Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Media / Azərbaycanda görünməmiş saxtakarlıq: Mətbuatda reytinq davasını kim və niyə qızışdırır…

Azərbaycanda görünməmiş saxtakarlıq: Mətbuatda reytinq davasını kim və niyə qızışdırır…

Uzun sözün qısası, Azərbaycanda kimlərsə onlayn medianı saxta reytinq müharibəsinə təhrik edir, bundan pul qazanır və nəticədə dünyanın öncül media texnoloqlarını belə heyrətə gətirə biləcək vəziyyət yaranır.

Bəzi saytlar trafik statistikasına o qədər aludə olublar ki, bir sıra vacib göstəricilər üzrə Google və ya Facebook kimi nəhəngləri də geridə qoyublar. Görünən budur ki, onlayn medianı kurasiya edən kimlərsə məqsədli şəkildə bir sıra saytları buna təhrik edirlər və sonra da yuxarılara yalan hesabatlar verərək öyünürlər: “Bizim kurasiya etdiyimiz saytlar öndə gedir”. Təbii ki, son məqsəd maliyyədir.

Amma bu mövzuda “uzun sözün qısası” yetərli deyil – mənzərəni detallara xırdalamaq lazım gələcək. Mövzudan uzaq olan oxuculamızın vəziyyəti yaxşı başa düşməsi üçün müəyyən nəzəri izahata ehtiyac var.

Təsəvvür edin ki, bir sayta daxil olursunuz – 1, 2 və ya 3 xəbər oxuyub, yaxud gözucu baxıb çıxırsınız. Bu zaman siz 1 unikal ziyarətçi sayılırsınız, oxuduğunuz xəbər sayı isə bir ziyarətə düşən səhifələmə sayıdır. Bundan başqa saytda gəzişdiyiniz müddət isə unikal ziyarət müddəti kimi qeydə alınır. Beləcə, bütün ziyarətçilər üzrə göstəricilər ortaya çıxır, treking (izləmə) xidməti göstərən şəbəkələr bu göstəriciləri birləşdirib orta rəqəmlər çıxarırlar: sutkalıq, həftəlik aylıq və s. statistika, bir ziyarətə düşən səhifələmə sayı, orta ziyarət müddəti və s.

Səhifələmə və orta ziyarət müddəti vacib rəqəmlərdir. Xüsusən də Google Adsense kimi reklam şəbəkələrinə qoşulan saytların gəlirləri bu göstəricilərilərdən çox asılıdır. Bu rəqəmlər artdıqca gəlirlər də əhəmiyyətli dərəcədə artır. Bu üzdən dünyada bütün saytlar həmin göstəriciləri real olaraq artırmaq üçün hər zaman yollar axtarırlar, bu məqsədlə peşəkarlardan ibarət komanda saxlayırlar. Amma nə fayda?.. Bu göstəricilərdə Azərbaycan saytlarının heç ayağının tozuna da çata bilmirlər. İndi görərsiniz…

Azərbaycanda Facebook-a, Google-a və dünya mətbuatına meydan oxuyanlar

Google-un əlavəsi olan bir şəbəkə var – Similarweb. Bu şəbəkə saytların Google Analytics hesablarından bəzi məlumatları açıqlayırlar. Göstəricilərin müqayisəsi dünyanın onlayn nəhənglərini “rüsvayçı” vəziyyətə salır. Belə görünür ki, Azərbaycan saytlarından öyrənəcəkləri çox şeylər var.

Əziz oxucu, yəqin ki, gün ərzində Facebook-da xeyli vaxt keçirirsən. Kimsə bu sosial şəbəkədə, sadəcə, bir neçə dəqiqə, kimsə yarım saat, kimsə bir saat, kimsə də saatlarla vaxt keçirir. Facebbook-da yatıb, Facebook-da oyananlar da kifayət qədərdir. Blirsinizmi, Facebook-un orta ziyarət müddəti nə qədərdir? Deyək, xəbəriniz olsun: 11 dəqiqə 14 saniyə.

Əziz oxucu, yəqin ki, gün ərzində Google-da çoxlu axtarışlar edirsən. Axtardığını tapmaq üçün saytda gəzib-dolaşırsan. Hətta brauzerdə bir saytın adını səhv yazdığında belə brauzer səni Google-a yönəldir. Bütün bunlardan sonra Google.com saytının orta ziyarət müddəti 10 dəqiqə 38 saniyə təşkil edir.

Əziz oxucu, ola bilsin ki, “BuzzFeed.com” domen adı sizə heç nə demir. Amma bu, viral medianın pioneridir. “Viral” virus sözündən götürülüb, amma burada “virus yayan” anlamına gəlmir. “Virus kimi yayılan” anlamında işlədilir. Başqa sözlə, insanları virus kimi yoluxduran, şəbəkədə sürətlə yayılan, sürətlə özünə çoxlu azarkeş toplayan saytlara və materiallara “viral” adı verirlər. Şəbəkəyə bu müdia növünü gətirən həmin o BuzzFeed-in orta ziyarət müddəti 3 dəqiqə 7 saniyədir.

Əziz oxucu, yəqin ki, “Wall Street Journal” (wsj.com) nəşrini də tanıyırsan. Oxumasan da, tanımamş olmazsan. Maliyyə bazarları barədə insayder təhlillər yazan bir saytdır. Milyonlarla daimi oxucuları və abunəçiləri var – saytda oturub təhlilləri oxuyurlar. Orta ziyarət müddəti, sadəcə, 2 dəqiqə 58 saniyə…

Əziz oxucu, əgər dünyanın hansı tərəfə fırlandığını bilirsənsə, o zaman “New York Times” (nytimes.com) nəşrini mütləq tanıyırsan. Bütün dünyanın izlədiyi bir nəşrdən söhbət gedir. Dünya mediasının gündəmini təyin edib dəyişə bilən bir nəşr… və orta ziyarət müddəti 2 dəqiqə 25 saniyə.

Amma bu qlobal xəbər nəşrləri heç cür Azərbaycan saytlarına “çata” bilmirlər. Lazımsız reytinqlərin ön sıralarında gedən Baku.ws saytında bu göstərici 5 dəqiqə 55 saniyədir.

Hələ bu harasıdır! Məsələn, Milli.az saytında orta ziyarət müddəti 7 dəqiqə 35 saniyə təşkil edir.

İndi isə stulda möhkəm oturun və ya divanda sakit uzanın ki, diksinib yıxılmayasınız: Oxu.az saytında orta ziyarət müddəti 10 dəqiqə 40 saniyə təşkil edir!

Əziz oxucu, indi izah et görək axı niyə sən Facebook-da və Oxu.az-da eyni qədər vaxt keçirirsən? Əziz oxucu, axı niyə sən bu xəbər portalında Google-dan daha çox vaxt itirirsən?

Və o saytlardan soruşmaq istəyirik: Əgər bu, dürüst bir statistikadırsa, Allah xatirinə, niyə ömrünüzü xəbər saytlarında çürüdürsünüz? Nədən bu media innovasiyalarına görə Nobel mükafatına iddia etmirsiniz?

Orta ziyarət müddəti vacib göstəricidir. Reklam gəlirlərində böyük fərq yaradan rəqəmdir. Bu rəqəmi yalnızca 10-20 saniyə artırmaq böyük səylər tələb edir. Dünya nəhəngləri bu rəqəmi məsələn, 30 saniyə artırmaq üçün peşəkar heyətlər cəlb edirlər və illərlə çarpışırlar. Siz ki bunun rahat yolunu tapmısınız, bu boyda istedadla niyə Azərbaycanın mənasız reytinqlərində ilişib qalmısınız?

Dünyanın media nəhəngləri nədən bizə çata bilmirlər…

Bu, yeganə şübhəli rəqəm deyil. Treking kodları ziyarətlərin mənbəyini də qeydə alır. Yəni istifadəçinin sayta haradan gəldiyini müəyyən edir. Adətən, sadiq izləyiciləri olan populyar saytlarda direkt (ingilicsə “direct” – birbaşa) ziyarətlərin sayı çox olur. Sonrakı yerlərdə sosial şəbəkələr və axtarış maşınlarından ziyarətlər gəlir.

Direkt ziyarətlər iki formada baş verə bilər:

1) İstifadəçi brauzeri açır, ünvan sətrinə saytın adını yazır və birbaşa sayta daxil olur.

2) Sayt robot proqramlar vasitəsilə serverlərdən, yaxud başqa saytlardan və ya provayderlərdən saxta trafik alır. Trafikin bu növü də trekinq zamanı “direkt” olaraq qeydə alınır.

İndi isə müqayisəli rəqəmlərə baxaq:

Direkt ziyarət payı “Forbes”-da 13,63 faiz, “BuzzFeed”-də 35 faiz, “Washington Post”-da 44.15 faiz, “New York Times”-də 48.32 faiz.., Oxu.az-da 67,83 faiz təşkil edir! Başqa sözlə, Azərbaycanda insanlar yuxudan oyanan kimi əl-üzünü yumadan gözlərini ovuşdura-ovuşdura birbaşa bu sayta daxil olurlar. Əgər buna inanmırsınızsa, onda yuxarıda göstərdiyimiz 1-ci varianta inanın. Seçim etməyi öz ixtiyarınıza buraxırıq.

Saytlarımız o qədər “maraqlıdır” ki, girən çıxa bilmir…

Başqa bir rəqəm isə bir ziyarətə düşən səhifələmə sayıdır. Yəni orta hesabla bir ziyarətçi neçə xəbər oxuyub…

Dünyada reklamverənlərin əhəmiyyət vermədiyi bir şəbəkə var – Alexa. Azərbaycanda isə bu reytinqdə öncüllük uğrunda ölüm-dirim mübarizəsi gedir. Bu şəbəkənin qüsuru ondadır ki, reytinqi unikal ziyarətçi sayına görə yox, ümumi səhifələmə sayına görə tərtib edir. Təsəvvür edin ki, sizin saytınıza gün ərzində 100 adam gəlib və orta hesabla hərəyə 2 xəbər oxuyub çıxıblar – cəmi 200 səhifələmə. Başqa bir sayta isə gün ərzində 40 adam daxil olub və hərəyə orta hesabla 6 xəbər oxuyub çıxıblar – cəmi 240 səhifələmə. Alexa reytinqində o sayt sizdən öndə olacaq. Elə ona görə də səhifələmə statistikası dünyada olmasa da, Azərbaycanda cəbhə xəttinə çevrilib. Dünyada bu sadəcə, reklam gəlirlərini artırmaq üçündür.

Bir ziyarətçiyə düşən orta səhifələmə sayı ilə bağlı rəqəmlərə baxaq:

Facebook  – 10.2, Google – 8.38, “Washington Post” – 2.73, “BuzzFeed” – 2.47, “New York Times” – 2.25,  “Forbes” – 2.03.., və Oxu.az – 4.69. Diqqət edin, dünyanın populyar viral və xəbər saytlarının heç biri bu məsələdə bizimkilərə çata bilmirlər. Yeri gəlmişkən, bu rəqəmlər ötən aylara aiddir. Müşahidələrimizdən belə görünür ki, hazrıda bizimkilər bu rəqəmi əhmiyyətli dərəcədə artırmağa “nail” olublar.

Bu işin arxasında kimlər və niyə dayanır…

Ümumiyyətlə, “Liveinternet reytinqi” adlanan siyahıda ilk 20-likdə yer alan saytların ən azı 15-i reallıqda heç ilk 50-likdə yer ala bilməyəcək saytlardır. Amma görünür, kimlərsə bu lazımsız reytinqi “lazımlı” hala gətirib. Müşahidələrdən belə görünür ki, hansısa media kuratorları öz rəhbərliklərini aldatmaq üçün məqsədli şəkildə bu reytinqləri və orada görünən rəqəmləri şişirdirlər. Belə görünür ki, kuratorlar öz rəhbərlərinə “rəqəm” satmaqla məşğul olurlar.

Əgər “populyar” elan olunmuş saytların ictimai rəydə rolu sıfırın üstündə yer alıbsa, təəccüblənirik!..

Elmidar Əliyev, AzToday.az

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …