Ana səhifə / Media / “Azərsu” Sumqayıtda uşaqların kütləvi zəhərlənməsinə aydınlıq gətirdi

“Azərsu” Sumqayıtda uşaqların kütləvi zəhərlənməsinə aydınlıq gətirdi

“Azərsu” ASC-nin baş texnoloqu, İstismar İdarəsinin işçiləri, Sumqayıt Sukanal İdarəsinin əməkdaşları bu gün bütün günü hadisə baş verən ərazidə olublar.

Bunu Sumqayıtda 119 uşağın sudan zəhərlənməsi barədə xəbərlərə aydınlıq gətirən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib.

“Əməkdaşlarımız suyun tərkibini yoxlayıblar. Nəticələr normaldır. Suda qeyri-adi heç nə aşkarlanmayıb” — deyə Cəbrayıllı bildirib.

Qeyd edək ki, zəhərlənən uşaqlar krandan su içdikdən sonra bu hala düşdüklərini bildiriblər. Uşaqların valideynləri də zəhərlənmənin sudan baş verdiyi qənaətindədir. Anar Cəbrayıllı “uşaqlardan götürülmüş qan analizlərinin nəticələrindən sonra əsas səbəb bilinəcək” deyə bildirib.

Xatırladaq ki, bu gün ölkə gündəminin əsas xəbərlərindən biri Sumqayıtda uşaqlar arasında kütləvi zəhərlənmənin baş verməsi olub.

Sosial mediada yer alan xəbərlərə görə, son 3 gündə Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Sumqayıtın Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər. Nəvəsini xəstəxanaya gətirən Əkbər İsmayılov deyib ki, uşağın vəziyyəti su içən yerdə pisləşib: “Qızdırması qalxdı, ürəyi bulandı. Sistem köçürdülər, evə apardım, sonra əhvalı pisləşdi, yenidən gətirdim”.

Valideyn Altay Əsgərov da qeyd edib ki, 99 faiz uşaqlarda eyni xəstəlikdir: “Uşaqda qusma, ishal, yüksək hərarət var. Hamısı sudandır, zəhərləniblər”. Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da xəstəxanada olublar. Uşaqlardan analizlər götürülərək laboratoriyaya göndərilib.

Kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın