Ana səhifə / Media / Azərbaycanda tələbələrin gündəlik xərci nə qədərdir?

Azərbaycanda tələbələrin gündəlik xərci nə qədərdir?

Qiymətlər hər gün dəyişir… Bahalaşma hər sahədə hiss olunur… Hamı kimi, tələbələrin də öz qayğıları var. Bu gün tələbələr üçün əsas aktual məsələlər onların gündəlik tələbatlarıdır: ictimai nəqliyyata sərf etdiyi ödəniş, qida, geyim və digər xərcləri. Görəsən, bu günün tələbəsi birgünlük ehtiyacına nə qədər pul xərcləyir?

Modern.az saytı bu suala cavab tapmaq üçün müxtəlif universitet tələbələri ilə sorğu keçirib.

Cavablarla siz də tanış olun…

Aytac Abbaslı (Bakı Dövlət universiteti, Filologiya fakültəsinin Sabah qrupları):

“Normal günlük yemək 2 manat, nəqliyyat pulu 80 qəpik edir. Aylıq şənbə və bazar günlərini nəzərə almadan yol xərci 20 manat, yemək pulu 50 manat, kserekopiya isə 100 manat tələb edir. Çünki elə kitablar var ki, kitabxanalarda tapmaq olmur və biz də kserks etməli oluruq”.

Elşən Yəhyayev (Bakı Slavyan Universiteti, Jurnalistika və Azərbaycan filologiyası fakültəsi):

“İndi təhsil haqqını, kirayə pulunu, gündəlik ərzağa olan tələbatı hesablayanda nəticədə böyük bir rəqəm ortaya çıxır. Tələbənin gündəlik və aylıq xərci, əsasən, onun kirayə qalıb-qalmamasına və tədris vəsaitlərinə xərclədiyi pula uyğun olaraq dəyişir. Əgər tələbə özü işləyirsə, təbii ki, gündəlik xərcini özü qarşılaya biləcək. Mənim gündəlik xərcim, əsasən, tədris vəsaitlərinə və dostlarımla asudə vaxtlarımda xərclədiyim çay süfrələrinə gedir. Əgər geyimi də nəzərə alsaq, 1 aya xərclədiyim pul nisbətən artmış olur”.

Leyla Yusubova (Azərbaycan Dillər Universiteti, Filologiya və jurnalistika fakültəsi):

“Məncə tələbələrin gündəlik və aylıq xərcləri, təbii ki, onların şəhərdən, yaxud digər bölgələrdən olması ilə əlaqədər dəyişir. Məsələn, şəhərdə öz ailəsi ilə birgə yaşayan tələbə aydındır ki, kirayə qalan tələbə ilə müqayisədə daha az xərcləməyə müyəssər olur. Əgər kirayədə qalan tələbə müxtəlif məişət məsələləri ilə əlaqədar istər günlük, istərsə də aylıq ehtiyaclarını ödəməyə çalışırsa, digər tələbələr sadəcə gündəlik ehtiyaclarına, əyləncə üçün asudə vaxtlarına müəyyən miqdarda pul xərcliyirlər. Təbii ki, onları məişət məsələləri ilə əlaqəli xərclər maraqlandırmır. Tələblərin gündəlik və aylıq nə qədər pul xərclədiyini isə konkret demək olmaz. Bu onların israfçı, ya da qənaətcil olması ilə dəyişir”.

Şamxal Abbasov (Bakı Dövlət Universiteti, Fizika, Sabah qrupları):

“Gündəlik xərclər, adətən, gündən-günə fərqlənir. Təqaüd aldığın gündən növbəti dəfəyə kimi günlərin sayının artması ilə bağlı xərclər tərsmütənasib azalır. Çox pulun varsa, xərcin də çox olur. Normal olaraq günə 5 AZN-dən 2 AZN-ə kimi dəyişir. Təbii ki, bura magistr kursu, dil kursu daxil edilmir”.

Aygün Əhədova (Sumqayıt Dövlət Universiteti, Cografiyanın tədrisi metodikası):

“Deməli, aylıq 250 manat xərcləyirəm. Bunun 100 manatı kurs və dərsliklərimə, 70-80 manatı isə geyimimə. Qalan məbləğ isə yol xərci və dostlarla görüşəndə oturduğumuz məkanlara ödədiyim hesabdır”.

Rövşən Tahirov (Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi, Politologiya):

“Düzünü deyim ki, gündəlik xərclərim o qədər də çox olmur. Dərsə gedib və oradan da gəldiyim üçün yalnız yol və yemək xərclərini də əlavə etsəm, 3-4 manat arası bəs edir. Aylıq isə 100-150 manatarası mənə yetərlidir. Təbii ki, buraya kitab almaq üçün xərclədiyim pullar daxil deyil. 60-70 manat aylıq yemək və yol xərcim edir. Qalanı da həftəsonları dostlarla görüş, əyləncəyə xərclənir”.

Ləman Məmmədli (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Pedoqoji fakültə):

“Həftəyə 15 manat xərcləyirəm. Ən çox pulum kserekopiyaya çıxır. Günlük olaraq da yemək xərcim daha çoxdur. Geyimi rayona – evə gələndən-gələnə aldığım üçün ona pul xərcləmirəm. Kirayə haqqı ilə aylıq xərcim 120 manat edir. Bir də onu qeyd edim ki, pulun ən çox hissəsini ərzaqlar aparır”.

Ülvi Tağızadə (Azərbaycan Kooperasiya Universiteti, İdarəetmə fakültəsi):

“Gündəlik xərcim ən azı 2 manat edir. 1 manat ictimai nəqliyyata gedir, 1 manat isə əsasən, yemək üçün. Ayda isə ən az xərcləsəm, 80 manat və daha çox olur. Xərcin bir hissəsi isə təhsilim üçün lazım olan kitabların alınması üçün gedir və bəzən də kitabların kserekopiyası lazım olur. Buna görə də müəyyən qədər pul xərclənir”.

Şükufə Süleymanlı (Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi):

“Mənim aylıq xərcim 100-150 manat olur. Ümumiyyətlə, belə düşünürəm ki, qızların xərci oğlanlara nisbətən bir az daha artıq olur. Aldığım aylıq “stipendiya”, demək olar ki, heç bir ehtiyacımı ödəmir. Bir az artsa, daha sevindirici olar (gülür). Aylıq nəqliyyat xərcim 10 manat, kserekopiya isə 15 manat edir. Amma elə olur, kitab alıram və onda daha çox xərc çıxır”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın