Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Azərişıq” şefinin adamı ittiham olunur – Şəkidən şikayət

“Azərişıq” şefinin adamı ittiham olunur – Şəkidən şikayət

Redaksiyamıza daxil olan məlumatlarda Qəbələ Regional Elektrik Şəbəkəsinin (RETŞ) tabeliyində fəaliyyət göstərən Şəki elektrik paylayıcı şəbəkəsinin rəhbəri Eldəniz Hacıyevin fəaliyyətində müşahidə olunan çoxsaylı özbaşınalıqlardan bəhs edilir. Belə məlumatlardan birində deyilir: “Bu gün Şəki elektrik paylayıcı şəbəkəsinin xidmət göstərdiyi bölgədə saysız-hesabsız problemlər mövcuddur. Bu yaxınlarda şəbəkənin əməkdaşları Şəki rayonunda yerləşən uşaq bağçalarının sayğaclarını açıb aparıblar. Səbəb kimi yeni smart tipli sayğacların qoyulacağını bildiriblər. Halbuki, bu işi yay aylarında da görmək olardı. Havanın soyuq keçdiyi günlərdə uşaq bağçalarının sayğaclarının dəyişdirilməsi, körpələrin zülmətə qərq edilməsi sadəcə olaraq dəhşətdir. Yerli camaat sayğacların dəyişdirilməsinin əleyhinə deyil. Yeni sayğaclar quraşdırılacaqsa, bunu müsbət qarşılayırıq. Lakin işi vaxtında görmək lazımdır. Niyə bunu yay aylarında etmirdilər ki? Uşaq bağçalarından köhnə sayğacların yığılması uşaqlar arasında davamiyyətə təsir edib. Sinif otaqları soyuq olduğuna görə valideynlər uşaqlarını bağçaya göndərməkdən imtina edirlər. Bundan başqa, bir müddət əvvəl Gəncədən gələn bir nəfər Şəki də daxil olmaqla, Oğuz, Qəbələ, Balakən və Qax rayonlarında özəl və dövlət müəssisələrinin sayğaclarına müdaxilə edib. Nəticədə həmin sayğacların fəaliyyətində böyük problemlər meydana gəlib. Çox elektrik enerjisi işləndiyi halda az pul yazılır. Bu məsələdən Qəbələ RETŞ-nin rəhbəri İlham Hüseynov da xəbər tutub. O, sayğaca müdaxilə edən şəxsi hüquq-mühafizə orqanlarına təhvil vermək əvəzinə, özü sorğu-suala tutub. Deyilənə görə, sayğacların fəaliyyətini iflic edən şəxs şəbəkənin rəhbərinə 5 min dəfə “sağ ol” dedikdən sonra məsələ həllini tapıb. Bundan başqa, Şəki elektrik paylayıcı şəbəkəsinin rəhbəri Eldəniz Hacıyev bu rayondakı büdcə təşkilatlarına, idarə və müəssisələrə hər ay külli miqdarda borc yazır. Həmin idarələrin yetkili şəxsləri bu borcu büdcə vəsaitlərindən ödəyirlər. Daha sonra ödənilən vəsait şəbəkə və idarə rəhbərlərinin iştirakı ilə “saf-çürük” edilir. Yəni bu əməliyyat nəticəsində həm şəbəkənin müdiri, həm də büdcə təşkilatlarının rəhbərləri qazanırlar. Misal olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasını göstərmək olar. Hər ay səhiyyə ocağına işlədilən elektrik enerjisindən artıq borc yazılır. Baş həkim və şəbəkə müdiri əlaqəli şəkildə bu işdə öz maraqlarını təmin edirlər. Bu hal təkcə Şəkidə yox, regiona daxil olan digər rayonlarda da həyata keçirilir. Məhz belə əməliyyatların nəticəsində dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir…”
Bir daha xatırladaq ki, hələ iki il bundan əvvəl qəzetimizin səhifələrində dərc olunmuş materiallarda, o zaman Zaqatala Elektrik Şəbəkə müəssisəsinin direktoru vəzifəsini tutan Eldəniz Hacıyevin yarıtmaz fəaliyyətindən, eləcə də bu məmurla rayon rəhbərliyi arasında yaranmış qarşıdurmadan bəhs edən bəzi açıqlamalr təqdim olunmuşdu. Həmin vaxt redaksiyamıza daxil olan məktublarda bu məmurun rəhbərlik etdiyi müəssisənin fəaliyyətinin yerli sakinlərin ciddi narazılıqlarına səbəb olduğu bildirilirdi. Bununla bağlı vurğulanırdı ki, müəssisənin fəaliyyəti mütəmadi olaraq müxtəlif qanun pozuntuları ilə müşayiət olunur. Məlumatlarda xüsusilə vurğulanan bir məqam da dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə bəzi istehsal və kommersiya obyektləri ilə şəbəkə rəhbərliyi arasında bağlanan qeyri-rəsmi və qeyri-qanuni razılaşmalar xüsusnda idi. Yerli mənbələrin iddialarına görə bu razılaşmalar həmin müəssisə rəhbərlərinə aylıq “haqq” ödənişləri etməklə sayğacdankənar qoşulmuş xətlərlə elektrik enerjisindən istifadə etmək imkanı verirdi. Bu isə təbii ki, dövlət vəsaitlərinin mənimsənilməsi ilə bərabər, həm də digər istehlakçıların mənafeylərinə ziyan vururdu. Bu kimi hallar hətta o zaman “Azərenerji”nin müvafiq qurumlarının Zaqatala rayonu üzrə həyata keçirdiyi yoxlama reydləri zamanı da aşkar olunmuşdu. Bütün bu qanun pozuntuları “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin diqqətindən kənarda qalmadı və az müddət sonra Eldəniz Hacıyev nəhayət ki, tutduğu vəzifədən azad olundu. Lakin məlum olduğu kimi, artıq bu ilin fevral ayından etibarən ölkə prezidentinin müvafiq sərəncamı ilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı və “Azərenerji”nin də səlahiyyətləri “Azərişıq” ASC-yə verildi. Göründüyü kimi, Eldəniz Hacıyev də bu dəyişikliklərdən böyük məharətlə yararlana bilmişdir. Belə ki, o, indi də artıq Şəkidə büdcə vəsaitlərinin talan oluması ilə bağlı təcrübəsini intensiv şəkildə tətbiq etməkdədir…

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın