Ana səhifə / Media / Azərbaycanın bölgələrində yeni il əyləncələri: 1000-2000 manat

Azərbaycanın bölgələrində yeni il əyləncələri: 1000-2000 manat

Yeni ilin gəlişinə sayılı günlər qaldı. Artıq regionlardakı otellər, turizm mərkəzləri Yeni il şənliklərinin qiymətini açıqlayıb. Turizm şirkətləri də xeyli ilginc seçimlər təqdim edirlər. Bəs görəsən, yeni ili otellərdə keçirmək və müxtəlif turpaketlər neçəyə başa gəlir?

Yeni ili otellərdə qarşılamaq istəyənlərin əksəriyyəti şimal zonasına üstünlük verir. Burda qar yağması ehtimalı yüksəkdir ki, bu da şənliyə əlavə rəng qatır. Buna görə də, bölgələrdəki otellər fantastik qiymətlər təklif edirlər. Məsələn, Quba və Qusardakı otellərdə bayram şənlikləri üçün nə az, nə çox 1000 manat ödəmək lazım gəlir. “Şahdağ” kompleksindəki “Zirvə “ otelində bir gecəlik standart otağın qiyməti 410 manatdan başlayır. Qiymətə səhər yeməyi, yeni il şənliyi və bayram ziyafəti, şam yeməyi zamanı içkilər daxildir.

Şahdağdakı “Pik Palace” oteli yalnız zəngin müştərilər üçün hesablanıb. Oteldə standart otağın qiyməti 684 manatdır. “Park Chalet” oteldə isə qiymət 612 manatdan başlayır. Tur qiymətinə daxildir: yalnız səhər yeməyi. Yeni il gecəsi şam yeməyi, alkoqollu içkilər üçün əlavə pul ödənilməlidir.

“Şahdağ” otelində yerlər noyabr ayından tutulub. “Boş yerimiz yoxdur, yalnız yanvar ayının 10-dan sonra müraciət edə bilərsiniz”, – oteldən bildiriblər.

Azərbaycandakı əcnəbilər də, əsasən, şimal bölgəsinə üz tuturlar. “Bizim müştərilərin arasında ərəblər çoxdur”, – oteldən qeyd ediblər.

Şamaxıdakı beşulduzlu otellərdə isə qiymətlər 300 manata yaxındır. Amma bəzi otellər şərtlər irəli sürür, yeni ili keçirmək istəyənlər ən azı 3 gün oteldə qalmalıdırlar. Məsələn, “Şamaxı Palace” otelində standart otağın bir günlük qiyməti 408 manatdır. Qiymətə 3 gün gecələmə, gündə 3 dəfə qida planı, türk və fin hamamı, fitnes mərkəzindən istifadə daxildir. Amma Yeni il gecəsində iştirak üçün əlavə böyüklər üçün 100, uşaqlar üçün isə 50 manat ödənilməlidir.

“Qafqaz Sport Resort” otelində yeni il keçirmək istəyənlər standart otaqlarda bir günlük dincəlmək üçün 250 manat ödəməlidirlər. Təklif sizə ucuz görünməsin, turun qiymətinə 2 gün gecələmə, səhər yeməyi daxildir. Yeni ildə şam yeməyi 1 nəfərə 150 manata başa gəlir. Biz 2 gün ərzində nahar və axşam yeməyini, oyun və əyləncələri hesablamırıq.

Qəbələnin digər hissələrində bir gecəlik 170 manatdan otel tapmaq mümkündür. Amma nahar, Yeni il şam yeməyi, müxtəlif əyləncələr daxil olmaqla minumum 300 manat xərcləmək lazım gəlir.

Yeni ili xarici ölkələrdə qeyd etmək istəyənlər də müxtəlif paketlərdən yararlana bilərlər, yetər ki, pul olsun. Turpaketlərin qiyməti 340 dollardan başlayır. Məsələn, şirkətlərdən biri İstanbula səyahət təşkil edir. Qiymətə aviabilet, qidalanma, sığorta daxildir. Yeni ilini Uludağda keçirmək istəyənlər 790-1030 dollaradək xərcləməlidirlər. Parisdə yeni il 950 dollara, Praqada 760 dollara, Amsterdamda 660 avroya, Milanda 800 avroya, Romada isə 1100 avroya başa gəlir. Ən yüksək qiymət Malayziya və Sinqapurdadır, bu ölkələrə səyahət 1500-2000 dollara təklif edilir. Çində, Yaponiyada, ABŞ-da Yeni il səyahətləri 1000 dollardan başlayır. Rusiyanın paytaxtı Moskvada Yeni il şənliyinə qatılmaq üçün müxtəlif şirkətlərin qiymətlərinə nəzər salsaq, təxminən 300-500 dollar gərəkdir. Ən ucuz və sərfəli təklif isə Gürcüstana səyahətdir, yeni ili Tbilisidə qarşılamaq istəyənlər təxminən 250 dollara səyahət edə bilərlər. Qiymətə otel, gündə 3 dəfə qidalanma və Yeni il şənliyi daxildir.(Virtualaz.org)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın