Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Azərsu”nun qarşısında aksiya olacaq: “Yayda 10 gün susuz qalmaq olar?” – REPORTAJ, FOTOLAR

“Azərsu”nun qarşısında aksiya olacaq: “Yayda 10 gün susuz qalmaq olar?” – REPORTAJ, FOTOLAR

Abşeron rayonu, Qobu qəsəbəsinin sakinləri qızmar yay günlərini susuz keçirmək məcburiyyətində qalıblar. Belə ki, qəsəbənin aylardır, davam edən su problemi bitmək bilmir. Qəsəbəyə daimi su verilsə də, su borularında yarana problemlər səbəbindən əhali günlərlə susuz qalır. 
Sakinlər deyirlər ki, ay ərzində 6-7 dəfə su kəsilir. Nəticədə qəsəbə sakinləri su üzünə həsrət qalır, vedrələrlə su daşıyıb, günlərini keçirməli olurlar. Sakinlərin sözlərinə görə, elə vaxt  olub ki, qəsəbəyə 15 gün su verilməyib. Son olaraq avqust ayının 21-də su kəsilib və hələ də verilmir.
Qobu qəsəbəsinin küçələrində günün istənilən saatında əlində verdə ilə su daşıyan insanlara rast gəlmək olar. Onlar deyirlər ki, su 1-2 gün verilməyəndə həyətində çəni olan qonşulardan daşıyıb, vəziyyətdən çıxırlar. Ancaq isti yay günlərində bir həftə susuz qalmaq dəhşətdir.
Qəsəbə sakinləri problemlə bağlı hər dəfə “Azərsu” ASC-yə müraciət etdiklərini deyirlər. Oradan sakinlərə bildirilib ki,  problemin səbəbi su borularının partlaması ilə bağlıdır.
Qobuda yaşayan Səbinə Əliyeva deyir ki, su idarəsi hər dəfə problemin həlli üçün söz verir, lakin bir həftə keçməmiş durum yenidən təkrarlanır: “Hər 7-10 gündən bir su kəsilir. Ən azı bir həftə susuz qalırıq. Elə vaxtlar olur ki, bu, 10 günə kimi uzanır. Bu ilin yay aylarında, əsasən də iyun, iyul aylarında həftələrlə susuz qalmışıq. Artıq bezmişik. Çox vaxt su dərdindən ev-eşiyimizi qoyub, qohumların evinə gedirik”.
Qobu sakinləri yaxın günlərdə “Azərsu” ASC-nin binası önündə etiraz aksiyası keçirəcəklərini bildiriblər.
Sonuncu dəfə avqustun 21-də Qobu qəsəbəsinə verilən su kəsilib və artıq bir həftədir ki, insanlar yüzlərlə metr uzaqlıqdan vedrələrlə su gətirirlər. Həyətlərində irihəcmli su çənləri olan sakinlərin də su ehtiyatı artıq tükənib.
Teymur adlı Qobu sakini su ilə əlaqədar bir neçə dəfə şikayət etdiyini, cavabında isə “Azərsu” işçilərinin ona məsləhət verdiklərini deyir: “Dəfələrlə su idarəsi nümayəndələri ilə əlaqə saxlayıb, problemi bildirmişik. Problemi həll etmək əvəzinə, bizə məsləhət verirlər ki, gedin özünüzə su çəni alın. Deyirlər ki, elə vaxt olacaq ki, 10 günlərlə suyunuz olmayacaq. Burada həmişə su kəsilir. Bizlik bir şey yoxdur”.
Adının çəkilməsini istəməyən qəsəbə sakini isə su probleminin həllinə biganə yanaşıldığını bildirdi: “Bu gün yenidən qəsəbənin su idarəsinin nümayəndəsi ilə əlaqə saxladıq. İdarə rəisi problemin nə olduğunu bilmir. Bizə dedi ki, mən başqa yerdəyəm, qaynar xəttlə danışın. Maraqlıdır ki, insanlardan 150-200 manat rüşvət alıb, su çəkdirəndə idarə rəisindən, fəhləsinə kimi iş prosesi gedən ərazidə olurlar. İndi problemini deməyə adam da tapmırsan. “Azərsu”nun qaynar xəttinə də düşə bilmirik ki, zəng edib, dərdimizi deyək. Ailəmiz böyükdür, ehtiyat su toplamağa  çənimiz yoxdur. Suyu da pulla almaqdan bezmişik. Su maşınları balaca bir qabı 5 manata doldururlar. Əgər “Azərsu” problemi həll edə bilmirsə, gətirsinlər çənləri öz vəsaitləri hesabına etsinlər”.
Məsələ ilə bağlı biz də “Azərsu” ASC-nin qaynar xətti ilə əlaqə saxladıq. Qaynar xəttdən bildirdilər ki, Oğuz-Qəbəblə su xəttində problem var, bu səbəbdən də suyun verilməsi dayandırılıb. Lakin bu problemin nə zaman həll olacağı ilə bağlı sualımız cavabsız qaldı. Sadəcə, bildirildi ki, “Vətəndaş sizin şikayətiniz qeydə alındı”.
Musavat.com-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, su xətlərində qəza olub və hazırda bərpa işləri aparılır: “315-lik” su borusu partlayıb. Onu bərpa edirlər”.





















Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın