Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azərbaycanda transmilli telekanal açıla bilər – “Əl Cəzirə” və “Russia Today” nümunəsi

Azərbaycanda transmilli telekanal açıla bilər – “Əl Cəzirə” və “Russia Today” nümunəsi

Qulu Məhərrəmli: “Bu işi zəka səviyyəsinə görə geridə qalmış insanlara həvalə edəndə, ölkəyə fayda əvəzinə, zərər verə bilər”; Bəxtiyar Sadıqov: “Beynəlxalq səviyyədə hazırlanmış jurnalistlərimiz, rejissorlarımız, operatorlarımız varmı?”

Son zamanlar hökumətin televiziya siyasətində ciddi dəyişikliklər baş verir ki, bunlardan da ən önəmlisi, media qurumlarında aparılan rəhbər dəyişiklikləridir. Məlum olduğu kimi, televiziyalar həm də ideoloji silahdır və onun kimin əlində olması çox önəmlidir. Bu baxımdan “Azad Azərbaycan” teleşirkətində baş verən rəhbər dəyişikliyindən sonra bu tipli addımların davam edəcəyi gözlənilirdi.

Bu mənada oktyabrın 6-da “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı da göstərdi ki, iqtidar bu mövzuda ardıcıl olacaq. Ə.Həsənov tədbirdə çıxış edərək bildirib ki, son 10 ildə Azərbaycanda süni reytinq arxasınca qaçma da bu işdə rol oynayıb: “Bu cür müzakirələrlə neqativ halların qarşısını almağa çalışırıq. Televiziya və KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər. Çünki nümunələri onlar təqdim edirlər. Elə insanlar nümunə göstərmək lazımdır ki, onlar Azərbaycan xalqını təmsil etmək iqtidarına malik olsun”.

Bu məsələ gündəmdə ikən bir mövzunun da müzakirəyə verilməsinə ehtiyac var. Rusiyanın “Russia Today”, Qətərin “Əl-cəzirə” kimi beynəlxalq auditoriyaya xitab edən televiziyaları kimi, Azərbaycanda nə üçün bu tipli telekanal yoxdur?

Azərbaycan həqiqətlərinin, dövlət siyasətinə uyğun beynəlxalq ideoloji təbliğatın aparılması üçün əlimizdə demək olar ki, heç bir vasitə yoxdur. Azərbaycanın dünya arealına çıxacaq bir kanalının olmaması isə bütövlükdə ölkənin iqtisadi-siyasi inkişafına mane olur. Yerli telekanalların isə beynəlxalq auditoriyaya çıxmaq potensialı sıfıra bərabərdir. Hətta əksəriyyətin fikrincə bizim tv-lər daxili auditoriya üçün də yaramır.

Azərbaycanın beynəlxalq aləmə xitab edən bir telekanalının olması həm də bunu bacara biləcək ixtisaslı kadrların olması deməkdir. Ölkəmizin bu telekanalın texniki təminatı üçün kifayət qədər imkanları var, lakin problemin həlli kadr məsələsindədir. Bəzi televiziya ekspertləri isə hesab edirlər ki, belə bir telekanal yaradılarsa, xaricdən kadrların gətirilməsi daha doğru olar. Çünki legionerlərə təkcə idmanda deyil, həm də mass-mediada ehtiyac var.

Media eksperti, jurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a açıqlamasında bu mövzu ilə bağlı fikirlərini səsləndirib. Onun sözlərinə görə, Rusiyanın “Russia Today”, Qətərin “Əl-cəzirə” kanalları transmilli kanallardır:

“Elə dövlətlər var ki, informasiya müharibəsi aparmaq üçün müəyyən nəşrlər, televiziya və radio kanalları yaradırlar. Azərbaycanda da əvvəl “ATV İnternational” kanalı var idi, sonradan CBC kanalına çevrildi. Bu kanal Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün nəzərdə tutulmuşdu. Bu kanalın verilişlərinin ingilis, rus, ərəb, fransız və digər dillərdə olması nəzərdə tutulurdu. İstənilən dövlətin belə bir kanala ehtiyacı var.

Vaxtilə ABŞ-ın bir “Amerika” jurnalı nəşr olunur və SSRİ-də yayılırdı, onun çoxlu pərəstişkarları var idi. Burada əsas məqsəd Amerika mədəniyyətini, geyim və düşüncə tərzini təbliğ etmək idi. Eləcə də, “Amerikanın səsi” və “Azadlıq” radioları yaradılarkən onun əsas məqsədi Amerikanın düşüncə tərzini və demokratiyanı təbliğ etmək oldu. Prinsipcə, Azərbaycanda da belə bir kanalın yaradılmasına ehtiyac var. Xarici İşlər Nazirliyinin tərkibində belə bir struktur yaratmaq olardı və onun əsas işi də Azərbaycanı tanıtmaq, tarixini, bu gününü, Qarabağ problemi ilə bağlı məsələləri dünya ictimaiyyətinə çatdırmaq olardı. Böyük Britaniyada ingilis dilində efirə verilən bir verilişdə Azərbaycan düşüncə tərzinin ifadə olunması olduqca maraqlıdır”.

Media eksperti deyib ki, konsepsiya və strategiya aydın olanda kadr məsələsini də, maliyyə məsələsini də həll etmək olur: “Azərbaycanda media sahəsində çox peşəkar insanlar var. Onlar bu məsələdə fayda verə bilərlər. Lakin təəssüf ki, həmin peşəkarların bir qismi kənarda qalıb, onları bu işlərə cəlb etmək mümkündür. Önəmli məqamlardan biri də odur ki, beynəlxalq aləmə çıxırsansa, tətbiq etdiyin metodlar müasir olmalı, müasir texnologiyaya əsaslanmalıdır. Bu işdə doğru seçim olmazsa, nəinki ölkəni təbliğ edə bilər, əks effekt də verə bilər. Bunun üçün informasiya texnologiyalarını yaxşı bilən yüksək səviyyəli peşəkarlar olmalıdır. Bu işi zəka səviyyəsinə görə geridə qalmış insanlara həvalə edəndə, ölkəyə fayda əvəzinə, zərər verə bilər”.

Image result for Bəxtiyar Sadıqov

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da “Yeni Müsavat”a açıqlamasında beynəlxalq kanal yaratmağa ehtiyac olduğunu, lakin bunun o qədər də asan məsələ olmadığını diqqətə çatdırdı: “Azərbaycan hazırda inkişafının elə bir mərhələsinə gəlib çatıb ki, dünyaya deməyə sözü, ixrac etməyə məhsulu var. Ölkəmizin qlobal proseslərlə bağlı gördüyü işlər, tədbirlər var. Məsələn, multikulturalizmin Azərbaycan modeli var ki, dünyaya gedən proseslərdə Azərbaycanın bu modeli sülh yaradan bir amil kimi iştirak edə bilər. Azərbaycan öz ayaqları üzərində duran müstəqil dövlətdir və dünyaya böyük fayda verir. Hər il bizdə xeyli forumlar keçirilir, ora dünyanın tanınmış insanları, elm adamları dəvət olunur. Azərbaycanın bir sıra kanalları peyk vasitəsilə dünyaya translyasiya olunur. Xaricdəki azərbaycanlılar onu izləyə bilirlər. Ancaq bizim dünyada sözümüzü deyəcəyimiz televiziya kanallarına ehtiyacımız var. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bu, çox önəmlidir. Ancaq burada peşəkarlıq məsələsi var, tarixi həqiqətlərimizi dünyaya necə çıxartmaq, onu beynəlxalq aləmin qəbul edəcəyi dildə necə təqdim etmək, verilişlərin hazırlanma səviyyəsi və sair nəzərə alınmalıdır. Bu, çox yaxşı istək olsa da, reallaşdırmaq o qədər asan deyil. Bizim maliyyə və texniki baxımdan problemimiz yoxdur, ancaq beynəlxalq səviyyədə hazırlanmış jurnalistlərimiz, rejissorlarımız, operatorlarımız varmı? Lazım olsa dünyadan öyrənmək də olar, jurnalistlərimizi beynəlxalq praktikaya göndərmək olar. Hesab edirəm ki, beynəlxalq kanal lazımdır, Azərbaycan sistemli şəkildə dünyaya çıxmalıdır. Ancaq biz buna elə başlamalıyıq ki, uğur qazanaq. Bu sahənin peşəkarlarını tapıb, onları öyrətmək, dünya təcrübəni öyrənib ona uyğun olaraq yola çıxmaq lazımdır”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …