Ana səhifə / Media / Azərbaycanlı köçkünlərə həsr olunmuş sərgi – Fotolar

Azərbaycanlı köçkünlərə həsr olunmuş sərgi – Fotolar

Qaçqınların statusuna dair BMT-nin 1951-ci il Konvensiyasının qəbul edilməsinin 50-ci ildönümü münasibəti ilə təşkilat tərəfindən 2000-ci ildə Ümumdünya Qaçqınlar Günü elan edilən 20 iyun tarixində bütün dunyada münaqişə və müharibələr nəticəsində dogma ocağından didərgin düşən insanlar yad edilir. 

“Qafqazinfo” xəbər verir ki, Qarabağ müharibəsi zamanı Azərbaycanda olan humanitar böhran amerikalı fotojurnalist və rejissor Ed Kaşini öz obyektivini məcburi köçkün düşərgələrinə tərəf çevirməyə vadar edib. Onun işləri “Newsweek”, “The New York Times Magazine”, “Time” və “National Geographic” kimi nəşrlər tərəfindən dərc edilib.

Bununla bağlı Brüsseldə “Brussels Europe” Mətbuat Klubunda avropalı jurnalist auditoriyası qarşısında “Gerçəkləşməyən xəyallar: Azərbaycanın qaçqın və məcburi köçkünləri” adlı fotosərgi keçirilib. Sərgi iyunun 20-də Brüsseldə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisi tərəfindən “VII Photo Agency” Agentliyinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə çıxış edən amerikalı fotoqraf Ed Kaşi bildirib: “Mənim ailəm 1940-cı illərdə İraqdan qaçqın düşmüşdür. Biz köçkünlük faciəsinin nə olduğunu yaxşı bilirik. Təəssüf ki, qaçqın və məcburi köçkün məsələsi saysız-hesabsız ölkələrə təsir göstərmişdir. Lakin bu məsələlərin əsil səbəbləri çox vaxt kifayət qədər işıqlandırılmır. Buna məruz qalmış əhalı çox vaxt özünü itkin və ümidsiz hiss edir. Onların hamısı evlərinə qayıtmaq istəyir.

Bu fotoşəkilləri çəkməkdə niyyətim auditoriyaya real vəziyyətə statistikadan kənar baxmağa və bu məsələnin həll edilməli olduğunu anlamağa yardım etməkdir”.

Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisinin direktoru Mark Vervilghen: “BMT-nin  Qaçqınlar üzrə Ali Komissarlığının ən son statistikasına əsasən bütün dünyada qaçqın və məcburi köçkünlərin sayı ciddi şəkildə artmaqdadır və hazırda bu insanların sayı 66 milyon təşkil edir.

Bu gün TEAS-ın Benelüks ofisi bir milyona yaxın azərbaycanlının taleyini diqqətinizə çatdırır. Onlar Ermənistanın işğalçı siyasəti nəticəsində öz torpaqlarından qaçqın və köçkün düşüblər”.

Azərbaycanın Belçika və Lüksemburqda, həmçinin Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov: “Qaçqınlar bizim ətrafımızdadır, hətta Brüsselin küçələrində də. Və qaçqın məsələsi bizim hamımıza tanışdır. Bu müstəsna şəkillərdir və mən Ed Kaşinin düşərgələrdə çəkdiyi bu insanların bir çoxunu diplomatik xidmətə başlamazdan əvvəl şəxsən tanıyırdım”.

Avropa Siyasət Mərkəzinin (ASM) baş siyasi analitiki Amanda Paul: “Bu çox kədərli və həssas mövzudur. Azərbaycan adambaşına düşən ən çox qaçqın və məcburi köçkün sayına görə dünyada ikinci yerdədir. Mənim Azərbaycandan olan ikinci ailəm əslən Kəlbəcərdəndir və onlar müharibə zamanı qaçmağa məcbur olub. Hər gün ailənin, ağbirçəyi də daxil olmaqla onların fikri Kəlbəcərdədir”.


Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın