Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Azərbaycanda qeydiyyata alınmamış 3 minə yaxın QİÇS xəstəsi var”

“Azərbaycanda qeydiyyata alınmamış 3 minə yaxın QİÇS xəstəsi var”

Bu günlərdə nikaha daxil olmaq istəyən şəxslərdə aşkarlanan xəstəliklərlə bağlı statistika açıqlandı. Məlum oldu ki, bir il ərzində evlənmək üçün məcburi müayinədən keçən 85 nəfərdə QİÇS xəstəliyi var. Bu isə kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, xüsusən ucqar rayonlarda rəsmi nikaha düşməyən nə qədər yeni qurulan ailə var, mövcud rəqəmin artacağı istisna edilmir. O da faktdır ki, təbliğat və sosial reklamlara baxmayaraq çoxu hələ də bu xəstəliklə bağlı məlumatsızdır. Bəs xəstəlikdən necə qorunmaq olar? Virus hansı hallarda ölümlə nəticələnir? Bu və digər sualları QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarov cavablandırıb.

 

 

– Azərbaycanda QİÇS xəstəliyi ilə bağlı vəziyyət necədir?

– Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Azərbaycan HİV infeksiyasının az yayıldığı ölkələr sırasına daxildir. Digər dünya ölkələri ilə müqayisə etdikdə, Azərbaycanda infeksiya epidemiyası təmərküzləşmə mərhələsindədir. Epidemiya ayrı-ayrı risk qrupları arasında qalmaqda davam edir. Ən böyük risk qrupu inyeksion narkomanlar, seks-biznes işçiləri, homoseksuallar və məhbuslardır. Sözsüz ki, digər körpü funksiyasını həyata keçirən insanlar da var. Bunlar homoseksualla cinsi əlaqədə olanlar, eyni şprisdən narkotik istifadə edənlər və ya onların cinsi partnyorlarıdır. Amma ümumi kütlə arasında zədələnmə dərəcəsi 0,6 faizdən aşağıdır. Müqayisə üçün deyim ki, Uqandada hər 10 nəfərdən 3-də bu xəstəlik var ki, bu da əhalinin 30 faizi deməkdir.

– Əgər 1 faizi keçmirsə, bu təhlükəli sayılmır?

– Bəli, təsnifat belədir ki, əgər hamilə qadınlar arasında HİV infeksiyasının yayılması 1 faizdən yuxarı olarsa, artıq generalizasiya mərhələsidir. Bizdə, çox şükür ki, belə bir problem yoxdur. Məqsədimiz bu epidemiyanı qruplar arasında saxlamaq və oradan geriyə qaytarmaqdır.

– Bəs qadın-kişi müqayisəsində statistika necədir?

– Azərbaycanda hal-hazırda 4854 nəfər HİV-lə yaşayan rəsmi qeydiyyatdadır. İndiyə qədər dünyasını dəyişənlərin sayı isə 746 nəfər olub. Bunlardan 638 kişi, 108 nəfəri qadındır. Kişilərin çox olması mental xüsusiyyətlərlə əlaqədardır. Bunlar inyeksion narkomanlardır.

– Yəqin ki, qeydiyyatda olmayanlar da var.

– Əlbəttə. ÜST-ün açıqlamasına görə, Azərbaycanda gizli və aşkar QİÇS-li xəstələrin sayı 8 min nəfər civarında qiymətləndirilir. Biz bunların 60-70 faizini aşkarlamışıq. Bu ondan irəli gəlir ki, müayinələrimiz geniş yayılıb və 12 mobil müayinə məntəqəmiz var. Ötən illərə nisbətən müayinələrin sayı da artıb. Ötən il 620 min, bu il isə 770 mindən çox insan müayinədən keçib.

– Bəs xəstəlik aşkarlananların sayı da artıb?

– Artım tendensiyası izlənilir. Bu rəqəm 2014-cü ildə 586 nəfər olubsa, 2015-ci ildə bir qədər artaraq 704 nəfər olub. 2016-cı ilin ilk 4 ayı ərzində Azərbaycanda yeni HİV-ə yoluxma faktı 167 nəfərdə təsdiqlənib. Ölkədə hazırda HİV-lə yaşayan insanlardan 47,7 faizi inyeksion narkotik istifadəsi, 41,6 faizi hetereseksual, 1,8 faizi isə homoseksual kontakt, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi isə donor qan köçürülməsi nəticəsində yoluxub. 7 faizdə isə yoluxma yolu məlum deyil. Bu xəstəliyin xüsusiyyəti elədir ki, nə qədər tez aşkar olunsa, biz o qədər tez müdaxilə edə bilirik.

– Siz mobil məntəqələr haqqında dediniz. Bunlar Bakıda yerləşir?

– 6-sı Bakıda, digərləri isə Sumqayıt, Yevlax, Gəncə, Şirvan, Lənkəranda yerləşir. Biz QHT-lərlə bir yerdə işləyirik. Onlarla risk qrupları arasında əməkdaşlıq olduğuna görə, bizə kömək edə bilirlər. Çünki seks-bizneslə məşğul olanın və ya narkomanın müayinəyə gəlməyə vaxtı və həvəsi olmur. Biz müayinəni statistika aparmaq üçün istifadə etmirik. Həm də məqsədimiz epidemioloji zənciri qırmaqdan və başqalarına keçirməməkdən ibarətdir. Artıq narkomanlar arasında bu epidemiyanın yayılmasının sayı azalır.

– Bəs sizcə, Azərbaycanda bu xəstəliyin müalicəsinə fikir verilməlidir, yoxsa profilaktikasına?

– Bura QİÇS-lə mübarizə mərkəzidir. Mübarizə dedikdə, bura həm xəstəliyin profilaktikası, həm də müalicəsi daxildir. Artıq 2012-ci ildən ÜST də qeyd edir ki, dərmanı içmək həm də profilaktikadır. Dərman qəbul edən zaman xəstəliyin virus yükü aşağı düşür. Bu zaman o, ətraf üçün təhlükəsizdir. Çünki virusun başqasına keçməsi üçün müəyyən hədd var. Biz 100 dəfələrlə virusa yoluxmanı aşağı salırıq. Bu zaman sağlam qadın virusa yoluxmadan uşaq dünyaya gətirə bilər. 80 belə sağlam doğulan uşağımız var. Biz heç bir QİÇS xəstəsinə deyə bilmərik ki, sağlam insanla ailə qurmasın. Amma sağlam insanı bu virusa yoluxduranlar cinayət məsuliyyəti daşıyırlar.

Əvvəllər insanlar dərman içməmək üçün bəhanə gətirirdlər ki, uzaq rayonda yaşayırlar və gəlib-getmək çətindir. Biz onlara yol pullarını da verirdik. Amma indi rayonlarda regional ART mərkəzlərimiz var və dərman orada paylanır. Qubada, Şəkidə, Gəncədə, Şirvanda, Lənkəranda, Naxçıvanda belə mərkəzlər var. Əslində bəzi xarici ölkələrdə bu dərmanlar pulla verilir. Və bunlar çox bahalı dərmanlardır. Amma biz belə dərmanları xəstələrə pulsuz paylayırıq.

Bir də onu qeyd edim ki, tanıdığım bir ailədə bir neçə il öncə HİV virusu tapılmışdı. Ər və arvad hər şeylərini satıb Türkiyəyə getdilər və orada yaşamağa başladılar. Amma bir neçə ildən sonra müflis olub qayıtdılar. Müalicələrinə 1 milyon manatdan çox vəsait xərcləmişdilər. Çünki Türkiyədə digər ölkə vətəndaşlarına bu dərmanlar pulludur. Sonradan bizdə pulsuz müalicəyə başladılar və hazırda bizdə qeydiyyatdadırlar.

– Yəqin ki, indiyə qədər ağrılı xatirəsi olan pasientləriniz olub.

– Çox belə pasientlərim olub. O qədər ağrılı motivlər var ki… Məsələn, bir neçə misal çəkə bilərəm. Mən işə təzə başlamışdım. O zaman iki bir-birinə yaxın rayonun kuratoru idim. Məlumat gəldi ki, iki hamilə qadında QİÇS virusu tapılıb. Təcili həmin rayonlara getdim. Birinci rayondakı qadının 17 yaşı var idi. Təzə ailə qurmuşdu, virus isə ona ərindən keçmişdi. Anası ilə gələn bu gənc qadın nə baş verdiyini anlamırdı. Anası mənə danışdı ki, qızını qonşunun oğluna ərə verib.

Məlum oldu ki, qonşunun oğlu Rusiyaya gedib, bir neçə il orada yaşayıb və işləyib. Qayıdanda bir “07” alıb, evlərinin fasadını təmir etdirib. Ana da düşünüb ki, bu oğlanın imkanı yaxşıdır, həm də orta məktəbdə oxuyanda qızından xoşu gəlirmiş. Tələsik 17 yaşında qızı həmin oğlana ərə verib. Elə qonşu rayonda da eyni vəziyyət idi və buradakı hamilə qadının 18 yaşı var idi. Bu hadisələr mənə çox təsir elədi. Anlaya bilmirdim ki, bizdə valideynlər illərlə çətinliklə böyütdükləri övladlarını nəyə görə pula, avtomobilə aldanıb ərə verirlər. Heç kim qızlarını etibar etdikləri şəxsin sağlamlığı ilə maraqlanmır.

Daha bir pasientim də uzun müddət Rusiyada yaşayan qadın idi. Məlum oldu ki, həyat yoldaşı qadına xəyanət etdiyinə görə, o da ərinin acığına başqa bir azərbaycanlı kişi ilə əlaqədə olub. Mənə həmin kişinin narkoman olduğunu dedi. Həmin təsadüfi əlaqə bu qadının həyatını məhv etmişdi. Artıq neçə ildir ki, müalicə alır. Ümumiyyətlə, bir çox xəstələr bu virusa yoluxduqlarını eşidəndə çox sarsılırlar. Hətta özünü öldürmək istəyənlər olur, amma biz onlara kömək edirik və bu fikirdən daşındırırıq.

– Yəqin ki, bu sahədə çalışan həkimlər üçün ən çətin iş QİÇS xəstəsinə onun diaqnozunu söyləməkdir.

– Bəli. Bu xəstələrə virusa yoluxduqlarını demək çox çətindir. Bizdə işləyən həkimlərə buna görə psixoloji kurslar keçilir. Mən insana suallar verəndə bilirəm ki, onda bu xəstəliyin tapılma ehtimalı çox azdır. Onunla nikbin danışıram. Bəzən də narkomanı gətirirlər və danışmamış belə başa düşürəm ki, bu insanda QİÇS olma ehtimalı çox böyükdür. Ona da deyirik ki, bu dünyanın sonu deyil və xəstəliyin müalicəsi var.

– HİV virus özünü nə vaxt büruzə verir?

– Bu xəstəliyin 4 mərhələsi var. Bədən xəstəliyə yoluxur və iyirmi gündən sonra ona reaksiya verir. Temperatur qalxır, tərləmə olur, qripəbənzər xüsusiyyətlər özünü göstərir, iştahasızlıq olur. 10-15 gün diarreya (ishal) ola bilər. Heç bir dərman da kömək eləmir. 15-20 gündən sonra bədən buna reaksiya verir və virusların hamısını öldürür. Əslində viruslar ölmürlər, sadəcə gizlənirlər. Bir müddətdən sonra yenidən üzə çıxmağa başlayırlar. Bəzən bu 5-10 ilə qədər çəkir. Yalnız ildırımvari formalarda bir il ərzində özünü göstərir.

5-10 ildən sonra üçüncü mərhələ başlayır. Həkimlər müalicəni tapa bilmirlər. Yəni çox vaxt həkimlər bunun HİV olmasından şübhələnmirlər. Bunlar keçəndən sonra 4-cü mərhələ başlayır. Bu QİÇS-dir, amma bu proses ümumilikdə İİV virusudur. İnsanlar gec xəbər tutduqlarına görə, xəstəlik ağırlaşmış olur və birinci mərhələdə zəif dərmanlarla müalicə olunurdusa, ikinci mərhələdə verilən dərmanlar ağır olur. Digər orqanlara da təsir edir və onları sıradan çıxarır. Bəzən xəstəlik qalır qıraqda, dərman insanı məhv edir.

– QİÇS xəstəliyindən sağalmaq mümkün deyil?

– Yox, bu sağalan xəstəlik deyil. Amma 72 saat ərzində müraciət olunarsa, yoluxmanın qarşısını almaq olar. Həmin insana antiretrovirus preparatları vermək lazımdır. Bununla bağlı bizim mərkəzə müxtəlif insanlar, o cümlədən, tibb işçiləri tərəfindən dəfələrlə müraciətlər olunub və şükürlər olsun ki, vaxtında qarşısı alınıb. Məsələn, bir xəstəxanada tibb işçisinə QİÇS-li xəstənin yastığının arasında olan şpris batmışdı. Biz onun yoluxmasının qarşısını aldıq.

– Bəs Azərbaycanda bu xəstəliyin milli özəlliyi nədir?

– Azərbaycan QİÇS xəstəliyinin yayıldığı Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxildir. Bizdə QİÇS-ə yoluxanların əsasən inyeksiyan narkotik istifadəçiləridir. ABŞ-da ilk dəfə İİV homoseksuallar arasında yayılıb. Bu gün rəqəmlərə baxanda, Azərbaycanda homoseksual yolla yoluxma halı çox deyil. Lakin əvvəlki illərdə bu hal heç olmurdu, indi isə artıq var. Bu məlumatsızlığın bir səbəbi də maarifsizlikdir.

– Bizdə xəstəliyin ən çox yayıldığı bölgələr hansılardır?

– Statistikaya baxsaq, ən çox İİV-li xəstə Bakıdadır. Lakin bunun səbəbi paytaxtda əhalinin sayının çox olması ilə əlaqədardır. Hər yüz min nəfərə düşən xəstə sayını nəzərə alsaq, Bakıda xəstə sayı çox deyil. Bölgələrə gəldikdə, Şirvan, Hacıqabul, Lənkəran, Masallı, Yevlax, Sumqayıt, Göyçay, Astara kimi regionlarda daha çox yayılıb. Bunun da səbəbi həmin bölgələrin narkomaniyanın tranzit yolu olması, narkotik istifadəçilərinin üstünlük təşkil etməsidir.

 

– Mən bu epidemiya haqqında ilk dəfə danışan amerikalı həkim Maykl Qottlibin müsahibəsini oxumuşdum. O, xəstələri arasında çoxlu tanınmış insanların olduğunu demişdi. Onun sözlərinə görə, bir çox dünya şöhrətli insanlar var ki, onlar bu xəstəlikdən ölür, amma heç kim onlarda İİV virusunun olduğunu bilmir. Bizdə də yəqin ki, sizin xəstələriniz arasında belə tanınmışlar var?

– Yox, mənim xəstələrim arasında belə tanınmış adamlar yoxdur. Amma olsa belə bunlar anonim qalır. Hətta hansısa məclisdə, küçədə belə onları görəndə biz özümüzü görməməzliyə qoyuruq. Çünki onların icazəsi olmadan bu barədə danışmaq həkim etikasına ziddir.

– QİÇS xəstələri ilə bağlı məlumatlar anonim saxlanılır. Amma sizə elə gəlmirmi ki, bu anonimliyi qorumaqla biz sağlam insanların haqqını pozmuş oluruq. Çünki qarşısındakının QİÇS-li xəstə olduğunu bilmək onların da haqqıdır. Biz bilirik ki, bir çox hallarda həmin xəstələr tərəfindən sağlam insanlar bilərəkdən və ya bilməyərəkdən yoluxdurulur.

– Doğrudur, həmin xəstələr anonim saxlanılır. Amma biz onları xəbərdar edirik ki, bu barədə müəyyən məqamlarda məlumat versinlər. Amma o da düzdür ki, bunu onların öz vicdanlarına buraxmaq düzgün deyil. Çünki, heç kim təminat vermir ki, həmin xəstə hansısa məqamda özünü vicdanlı aparacaq və bu barədə məlumat verəcək. Amma əgər bu virusa yoluxmuş şəxs bilərəkdən digər insanı yoluxdurursa, bu cinayətdir və o, məsuliyyətə cəlb oluna bilər.

– Bir məqam da mənim üçün maraqlıdır. QİÇS virusu ilə bağlı həkimlərin mülahizələri heç də birmənalı deyil. Məsələn, mən dünyada QİÇS xəstəliyinin olmadığını, bunun tarixən mövcud olan immun çatışmazlığı olduğunu və bununla insanlarda xof yaradıldığını iddia edən həkimlərlə bağlı oxumuşam. Sizin bu fikirlərə münasibətinizi bilmək istərdim.

– Bəli, təəssüf ki, belə fikirlər var. Amma bu kökündən yanlışdır. Çünki İİV virusu yoluxur. Əgər bu həmin həkimlərin dediyi kimi, immun çatışmazlığı olsaydı, bir nəfərdə olardı və axıra qədər də onunla gedərdi. Amma bu xəstəlik yoluxur. Biz elə həkimlərə deyirik ki, o zaman götürün QİÇS-li xəstənin qanını şprislə özünüzə vurun. Əlbəttə, onlar bunu etməyəcəklər.

Virtualaz.org

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın