Ana səhifə / Media / Azərbaycan vətəndaşı Gürcüstan Gömrük Departamentinə şikayət etdi-FOTOLAR

Azərbaycan vətəndaşı Gürcüstan Gömrük Departamentinə şikayət etdi-FOTOLAR

 “Gürcüstan gömrükçülərinin Azərbaycan gömrükçüləri və sərhədçilərinin işinə qarışması, kimisə qabağa buraxıb kimisə “cəzalandırması” ciddi suallar doğurur”

Azərbaycan vətəndaşı M.R.Tağıyev Gürcüstan Respublikasının Maliyyə Nazirliyinin Gömrük Departamentinin rəhbərliyinə müraciət edib.  M.Tağıyev öz məktubunda “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsində üzləşdiyi problemləri qeyd edib və qanun pozuntularına, süründürməçiliyə yol verən Gürcüstan gömrükçülərinin barəsində tədbir görülməsini xahiş edib.

Müraciətdə bildirilir: “Noyabrın 1-dən 2-nə keçən gecə, mən öz “Renault Duster” markalı avtomobilimdə “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Gürcüstan ərazisindən Azərbaycana keçmişəm. Gürcüstan ərazisində gömrük yoxlamasından beş saat ərzində keçdim. Bundan sonra mən dörd saat neytral zolaqda növbədə gözləmək məcburiyyətində qaldım. Gömrük keçid məntəqəsində Azərbaycan ərazisinə daxil olan avtomobillər iki hissəyə bölünmüşdü. Yük maşınları solda, minik avtomobilləri isə sağda yerləşdirilmiş, amma orta yol boş qalmışdı.

Gömrükçülərin fərsiz fəaliyyəti ucbatından, sərhəddə böyük növbə yaranmışdı. Yük maşınları və minik avtomobillər arasında boş ərazi yaradılmışdı və hər yarım saatdan bir sərhəddən iki-üç maşın buraxırdılar. Mən qanuna tabe olan şəxs kimi, Gürcüstan gömrükçüləri pasportuma möhür vurduqdan sonra, yolun sağ tərəfində növbəyə durdum. Növbə sırası bir kilometrə qədər uzanmışdı. Mən əmin oldum ki, “Sınıq körpü”də növbə yalnız biz “sadə vətəndaşlar” üçün düşünülüb.

Gürcüstan və Rusiya nömrəli avtomobillərin sahibləri, pasportlara möhür vuran gömrükçü ilə “razılaşaraq”, Azərbaycan ərazisinə maneəsiz daxil olurdular. Bu “razılaşma”nın nədən ibarət olduğunu isə aparacağınız araşdırmalar zamanı müəyyən edə bilərsiniz. Gürcüstan gömrükçüləri ilə “razılaşma” əldə olunduqdan sonra, müəyyən avtomobilin sahibi ümumi ərazidən boş əraziyə keçirdi və Azərbaycan sərhədinə çox yaxın yerləşən gömrükçülərin köşkünə tərəf yönəlirdi. Bu köşkdə oturan gömrükçü, azərbaycanlı həmkarlarına müraciət edərək, onlara indi “razılaşma” əldə olunan şəxsin keçəcəyini xəbər verirdi. Bundan sonra həmin şəxs öz avtomobilində Azərbaycan ərazisinə sərbəst, heç bir maneə olmadan daxil olurdu. Bu, məni qəzəbləndirdi.

Mən “öz adamlarını” növbədənkənar buraxan gömrükçüyə onun hərəkətlərindən hiddətimi bildirdim. Gömrük əməkdaşı cavab olaraq bildirdi ki, Gürcüstan gömrükçüləri ilə vaxtında razılığa gəlmək lazım idi.

“Sən razılaşmadığına görə, digərləri kimi növbəyə dayanmalısan”, – deyə Gürcüstan Respublikasının gömrükçüsü mənə bildirdi. Bizimlə bir növbədə duran 20-BB-020 (Azərbaycan, Gəncə şəhəri) dövlət nömrə nişanlı qara “Land Cruiser” markalı avtomobilin sahibi də sərbəst zolağa keçmək istəyirdi. Amma köşkdə olan gürcü gömrükçü bu avtomobilin sahibindən onun pasportunu aldı və dedi ki, “o, növbəni lazımi insanla “razılaşmadan” pozduğuna görə, növbənin axırına göndərilir”. Azərbaycan Gömrük Postunda, Azərbaycan ərazisində yerləşdirilmiş köşkdəki Gürcüstan gömrükçülərinin Azərbaycan gömrükçüləri və sərhədçilərinin işinə qarışması, kimisə qabağa buraxıb kimisə “cəzalandırması” ciddi suallar doğurur. Ümid edirəm ki, bu və digər sualların məntiqli bir cavabı və izahı olacaq. Mən öyrəndim ki, bu acınacaqlı vəziyyət Azərbaycan-Gürcüstan sərhədində artıq 15 gündür hökm sürür. Sizdən bu məsələni araşdırmağınızı və vətəndaşların hüquqlarını pozan məmurlar barəsində tədbir görməyinizi xahiş edirəm.

Hörmətlə, Azərbaycan Respublikasının vətəndaşı M.R.Tağıyev”

Qafqaznews.az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın