Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azərbaycanda siqaretə qadağa qoyulması təklif edilir

Azərbaycanda siqaretə qadağa qoyulması təklif edilir

Bu gün gənc nəslin siqaretlə bağlı çox ciddi problemləri var. Biz öz məsuliyyətimizi dərk edərək buna qarşı tədbirlər həyata keçirməliyik. 
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib.
Onun sözlərinə görə, statistikaya görə Azərbaycanda əhalinin 40-60 faizi siqaret çəkir. “Əlbəttə, bu rəqəmlər bizim üçün təəssüfləndirici haldır. Gənclər arasında bu zərərli vərdişin yayılmasının, bəzən azyaşlı uşaqların siqaret çəkdiyinin şahidi oluruq. Düşünürəm ki, bu sahədə qanunvericiliyi sərtləşdirməyə ehtiyac var”.
Qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlərin olduğunu nəzərə çatdıran Fuad Muradov bütün bunların bir araya toplanılaraq  siqaretin qadağası ilə bağlı ümumi bir qanunun qəbul edilməsinin tərəfdarıdır: “Burada kiminsə hüquq və azadlığının məhdudlaşdırılmasından söhbət getmir. Əksinə, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda siqaretlə bağlı sərt qanunun olması insanların hüquqlarının qorunması, həmçinin bu zərərli vərdişin təbliğinin qarşısının alınması üçün zəruridir. Bağçaların, məktəblərin, universitetlərin daxilində və həyətlərində, həmçinin turizm və iaşə obyektlərində siqaret çəkməyin qadağası və yüksək cərimələrin tətbiqi olmalıdır”.
Dünya praktikasında bəzi ölkələrdə hətta siqaretin çəkilməsi üçün az sayda yerlərin olduğunu diqqətə çatdıran komitə sədrinin fikrincə, bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi daha əhəmiyyətlidir: “Qanunvericiliklə yanaşı maarifləndirmə lazımdır. Daha çox televiziyalarda siqaret əleyhinə sosial reklamların çəkilərək verilməsi, həmçinin siqareti tərgitmək istəyənlər üçün tibbi və psixoloji mərkəzlərin yaradılması və genişləndirilməsi vacibdir.
Bundan əlavə, asudə vaxtın səmərəli təşkili, xüsusən də gənclərin idman sahəsinə yönləndirilməsi olmalıdır. Ölkəmizin, demək olar ki, bütün bölgələrində idman kompleksləri var və fəaliyyət göstərir. İlk növbədə, ailədə valideynlər, eyni zamanda gənclər təşkilatları, QHT-lər bu istiqamətdə daha fəal olmalı, gəncləri doğru yönləndirməlidirlər. Düşünürəm ki, kompleks şəkildə yanaşılsa, bu problemin həlli istiqamətində müsbət irəliləyişlər əldə edə biləcəyik”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın