunmayıblar. Yataqxanada qalan məcburi köçkün ailələrinin durumu acınacaqlıdır. Hazırda aparılan söküntü işləri sakinlərin həyatını alt-üst edib.
Xocalı rayonundan məcburi kökün olan Süleyman Cavadov aidiyyatı qurumların onlara qarşı ədalətsiz davrandığını deyib: “1993-cü ildən 105 saylı peşə məktəbində məskunlaşmışıq. Torpaqlarımızı, bağ-bağçamızı erməniyə qoyduq, gəldik. İndi bizə 1 mənzili də çox görürlər”.
Mənzil verilməməsinin səbəbinə gəlincə isə, Süleyman Cavadov bildirdi ki, onun Bakıda mənzilinin olmasını bəhanə edərək, adını siyahıdan çıxarıblar: “Əvvəl mənzil siyahısında adım var idi. Lakin mənzillər veriləndə həmin siyahıda adım çıxmadı”.
Sakinlər bildirdilər ki, yataqxananın həyətində gecə-gündüz texnika işləyir və evdə səs-küydən yatmaq olmur. Qonşu evlərdə aparılan söküntü işləri zamanı divarlar çatlayır, su xətləri və elektrik sistemi sıradan çıxır. Sakinlər bu yolla onları məcbur edib, həmin ərazidən çıxaracaqlarını bildirdilər.
Adının çəkilməsini istəməyən məcburi köçkün əgər mənzillə təmin olunmasa, özünü yandıracağını dedi:“Ailəm böyükdür, ata və oğul bir otaqda yaşayırıq. Artıq uşaqlar da böyüyüb. Bizimlə qaçqın düşən tanışların hamısına mənzil verildi. Biz niyə yaddan çıxdıq? Aidiyyatı qurumlar hara baxır? Neyləyək ki, bizə ev versinlər? Bu gedişlə od vurub, özümü yandıracağam”.
Xatırladaq ki, son bir ayda 125-ə yaxın ailə Bərdə-Yevlax yolunda yeni tikilən mənzillə təmin olunub. Hazırda yataqxanada 10 ailə qalıb.


















 

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın